İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro-2024-ün həyəcanlı anı - Türkiyənin tamam, ya da davam savaşı

Qardaş ölkə 16 ildən sonra həmin uğuru təkrarlayacaqmı...

Futbol üzrə Avropa Çempionatı həyəcanı getdikcə artmaqdadır. Artıq yarışın 1/8 final mərhələsi gedir. Qəzet çapa gedərkən bu mərhələnin Fransa-Belçika və Portuqaliya-Sloveniya oyunları keçirilirdi. Nəticələr tam şəkildə məlum olmadığı üçün məlumat verə bilmədik.

Ancaq onu bildirək ki, 4 ölkə çeyrək final mərhələsinə vəsiqəni təmin etmişdi. Bunlar meydan sahibi Almaniya, İsveçrə, İngiltərə və İspaniya yığmaları idi. 

Bu gün, yəni iyulun 2-də bu mərhələnin son oyunları baş tutacaq. Qardaş Türkiyə turnirin güclülərindən sayılan Avstriya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Gecənin digər qarşılaşmasında Rumıniya çeyrək finala çıxmaq üçün Hollandiyanı sıradan çıxarmağa çalışacaq. Bir sözlə, çox gərgin oyunlar futbol azarkeşlərini gözləyir. 

Heç şübhəsiz ki, azərbaycanlı futbol həvəskarlarının qəlbləri türk qardaşlarımızla döyünəcək. Avstriyanın isə çeyrək finala gedən yolunu kəsmək elə də asan görünmür. Təsadüfi deyil ki, Türkiyə Avro-2024 start götürməmişdən günlər öncə keçirilən yoldaşlıq oyununda bu kollektivə 6-1 hesabı ilə məğlub olmuşdu. Eyni zamanda Avstriya mübarizə apardığı qrupda Fransa və Hollandiya kimi güclü futbol ölkələrini qabaqlayaraq, lider kimi qrupdan çıxmağı bacarıb. Avstriya ilə müqayisədə qardaş Türkiyənin Avro-2024-də indiyə qədər keçirdiyi oyunlar qənaətbəxş sayılmayıb. Hətta bəzi tənqidlərə də məruz qalıb.

Amma türkün əzmkarlığını da xüsusi vurğulamaq yerinə düşər. Tam olaraq, 16 il öncə də qardaş ölkənin Avropa Çempionatındakı oyunları indiki kimi tənqidlərə məruz qalırdı. Amma həmin çempionatda ay-ulduzlular yarımfinala qədər irəliləməyi bacarmışdılar. 

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

 Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı bu çempionatın finalında sensasion adlara rast gələ biləcəyimizi ehtimal edir: “Avropa çempionatının 1/8 final mərhələsində 4 görüş yekunlaşdı. Sensasiya baş vermədi, favorit komandalar növbəti mərhələyə vəsiqə əldə etdilər. İsveçrənin İtaliyanı mübarizədən kənarlaşdırması tam qanunauyğun oldu. İtaliya ənənəvi taktikasına - "avtobus" qurmaqla qələbə qazanmaq ənənəsinə sadiq idi. Amma bu dəfə taktika işə yaramadı, parlaq futbolun təntənəsi yaşandı. İtaliya Almaniyanı tərk etdi. Amma Almaniyada İtaliya kimi oynayan komandalar qalıb. Onlardan biri də İngiltərədir. Ənənəvi ingilis futboluna xəyanət edən Sautqeytin komandası Slovakiyanın əlindən canını güclə qurtardı. İndi onları antifutbolun qənimi olan İsveçrə gözləyir. İngilislər Slovakiya ilə oyundakı futbol fəlsəfəsinə sadiq qalsalar, İsveçrənin qurbanı olacaqlar. İngilislər İsveçrə səddini keçsələr kimə rəqib ola bilərlər? Öz oyununu tapa bilməyən Niderlanda, yoxsa parlaq oyun göstərən Avstriyaya? Yoxsa bəxtin üzünə bir daha güləcəyi Türkiyəyə? Hər halda, finala aparan bu xətdə müxtəlif oyun fəlsəfəsinə güvənən yığmalar var. Deməli, maraqlı mübarizə gözlənilir. Hətta finalda sensasion ad görə bilərik: İsveçrə və ya Avstriya. Türkiyə olsa, nə yaxşı... Amma etiraf edək ki, indiyə qədər göstərdiyi oyunu nəzərə alsaq, Türkiyənin şansı yoxdur. Almaniya Danimarkaya çətinliklə də olsa, qalib gəldi və hücum futbolundan imtina etmədi. İspaniya isə yenə də parlaq, yaradıcı futbol göstərdi. İndi 1/4 finalda bu komandaların dueli gözlənilir? Kimin şansı daha çoxdur? İspaniya dinamik, yaradıcı komandadır. Bu yığma meydanda həm topla, həm də topsuz mükəmməl davranır. Fikrimcə, cütün favoriti İspaniyadır. Bu dueldən qalib ayrılacaq komanda yarımfinalda Fransa və ya Portuqaliya ilə qarşılaşa bilər. Təbii ki, Sloveniya və ya Belçika möcüzəsi yaşanmasa. 

Etiraf edək ki, proqnoz verilməsi çətin olan situasiyadır. Almaniya İspaniyanı məğlub etsə, özünəinamı xeyli artacaq. Ondan sonra almanların qarşısını çətin ki, kimsə kəsə bilsin. Amma İspaniyanı məğlub etmək üçün Almaniya mükəmməl oyun göstərməlidir. 1/4 mərhələdə Almaniya-İspaniya oyununu erkən final saya bilərik. İlk 1/8 final qarşılaşmalarından sonra oyun keyfiyyətini incələsək, belə nəticəyə gəlmək olar: çempionluğa əsas namizəd İspaniyadır".

Avropada türk ruzigarı - qardaş ölkənin yığmasına ümidlər böyükdür

Kənan Məstəliyev

Futbol mütəxəssisi Kənan Məstəliyev kənardan rəqiblə müqayisədə zəif görünən millilərin belə sona qədər döyüşdüyünü qeyd etdi: “Hamı futbol oynaya bilir”. İzlədiyimiz Avropa çempionatının əsas nəticəsi budur. Yarışda iştirak edən hər kəs öz oyununu ortaya qoyur, sona qədər mübarizə aparır. Autsayder saydıqlarımız rəqibin adından çəkinmir, döyüş təklif edir, hətta bu döyüşlərdən qalib də çıxırlar. İsveçrə buna ən bariz nümunədir. Son Avropa çempionu İtaliya ilə qarşılaşmada Murat Yakının yetirmələri həm taktiki savaşda, həm də istəkdə üstün oldular, “Skuadra Adzurra” isə heç nə ilə yadda qalmadı. Daha adlı-sanlı, daha tanınmış futbolçulardan qurulan apenninlilər, meydanda adların oynamadığının, kağız yox, yaşıl ot üzərində qalib gəlməyin vacibliyini hiss etdilər. Almaniya da eyni aqibəti yaşamaq üzrəydi. Bir neçə santimetrlik ofsayd, ələ düşən imkanlardan yararlanma problemi olmasaydı, Danimarka 1/4 finala çıxacaqdı. İngilislər isə slovakların müqavimətini yalnız son saniyələrdə qıra bildilər. Kalsona qorxaq oynamayıb, “yuxulu futbol” tərəfdarı olan Sautqeytə əl-qol açmaq imkanı verməsəydi, indi daha bir sensasiyadan danışırdıq. Qonşularımız Gürcüstan da nəhəng İspaniyaya çətin anlar yaşatdı. Rəqibini əks-hücumlarda tutmağa çalışmaq taktikası ilk hissədə öz effektini verdi, sadəcə, fasilədən sonra pireneylilərin səviyyəsi özünü göstərdi. Uilyams, Rodri və Yamalın oyununu izləmək lazım idi. Belə oyunçuları olan komandanı məğlub etmək çətin olacaq. Amma yenə də gürcülərə alqış düşür. Bundan sonrakı matçlarda da biz yuxarıda qeyd etdiyim məqamlara rast gələcəyik. Favoritlərə badalaq vurmaq üçün çalışan komandalar bunun üçün əllərindən gələni edəcəklər. Bu, yarımfinallar və finalda sürpriz bir komandanı izləmək ehtimalımızı artırır. Qardaş Türkiyənin də şansı var. Komanda daxili gərginlik, heyətdəki boşluqlar və digər bir çox səbəblər ay-ulduzlulara mane olur. Üstəlik, Avstriya da çətin rəqibdir. Ralf Ranqnik ultra-pressinq futbolu ilə çempionatda hər bir rəqibi yenmə potensialına malikdir, bunu sübut da edib. Türkiyə avantüraya getməməli, hisslərə qapılmamalıdır. Mümkün olduğu qədər praqmatik, hətta müdafiə futbolu oynamalı, əks-hücumlarda öz şansını gözləməlidir. İstənilən kapriz yenilgini gətirəcək. Səbrli olmalıdılar. Düzdür, türklər və səbr ayrı-ayrı anlayışlardır, amma bir oyunluq bunu etmək lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR