Onlayn ictimai-siyasi qəzet
Sağlam həyat tərzi hər kəs üçün əlçatan olmalıdır. Lakin son illərdə idman zallarına üzvlük haqlarının və sağlam qidaların qiymətlərinin artması bir çox insanın bu istiqamətdə addım atmasını çətinləşdirir.
Bəs bu bahalaşma əhalinin sağlamlığa yatırım etməsinə və sağlam həyat tərzini davam etdirməsinə necə təsir göstərir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, sağlam həyat tərzinin formalaşmasına bu amil mənfi təsir göstərir:
"Bir çox Avropa ölkəsində bələdiyyələrin tabeliyində fəaliyyət göstərən idman zalları və məşq məkanları vətəndaşlar üçün ödənişsiz olur. Bu xidmətlər insanların sağlamlığının qorunması və idmana əlçatanlığın artırılması məqsədilə bələdiyyələr tərəfindən maliyyələşdirilir. Azərbaycanda isə bələdiyyə institutu kifayət qədər zəif olduğundan bu sahədə əsas yük özəl sektorun üzərinə düşür. Özəl müəssisələr də fəaliyyətlərini bazar prinsipləri əsasında qurduqları üçün qiymətləri özləri müəyyən edirlər və dövlətin bu qiymətlərə birbaşa müdaxilə etməsi mümkün deyil. Dövlət bu məsələdə yalnız alternativ yarada bilər. Məsələn, dövlət hesabına ödənişsiz idman zalları və açıq məşq məkanları yaradılarsa, insanlar bu xidmətlərdən pulsuz istifadə edə bilərlər. Belə bir rəqabət mühiti formalaşdığı halda isə özəl idman zalları da müştərilərini itirməmək üçün qiymətlərini aşağı salmağa məcbur qala bilərlər", - deyə o qeyd edib.
Beləliklə, idman xidmətlərinin bahalaşması idmanı kütləvi olmaqdan çıxararaq lüksə çevirir və bu problemi həll etmək üçün pulsuz alternativ məkanların yaradılmasına böyük ehtiyac var.
08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ