Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti ABŞ-ın Almaniyada yerləşən HateAid təşkilatının liderlərinə qarşı viza məhdudiyyətlərini kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, etirazı Almaniyanın ədliyyə naziri Stefani Hubiq X hesabında yazıb. O, ABŞ administrasiyasının senzura ittihamlarını rədd edib: "HateAid rəqəmsal məkanda qanunsuz nifrət təbliğatının qurbanlarını dəstəkləyir. Təşkilat rəqəmsal sahədə fərdi hüquqların qorunmasının təmin edilməsinə mühüm töhfə verir. Bunu senzura adlandıran hər kəs bizim qanunun aliliyi sistemimizi təhrif edir. Almaniyada və Avropada rəqəmsal sahədə yaşamaq istədiyimiz qaydalar Vaşinqtonda müəyyən edilməyib".
Öz növbəsində Almaniyanın xarici işlər naziri Yohann Vadeful da X hesabında ABŞ tədbirlərini tənqid edərək onları qəbuledilməz adlandırıb: "ABŞ tərəfindən tətbiq edilən giriş qadağaları, o cümlədən HateAid təşkilatının liderlərinə qarşı tətbiq edilən qadağalar qəbuledilməzdir".
O, Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun Avropa Birliyi üçün qəbul edildiyini və heç bir ekstraterritorial təsiri olmadığını vurğulayıb: "Tərəfdaşlığımızı gücləndirmək üçün ABŞ ilə hər hansı bir fikir ayrılığını transatlantik dialoq vasitəsilə aydınlaşdırmaq istəyirik".
Qeyd edək ki, Aİ Rəqəmsal Xidmətlər Qanunu 2023-cü ilin avqust ayında qüvvəyə minib. Qanun Facebook və Instagram, AliExpress, Amazon Store, AppStore, Booking və digərləri də daxil olmaqla bir sıra platformalar üzərində nəzarəti əhəmiyyətli dərəcədə gücləndirib.
23 dekabrda Dövlət katibinin müavini Sara Rocers Vaşinqton administrasiyasının keçmiş AB Daxili Bazar Komissarı Thierry Breton, eləcə də amerikalıları senzura etmək cəhdlərində iştirak etdiyinə inandığı digər şəxslərə qarşı viza məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb. Sanksiyalar siyahısına HateAid təşkilatına rəhbərlik edən Anna-Lena fon Hodenberg və Josephine Ballon da daxildir. Rocers-in sözlərinə görə, təşkilat "mühafizəkar qruplara qarşı çıxır".
Dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib ki, ABŞ qlobal senzura kompleksindəki "əsas fiqurların" ölkəyə girişini qadağan edir. Rubio iddia edib ki, "Avropadakı ideoloqlar" müəyyən fikirlərini ifadə etdikləri üçün ABŞ vətəndaşlarını "cəzalandırmağa" çalışırlar. Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ digər şəxslər kursunu dəyişməsə, bu sanksiyalar siyahısını genişləndirməyə hazırdır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ