İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kreditlər UCUZLAŞACAQ?

Azərbaycan bank sektorunda son dövrlər həm tənzimləmə, həm də struktur baxımından bir sıra dəyişikliklər baş verir. Mərkəzi Bank bankların kapital və kapital adekvatlığı qaydalarını Bazel III standartlarına uyğunlaşdırıb, yeni kapital buferlərinin tətbiqinə başlayıb. Banklara yeni tələblərə tam uyğunlaşmaq üçün 2026-cı ilin sonunadək keçid dövrü verilib. Eyni zamanda, banklarda stress-testlərin aparılması üzrə vahid tənzimləmə çərçivəsi qəbul edilib və kredit, likvidlik, əməliyyat və bazar risklərinin idarə olunmasına dair qaydalarda dəyişikliklər edilib.

e82fdbfd-e222-39bc-a57d-667c8dab713c_1200.jpg (107 KB)

Sektorun strukturunda da dəyişikliklər müşahidə olunur. Məsələn, 2026-cı ilin iyulunda “Bank BTB”nin bank lisenziyası ləğv edilərək bankın qeyri-bank kredit təşkilatına çevrilməsi prosesi başa çatıb. Bu da bank bazarında oyunçuların sayının və strukturunun dəyişdiyini göstərən son nümunələrdəndir. Belə bir şəraitdə Azərbaycan bank sektoruna xarici kapitalın marağının artması ayrıca diqqət çəkir. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu vasitəsilə Oman İnvestisiya İdarəsinin “Azər-Türk Bank”ın kapitalında strateji, lakin nəzarət payı yaratmayan iştirak əldə etməsi nəzərdə tutulur. Potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır və bu halda bankın nizamnamə kapitalı artırılacaq.

Məsələ xüsusilə ona görə maraqlıdır ki, bank sektorunda rəqabət, kapitalın gücləndirilməsi və yeni investorların bazara cəlb edilməsi fonunda xarici sərmayənin konkret banka daxil olması digər banklar üçün də rəqabət mühitinə təsir göstərə bilər.

Xarici kapitalın iştirakı bankların fəaliyyətində hansı dəyişikliklərə səbəb ola bilər? Bu proses müştərilərə təqdim olunan kreditlərin faizlərinə, müddətinə və şərtlərinə təsir göstərə bilərmi? 

7794584.jpg (141 KB)

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a bildirib:

“Əlbəttə, bank sektorunda rəqabətli mühitin yaradılması və xarici investorların bu prosesdə iştirakı çox vacibdir. Ölkəmizdə bank sektorunun çatışmayan tərəflərindən biri rəqabətli mühitin zəif olmasıdır. Çünki sistemqurucu iri bankların sayı cəmi dörd-beşdir, geridə qalanlar isə rəqabət aparmaqda çətinlik çəkən daha kiçik banklardır. Xarici bankların hər hansı formada bazara daxil olması rəqabətli mühiti canlandıra bilər. Bu da müştərilər üçün kifayət qədər müsbət haldır. Rəqabət artarsa, böyük ehtimalla kredit məhsullarının faiz dərəcələri, müddəti və şərtlərində yeniliklər olar ki, bu da pozitiv yanaşmadır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR