İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayasofya möcüzələri - Peyğəmbərimiz İstanbulu fəth edən komandan və ordu barədə nə demişdi - FOTOLAR, VİDEO

İstanbulun Ayasofya möcüzəsi ilə üz-üzəyik...İnsan seli yenə də əsrlərin yadigarı olan bu ünvanı ziyarət üçün uzun növbələrə düzülüb. Yağış damlaları ələndikcə Günəş də öz səxavətini əsirgəmir və füsunkar mənzərə yaranır. İnsan selinə nə yağış mane olur, nə uzun-uzadı gözləmək, addım-addım irəliləmək...Çünki Ayasofya Türkiyənin İstanbul şəhərinə səfər edənlər üçün “olmazsa, olmaz”a çevrilib artıq.

İstanbul adlı üzüyün qiymətli qaşları sırasında yer alan Ayasofiya və ya Müqəddəs Sofiya məbədi ilk dəfə, Bizans İmperatoru Custinyanın zamanında 532-ci ildə inşa olunub. Bizim eranın 537-ci ilində məbədin açılışı olub və həmin dönəmdə zaman-zaman Yunan Ortodoks Kilsəsi, Katolik kilsəsi, Yunan Provaslav Kilsəsi olaraq fəaliyyət göstərib və ən böyük kilsə olaraq cahanda tanınıb. Ayasofyada həm xristianlığı, həm İslamı özündə yaşadan böyük bir tarix var. 537-1453-cü illərdə, yəni 916-cı il bu ünvan kilsə olaraq əhaliyə xidmət edib. Ayasofyadan öncə onun bənzəri olan iki kilsə tikilib. 360 və 405-ci illərdə Bizanslar tərəfindən tikilən kilsələr savaşlar dönəmində yandırılıb. Amma hazırki durumda olan Ayasofya olduğu kimi qalır. Nə zəlzələlər, nə sel-sular, küləklər kilsəyə zərər vurmayıb.

Tarixi mənbələrə əsasən, inşasına 532-ci ildə başlanan Ayasofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. Həmçini Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siradan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintdə istifadə edilib. Gündə 1000 usta və 10 min işçinin çalşması ilə 5 il 11 ay 10 günə inşaat başa çatdırılıb. Ayasofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşıb, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 nəhəng sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.

Osmanlı dönəmində, yəni 1453-1934-cü illərdə isə cami kimi fəaliyyət göstərib, 481 il! Ayasofyanın cami ömrü ilə bağlı olduqca maraqlı tarixi faktlar var. İstanbulun fəthindən sonra cümə namazı qılmaq üçün Fateh Sultan Mehmet bir minarə tikdidir və ilk cümə namazı qılır.

Sultan Mehmet zamanında Memar Sinan tərəfindən öncə iki minarə tikilir. Sonra Sultah İkinci Beyazid digər iki minarəni tikdirir.

1934-cü ildə Bakanlar Kurulunun qərarı ilə muzeyə çevrilir və 2020-ci ilədək, 86 il mizey olaraq fəaliyyət göstərir. Dövrünün möhtəşəm və tarixi abidələrindən biri olan, Osmanlı tarixinin möhtəşəm səhifələrini özündə əks etdirən bu ünvan dünyanın bir çox ölkələrindən gələn turistlərin maraq dairəsindədir. Nə zəlzələlər, nə tufanlar bu möhtəşəm məkana təsir edə bilmərib.

2020-ci ilin 11 iyul tarixindən etibarən yenə də məscid kimi fəaliyyət göstərir. Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın qərarı ilə təkrar Ayasofyaye-Kebir, Ayasofya camisi və ya Böyük Cami olaraq fəaliyyətə başlayıb və bu gün cami olaraq insanlara xidmət edir.

Səfər boyunca Türk dövlətlərindən gəlmiş media mənsubları üçün zəngin məlumatları qürurla, fəxarətlə, həm də sevgi ilə paylaşan turizm bələdçisi Ramazan Çelik deyir ki, Ayasofya Topqapı sarayından sonra ən çox ziyarətçi olan ünvandır. Burada Həzrəti İbrahiminin əhd sandığının olduğu da söylənilir.

Ayasofya camiyə çevrildikdən sonra içəridəki mozaiklər, digər kilsə elementləri sıva ilə qapadılıb, tarixi ən yaxşı bu şəkildə qoruyub-saxlamaq mümkün olduğu üçün...

Ayasofya camesinin yan tərəfində Osmanlı sultanlarının və ailə üzvlərinin türbələri var. Belə ki, İkinci Səlim, Üçüncü Murad, Üçüncü Mehmet, Birinci Mustafa və Sultan İbrahimin türbələri bu ünvandadır. Bəzi sultanların ailə üzvləri, övladları da burada dəfn edilib. Sultanların bu ünvanda, keçmiş kilsənin həyətində dəfn olunmasının sirrinə vaqif olmaqdan ötrü elə girişdəki sütuna həkk edilmiş Hz.Məhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamını – İstanbulun fəthini müjdələyən hədisi-şərifini oxumaq kifayətdir. Peyğəmbərimiz buyurur: “Konstantiniyye (İstanbul) muhakkak feth olunacaktır. Onu fetheden kumandan ne güzel kimandan, onu fetheden ordu ne güzel ordudur”. İnanclara görə, Hz.Peyğəmbərimizin belə bir hədisi olduğu üçün bura sultanlar üçün müqəddəs yer sayılıb və orada dəfn edilmələrinə qərar verilib.

Bu gün də Ayasofya müsəlmanlar, həmçinin Türkiyə vətəndaşları üçün müqəddəs bir yerdir.

Türkiyə dövlətinin tarixi dəyərlərə nə qədər böyük önəm verdiyini elə aşağıdakı faktdan da təxmin etmək mümkündür. Belə ki, muzey olduğu zaman Ayasofyaya giriş ödənişli idi. Türkiyə vətəndaşları üçün nisbətən ucuz - 60 Tl, xaricdən gələn ziyarətçilər üçünsə yüksək – 100 Tl qiymətinəydi giriş. Amma qardaş Türkiyə böyük paralardan imtina edib muzeydən camiyə çevirməklə. Təsəvvür edin, ildə təqribən 2,5-3 milyon insan ziyarət edir Ayasofyanı və onlar giriş haqqı ödəsəydilər, bu, Türkiyənin büdcəsinə nə qədər əlavə vəsait qazandırardı. Amma Türkiyə hökuməti bununla dünyanın dörd tərəfindən gələn ziyarətçilərə paradan qiymətli dəyərlərin olduğunu bu qərarı ilə də çatdırmış olur. Nəzərə alsaq ki, dövlət həm də bu cameyə böyük miqdarda xərclər çəkir, təmizlik, təhlükəsizlik məsələlərinə, su və ya elektrik təminatı üçün böyük miqdarda vəsait ayırır, bir az da aydınlıq yaranar. Yeri gəlmişkən, Ayasofya muzeyə çevriləndən sonra ziyarətçilər azalmayıb, əksinə, artıb. Ramazan bəy də danışır ki, xristianların əski məbədi olduğu üçün bura onların çox görmək istədikləri ünvandır.

Cameyə çevriləndən sonra kompleksin ikinci – kilsə zəngləri və digər eksponatların olduğu yer – ikinci mərtəbə ziyarətçilər üçün qapadılıb ki, bu da anlaşılandır. Qurani-Kərimin oxunduğu yerdə kilsə zəngləri səslənmək ki...Türkiyə dövləti varislik ənənəsinə sadiq qalaraq Osmanlının cami qərarına hörmətini nümayiş etdirməklə yanaşı, xristian izlərini də olduğu kimi saxlayıb ki, bu da əsl tolerantlıq nümunəsidir.

Cameyə insanların axını davam edir. Kimi ibadət üçün buyurur, kimi bu, sehrli aləmə turist olaraq gəlir, qızıl suyuna çəkilmiş nəqqaşlıq nümunələrini zövqlə izləyir...Türkiyə dövləti heç bir təmənna gözləmədən səxavət qapılarını dinindən, irqindən asılı olmayaraq bəşər övladı üçün açıb...

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə reallaşan səfərimizdən hazırladığımız növbəti reportajları gözləyin…

WhatsApp Image 2023-04-02 at 12.22.15.jpeg (322 KB)

 

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR