İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın müxalifət partiyasından bir ilk - REAKSİYA

Azərbaycanda fəaliyyət göstərən REAL partiyası uzun müddətdir ki, gənclər təşkilatından imtina edib.

Modern.az-a bu barədə açıqlama verən partiya sədri Natiq Cəfərli bu addımın səbəblərini də izah edib.

“Partiyanın gənclər təşkilatı yoxdur. Bu, partiyanın öz qərarıdır. Onsuz da, partiyanın özü daha çox gənclərdən ibarətdir. Ona görə ayrıca gənclər təşkilatı yaratmağa ehtiyac yoxdur. Gənclər təşkilatı hərəkat dövründə vardı, üzvlərin sayı 800 nəfərdən ibarət idi. Gənclərin öz təşəbbüsləri olur, biz də iştirak edirik. Amma qadın və gənclər bölməsi artıq dünyada qəbul olunmur. Partiyanın vahid bir orqanizm kimi layihələr üzərində işləməsinə üstünlük verir. Azərbaycanda da REAL Partiyası olaraq, ilk və yeganə partiyayıq ki, layihələr, yəni mövzular üzrə işləyirik”, - o deyib.

Qadın və gənclər təşkilatı həqiqətən də köhnəlik aləmətdir və buna görə onlara ehtiyac yoxdur?

AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, rəhbərlik etdiyi partiyanın Gənclər Təşkilatı var:

“Şənbə günü Gənclər Təşkilatının toplantısı keçiriləcək və yeni strukturlarının formalaşdırılması prosesinə hazırlıq mərhələsindəyik. Struktur dəyişikliklərinə gedilməsinə ehtiyac var. Hesab edirəm ki, gənclər partiya üçün lazımdır. AMİP-in Qadınlar təşkilatı da var. Hesab eləmirəm ki, partiyalar üçün Gənclər və Qadınlar təşkilatları artıq keçmişdə qalıb, keçmiş ənənələrə söykənir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirib ki, siyasi partiya cəmiyyətin kiçik modelidir. Cəmiyyətdə hansı xətlər, hansı proseslər varsa o da partiyada öz əksini tapmalıdır:

“Əgər hansısa xətt kənarda qalırsa hesab edirəm ki, o zaman partiyanın fəaliyyətində bir yarımçıqlıq yarana bilər. Partiyanın hər istiqamətdə fəaliyyət göstərən strukturları olmalıdır. Bizim partiyamızda Gənclər Şurası və Qadınlar Şurası mövcuddur. Bu, effektli bir formadır. Gənclər öz aralarında müəyyən məsələləri müzakirə eləməlidirlər. Eləcə də qadınlar. Təşəbbüskarlıq üçün bu amil effekt verir”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə deyib ki, rəhbəri olduğu partiyanın gənclər və qadınlar təşkilatı fəaliyyət göstərir. Partiyanın həyatında, fəaliyyətində gənclər və qadınların əhəmiyyətli çəkiyə malik olması işin xeyirinədir.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, partiya idarəçiliyi artıq klassik metodlardan çıxıb:

“Əvvəllər Azərbaycanda partiya anlayışı daha çox kommunizm dönəmindən və milli azadlıq hərəkatının ilk illərindən yaranan anlayışlar üzrə idi. Amma artıq zamanın diktə elədiyi şərtlər var ki, inkişaf eləmək istəyən partiyalar ona uyğunlaşır. Bu, o demək deyil ki, hamı qadınlar təşkilatından və gənclər təşkilatından imtina eləməlidir. Partiyaların yaranma məqsədi hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlməyin də yolları var. Xalqla işləmək, öz proqram və ideyalarını bütün cəmiyyətə tanıtmaq ənənəvi qaydalardır. Lakin bunu hansı vasitələrlə etmək partiyaların öz daxili işidir. Hər partiyanın özünün taktikası və strategiyası var. Bizim də bir çox məsələlərə yanaşmamız bir çox partiyaların yanaşmasından fərqlidir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR