İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahşükür Paşazadənin qızı 16 min 200 manat zərər ödədi - MƏHKƏMƏ QƏRARI

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsi ətrafında illərdir davam edən mübahisə məhkəmə müstəvisində başa çatsa da, qərarın icrası ciddi suallar doğurur.

Musavat.com xəbər verir ki, Seymur İsrafil oğlu Quliyev mülkiyyətində olan 20 sot torpaq sahəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə cavabdeh Xatirə Allahşükür qızı Salahzadənin üzərinə konkret öhdəliklər qoyub. Qərarda açıq şəkildə göstərilir ki, cavabdeh həmin torpaq sahəsini boşaltmalı, mülkiyyətçiyə təhvil verməli və əraziyə maneəsiz gediş-gəlişi təmin etməlidir.

Darvaza, şlaqbaum və özbaşına tikilmiş hasar sökülməlidir

Məhkəmə aktına əsasən, Seymur Quliyevin torpağına çıxışı əngəlləyən dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqları yalnız iddiaçıya məxsus əraziyə düşən hissə üzrə cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülməlidir. Bununla yanaşı, ictimai avtomobil yolundan Seymur Quliyevin torpaq sahəsinə zəruri keçidin verilməsi də birbaşa cavabdehin vəzifəsi kimi müəyyən edilib.
Qərarda zəruri keçidin konkret ünvan, ölçü və istiqaməti də dəqiqliklə göstərilib. Keçid Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda əks olunan formada təmin edilməlidir.

Məhkəmə təkcə fiziki maneələrin aradan qaldırılması ilə kifayətlənməyib. Qərara əsasən, cavabdeh Xatirə Salahzadədən 16 min 200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Qərarın bu hissəsi Xatirə Allahşükür qızı Salahzadə tərəfindən icra olunub. Tələb olunan məbləğ Sabunçu Rayon İcra və probasiya şöbəsinin hesabına köçürülüb.

Bundan əlavə, tikinti-texniki ekspertizaya görə çəkilmiş 100 manat xərc də tərəflər arasında bölünüb.

Qərar qüvvədədir, bəs icra?

Diqqətçəkən məqam odur ki, məhkəmə aktı 5 oktyabr 2025-ci ildə qanuni qüvvəyə minib, icra sənədi isə 6 noyabr 2025-ci ildə verilib. Yəni hüquqi baxımdan qərarın icrası üçün heç bir maneə yoxdur.
Lakin faktiki vəziyyət dəyişməyib, darvaza yerindədir, keçid hələ də bağlıdır, məhkəmə qərarı kağız üzərində qalır.

Bu isə artıq sadəcə mülki mübahisə deyil, məhkəmə qərarının icra olunmaması problemi kimi gündəmə gəlir.

Qanunvericiliyə əsasən, məhkəmə qərarlarının icrası icra məmurlarının birbaşa vəzifəsidir. Belə olan halda sual yaranır - qərar niyə icra olunmur?

e9c3033f-e9f0-4b54-a82e-8d633cfe4086.jpeg (107 KB)

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR