İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İsrail prezidentlərinin bəyanatlarından çıxan mühüm nəticələr – təhlil

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanda səfərdə olarkən həm o, həm də Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm bəyanatlar, mesajlar verdilər, ciddi strateji sənədlər imzaladılar.

Burada xüsusi qeyd edilməli bir məsələ də dövlət başçımız və İ.Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması oldu.

tibbi.jpg (121 KB)

İ.Əliyev "İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir" - deyə bildirib: "Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq. Çünki baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.

seferr.jpg (111 KB)

Ölkə başçısı onu da bildirib ki, İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir: “Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var”.

İ.Əliyev uzun illərdən sonra İsraildə açdığımız səfirliyimizdən də danışıb: “Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Azərbaycan Prezidentinin bu fikirləri də diqqət çəkib: “Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir”.

Dövlətimizin başçısı onu da söyləyib ki, İsraillə müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.

israil son.jpg (185 KB)

Azərbaycan rəhbəri qarşılıqlı turist axınının səviyyəsi artırılacağını da bildirib: “Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır”.

Ali Baş Komandan yəhudi məsələsinə də toxunub: “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.

İsrail Prezidenti isə onu qeyd edib ki, regionda təhlükəsizlik strukturunu təhdid edən ölkə İrandır: “Biz bununla bağlı da geniş müzakirə apardıq”, - İsrailin dövlət başçısı qeyd edib: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.

Azərbaycan liderinin ona Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə danışdığını vurğulayan İ.Hersoq deyib: “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.

Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq yəhudi icması ilə görüşüb.

"Bu səhər mən Azərbaycanda qədim yəhudi icması ilə görüşdüm. Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir", - görüş zamanı Hersoq qeyd edib.

Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İ.Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

teyyare.jpg (135 KB)

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Hersoqun Azərbaycana rəsmi səfəri önəmli hadisədir:

elcin.jpg (272 KB)

“Hətta təsadüfi olsa da belə səfərin Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turundan sonra baş tutması, xüsusilə diqqət çəkir: “Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edən ilk dövlət başçılarından biri də İsrail Dövlətinin başçısı olmuşdu...Hersoqun Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu qeyd etməsi, qənaətimə görə, səfərin və aparılan müzakirələrin mahiyyətinin ortaya çıxarılması üçün açar ifadə sayıla bilər. Azərbaycan təkcə enerji və nəqliyyat dəhlizlərinin deyil, geosiyasi uzlaşmaların da habına çevrilməkdədir. Həm coğrafi mövqeyimiz, həm də sahib olduğumuz dəyərlər geniş bir ərazidə yeni əməkdaşlıq platformalarının yaradılmasına və real təsir gücünə malik təsisatlara çevrilməsinə imkan verir. Bu xüsusda Azərbaycanın türk və islam dünyası ilə Qərb sivilizasiyası arasında birləşdirici körpü rolunu gerçəkləşdirə biləcək potensialına xüsusi nəzər salmaq lazımdır. Bu bağlamda, Azərbaycan, hətta İsrail-Fələstin münasibətlərinin tənzimlənməsi prosesində də platformaya çevrilə bilər. Molla rejimini narahat edən amillərdən biri də budur. İranın mövcud bölücü teokratik rejimi üçün Fələstin məsələsi əsas ideoloji tutarğac rolunu oynayır və mollalar İsrail-Fələstin münasibətlərinin tənzimlənməsində qətiyyən maraqlı deyillər. Çünki bu problem həll olunan kimi molla rejiminin təməl ideoloji sistemi darmadağın olacaq və rejimin əsas “oyuncağı” əlindən çıxacaq. İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturunu təşkil edən amillərdən biri də molla rejiminin İsrail-Fələstin məsələsi üzərindən islam aləmini daim gərginlikdə saxlamaq, öz sərhədlərindən kənarda süni qarşıdurmalar yaratmaqla, yaxud mövcud ziddiyyətləri stimullaşdırmaqla öz mövcudluğunu qoruyub saxlamaq, sivilizasiyalar arası dialoqa imkan verməməkdir. Molla rejimi Samuel Hantinqtonun “Sivilizasiyalar arası” islam aləmində qarşıdurma nəzəriyyəsinin əsas icraçılarından biridir və bu rejim sıradan çıxarılmayınca Avrasiyada davamlı sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyil. Bu xüsusda, Azərbaycan və İsrailin sivilizasiyalararası dialoq müstəvisində atacaqları addımların həm türk və islam dünyası, həm də Qərb və Şərq sivilizasiyaları arasında əməkdaşlıq körpüsünün möhkləmləndirilməsi üçün mühüm əhəmiyyəti var”.

elxan.jpg (68 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran tərəfindən Azərbaycan əleyhinə bu səfərlə əlaqədar açıqlamalara start veriləcəyini gözləyir: “İsrail Prezidentinin Azərbaycana səfəri sən dərəcə əhəmiyyətlidir. Xatırlayıram, ya 1996, ya da 1997-ci ildə İsrailin o zamankı baş naziri-indi də baş nazirdir-Binyamin Netanyahunun ilk səfəri bu səviyyədə ölkəmizə Cənubi Koreyadan qayıdarkən etmişdi. O, həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyevlə görüşmüş, fikir mübadiləsi aparmışdı. Elə o zaman əməkdaşlıq inkişaf etməyə başladı, bir növ bu əməkdaşlığın bünövrəsi o vaxt qoyulmuşdu. Azərbaycan nefti dünya bazarına Ceyhan limanı üzərindən nəql olunmağa başladıqdan sonra əsas alıcımız İsrail oldu. Bu gün İsrail neftə olan təlabatının 30 faizini Azərbaycandan əldə edir. Biz də zəruri olan silahlar, hərbi texnika İsraildən alırıq. Strateji müttəfiqliyin bir əhəmiyyəti də ondadır ki, İsrail Ermənistana heç bir silah-sursat satmır, ancaq tərəfdaşı Azərbaycana satır. İndiki vaxtda Hersoqun səfəri zamanı düşünürəm ki, hərbi sənaye kompleksləri məsələsi də müzakirə olunub. İsraildə kənd təsərrüfatı dünyada birinci sırada gedir. Sudan səmərəli istifadə edərək, bol məhsul yetişdirirlər. Bizim də bu təcrübədən istifadə etməyimizə ehtiyac var. Birgə mətbuat konfrasında ölkə prezidenti də bu məsələyə toxundu. İsraildən ölkəmizə turistlər gəlir. Amma bu axını daha da gücləndirmək olar. İndi həftədə 4 təyyarə reysi var, amma bunu gündəliyə keçirmək mümkündür. Azərbaycan vətəndaşları də İsrailə gedir. Burada viza problemi yaşanmaqdadır. Vətəndaşlarımıza viza verilməsi asanlaşdırılsa, bu daha yaxşı olardı. Bundan sonra Azərbaycan vətəndaşları daha rahat şəkildə İsrailə gedəcəklər. İki prezidentin görüşündə İran mövzusu da müzakirə olundu. Hazırda cənub qonşumuz İsrail üçün bir nömrəli təhdiddir. İran Azərbaycana da müəyyən təhdidlər yaradır. Təxribatlarla üzləşməkdəyik. Bu məsələlər ətrafında iki ölkənin rəhbəri arasında fikir mübadiləsi aparıldı. Bunu da əhəmiyyətli hesab edirəm. Çünki biz ordumuzun qüdrətini artırırıq, yeni modern silahlar alırıq. Bu məsələdə də İsraillə əməkdaşlıq perspektivlərimiz var. Bu səfər və bu səfərdən doğan nəticələr İran tərəfi narahat etməyə bilməz. Azərbaycan əleyhinə durmadan yeni açıqlamalara start verəcəklər. Bu da onların problemidir. Azərbaycan xarici siyasət kursunu müəyyənləşdirməkdə sərbəstdir. Heç kimin daxili işlərinə qarışmırıq. Əsas istəyimiz də budur ki, heç bir ölkə daxili işimizə qarışmasın. Azərbaycan Prezidentinin yaxın perspektivdə İsrailə səfəri nəzərdə tutulub. Hersoq İlham Əliyevi öz ölkəsinə dəvət etdi. Artıq İsraildə səfirliyimiz də fəaliyyət göstərir. Bunun da başqa bir əhəmiyyəti var. Çünki orada Azərbaycandan köçən yəhudilər var. İsrail Azərbaycanla, eləcə də, iki xalq arasında əlaqələrə misal kimi Qarabağ savaşlarında yəhudi əsilli vətəndaşlarımızın qəhrəmancasına savaşmasını, şəhid olmalarını göstərə bilər. Bu iki xalqı bir-birinə yaxınlaşdıran ən böyük amillərdən biri də bu sayılır”.  

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR