İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro-2024-də “boz qurd” fobiyası - türklər gəlir...

İspaniya-Almaniya qarşılaşması həlledici olacaq?

Avropa çempionatının 1/8 mərhələsi yekunlaşdı, özü də bütün Türk dünyasını sevinc göz yaşlarına boğan bir sonluqla. Qardaş Türkiyə əksəriyyətin inanmadığı bir tarixi uğura imza ataraq, Avstriyanı 2-1 məğlub edərək adını çeyrək finala yazdırdı. Yarımfinal yolundakı rəqib güclü və sürətli oyunu ilə diqqət çəkən Hollandiya yığmasıdır. 

Məlumat üçün bildirək ki, çeyrək finala vəsiqə əldə edən digər ölkələr meydan sahibi Almaniya, İspaniya, Fransa, Portuqaliya, İsveçrə, İngiltərədir. İyulun 5-də İspaniya-Almaniya və Portuqaliya-Fransa oyunları keçiriləcək. Bundan bir gün sonra isə İngiltərə-İsveçrə və Türkiyə-Hollandiya oyunları baş tutacaq. 

Onu da bildirək ki, Türkiyənin zəfəri ilə bərabər oyunun əsas oyunçusu seçilən Melih Demirelin rəqib qapısına vurduğu qolun ardında Bozqurd işarəsi göstərməsi daha çox gündəm oldu. Buna da ən çox səbəb Avstriyada bu işarənin göstərilməsinin qadağan olunmasıdır. Artıq irqçilik bəhanəsi ilə oyunçu barədə araşdırma başladılıb. Bu da Türkiyə və digər türkdilli ölkələrdə ciddi etiraz doğurub. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli komandasını qələbə münasibətilə təbrik edib.

R.T.Ərdoğan oyundan sonra sosial şəbəkə hesablarında paylaşım edib və bunları yazıb: “Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.

“Bir az yorğunuq. Çox vacib bir matç oldu. İlk dəqiqədən sona kimi komanda ruhunu əks etdirdik. Bu turnirdə komanda ruhunu ilk dəfə idi ki, gördük”.

QOL.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün 1/8 finalında Avstriyaya qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Türkiyə millisi bu qələbə ilə 1/4 finala yüksəlib. Montella Niderlandla qarşıdan gələn oyuna da bu cür hazırlaşacaqlarını bildirib: “Çoxlu azarkeşimiz var. Onlar ehtiraslı, həvəsli və inanılmazdırlar. Bilirik ki, bütün dünyadakı türklər bizimlədir. Çox əzmlə çalışdığınız zaman arzularınıza çata bilərsiniz. Biz bunu etdik. Niderlandla oyuna da ən yaxşı və eyni şəkildə hazırlaşacağıq”.

Montella artıq ilkin hədəflərinə çatdıqlarını qeyd edib: “Qrup mərhələsinə baxanda deyə bilərəm ki, heç bir matç asan deyil. Biz tək ürək kimi çıxış etməyə çalışdıq. Növbəti matç üçün hər şey mümkündür. Bilirik ki, bu, bir turnirdir. Düzünü desəm, birinci hədəfimiz 1/4 final idi”.

8 ölkədən hansının qalib olmaq şansı böyükdür? 

“Səbayel”in baş məşqçisi  Şahin Diniyev sevincini bizimlə bu cür bölüşdü: “Doğrudan da Türkiyə gözlənilməz bir uğur qazandı. Qrup oyunlarına baxanda qardaş ölkə oyun baxımından çox axsayırdı. Hamımız bilirdik ki, Türkiyə o Türkiyə deyil. Amma komanda bu oyunda formalaşdı. Baxmayaraq ki, türk millisinin çox böyük itkiləri var idi. Hakan Çalxanoğlunun oynamaması Türkiyənin hücum potensialında oyun quruculuğunun təxminən yarısının olmaması demək idi. Amma komanda ruhu özünü göstərdi. Əzmkarlıq ən pik həddə idi. Motivasiya hesabına komanda standart vəziyyətlərdən yararlanaraq qələbə qazandı. Burada, əlbəttə, baş məşqçinin əl işi görünürdü. Komanda şəklində oyun uğura gətirib çıxardı. Avstriya çox yaxşı komandadır və bu qələbə çox çətin oldu. Şanslar müqayisədə Türkiyədə çox az idi. Amma bu şansları dəyərləndirə bildilər. Türkiyəmizi təbrik edirəm. Türkiyə deyəndə Azərbaycan yada düşür. Hamımızı ürəkdən təbrik edirəm”.  

"Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir" -  10.02.2019, Sputnik Azərbaycan

Kənan Məstəliyev

Futbol mütəxəssisi Kənan Məstəliyev: “Çox maraqlı 1\8 final mərhələsi oldu. Tam sensasiya deyə biləcəyimiz yeganə nəticə İsveçrənin turnirin son qalibi İtaliyanı mübarizədən kənarlaşdırması oldu. Apenninlilər rəqibinə yuxarıdan-aşağı baxmalarının cəzasını çəkdilər. Murat Yakının yetirmələri isə taktiki intizamı, işə ciddi yanaşmaları ilə uğur qazandılar. İsveçrə qrup mərhələsində Xorvatiyanın etdiyi səhvi etmədi, hesabda üstünlük qazandıqdan sonra müdafiəyə oturaraq əks-hücum futbolu nümayiş etdirdi, praqmatik oynadı. Xorvatlar isə hücuma atılaraq müdafiədə boşluq vermişdilər. İtaliya futbolu ümumilikdə öz yaxşı dövrünü yaşamır, keçid mərhələsindədilər. Ona görə də bir italyan futbolu azarkeşi olaraq bu yenilgi mənim üçün sürpriz olmadı. Amma İsveçrənin də haqqını yeməyək, ağıllı oynayaraq haqlı şəkildə növbəti mərhələyə çıxdılar.

Digər matçlarda favoritlər növbəti mərhələyə çıxdılar, amma işləri elə də asan olmadı. Xüsusilə ingilislər və portuqaliyalıların oyunu nikbin danışmağa imkan vermir. Qaret Sautqeytin ultrahetiyatlı futbolu böyük tənqidlərə səbəb olur. Adlı-sanlı futbolçulardan toplanan bir komandanı bu qədər qorxaq, məzmunsuz oynatmaq böyük səhvdi, az qala da bunun cəzasını alacaqdılar. Belinqemin son saniyə qolu onları xilas etdi, amma İsveçrə ilə matçda iş daha çətin olacaq. Kriştiano Ronaldonun komandası isə ancaq oyunsonrası penaltilərdə qələbə qazana bildi. Ancaq futbol tarixinin ən yaxşılarından olan birinin bu durumda olması üzücüdür. Həm oyunda o qədər şansı boş vermək, həm də penaltini vura bilməmək ona yaraşmadı. Ronaldo bu matçda özünü eqoist, uşaq kimi apardı, komandanın oyununu özünə qurban verdi. Hazırda Azərbaycan millisinin baş məşqçisi olan Fernando Santuş vaxtilə onu əvəzləyəndə böyük qınağa tuş gəlmişdi. Roberto Martinez bunu etmədi. Əslində, bununla da hiyləgər davrandı, ictimaiyyətə Ronaldonun əsl durumunu göstərə bildi. Növbəti matçda fransızlarla qarşılaşmada əvəz eləsə, ona heç kim heç nə deməyəcək". 

K.Məstəliyev türkün gecəsi sayılan oyun barədə isə bunları dedi: “Ayrıca danışmalı olduğumuz matç isə Avstriya-Türkiyədir. Qardaş ölkənin komandası əsl mübarizlik nümayiş etdirərək haqlı şəkildə növbəti mərhələyə adladı. Ay-ulduzlular gözəl futbol oynamasalar da, taktiki intizam nümayiş etdirdilər, səbrli və təmkinli davrandılar, əllərinə düşən imkanlardan maksimum yararlanaraq qələbəni bayram etdilər. Sona yaxın hiss olunurdu ki, gücləri tükənir və məhz bu zamanda döyüş ruhu ortaya çıxmalı idi ki, buna da şahidlik etdik. Avstriya dünyada istənilən rəqibi təzyiq altında saxlamağa qadir, super pressinq tətbiq edən, rəqibinin nəfəsini kəsməyə çalışan komandadır. Ralf Ranqnik əla kollektiv yaradıb. Ancaq Türkiyə də sübut etdi ki, yumruğu bir nöqtəyə vuranda istədiyi nəticəni ala bilir. Avstriyaya baxanda Niderland daha istedadlı futbolçulardan qurulan heyətə malikdi, amma o qədər sərt deyil. Bu matçda Arda Gülər, Hakan Çalxanoğlu kimi ulduzların səhnəyə çıxıb matçı həll etməsi lazım olacaq və məncə, bunu bacaracaqlar da. 

1/4 finala ümumi nəzər yetirəndə Almaniya-İspaniya super matçı gözə ilk dəyəni olur. Bu cütün qalibi yarışın potensial qalibidi. İspanlar möhtəşəmdilər, almanlar da meydan sahibi statusunda üstündülər. Çox maraqlı, gərgin bir qarşılaşma izləyəcəyik. Digər cütlərdə Fransa və İngiltərə favoritdilər və yarımfinala vəsiqə qazanmağa daha yaxındılar. Bu gün proqnoz versək, finalda İspaniya-İngiltərə cütünü deyə bilərik. Amma Avropa çempionatında hər şey ola bilir və sürprizlər hələ bitməyib".

Bu gün bütün dünyada “Qarabağ”dan danışılacaq

 Elçin Cəlilov

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov qarşıda möhtəşəm oyunların bizi gözlədiyini vurğuladı: “Son 8-liyə qalanlar arasında sürpriz ad Türkiyəni saymaq olar. Çempionatdan əvvəl bu komanda haqda proqnozlar əksərən bədbin idi. Ancaq gözlənilənlərin əksi, "ay-ulduzlu"lar 1/4-dədir və çempionatın üç ən yaxşı komandasından biri olan Niderlandla qarşılaşacaq. “Zambaqlar”ın heyəti və oyun tərzi daha zəngindir. Çətin görünür. Ancaq bu mərhələyədək gəlmək də Türkiyə üçün kifayət qədər yaxşı nəticə sayıla bilər. Ümumilikdə çempionatın iki əsas favoriti İspaniya və Almaniyanı hesab edirəm, onlar da bu mərhələdə üz-üzə gələcək. Buna erkən final kimi baxanlar da çoxdur. Düşünürəm ki, bu qarşılaşmanın qalibi çempion olacaq".

Qol.az saytının baş redaktoru Aydın Bağırov Türkiyə millisinin fantastik əzmkarlığına toxundu: “Çox tənqid olunan Türkiyə millisi Avro-2024-də ən yaxşı oyununu sərgilədi və 1/4 finala adladı.

Fransa, Niderland kimi komandaların yer aldığı qrupdan lider kimi çıxan güclü Avstriya ilə görüşdə intizamlı, eyni zamanda dəqiq və cəsarətli oyun yalnız alqışlana bilər. Oyunun faktiki son 30 dəqiqəsində rəqib aramsız təzyiqlər etdi. Bir epizodda ani diqqətsizlik Türkiyənin qapısına qolla nəticələndi. Digər məqamlarda müdafiə xəttinin (Kadıoğlu, Merif, Bardakçı, Mert) etibarlı oyunu, qapıçı Mert Günokun gözəl seyvləri və son andakı fantastik qurtarışı - sadəcə, bravo!

Mənə görə bu oyunun qəhrəmanı parlaq bir əzmkarlıq göstərən bütün Türkiyə millisidir. Amma əlbəttə iki gözəl qol vuran mərkəz müdafiəçisi (!) Merih Demiral və qapıçı Mert Günok isə superqəhrəmanlardır.

1/4 finalda rəqib Niderlanddır. 2008-ci ildəki kimi yarımfinala yüksəlmək möcüzə sayılmaz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR