İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ maliyyə sistemi təzyiq altında - neft, yen və 40 trilyon dollarlıq borc riski

İran heç istəmədən ABŞ-ni çətin vəziyyətə salıb. ABŞ prezidenti Donald Trampın bir sıra bəyanatlar verməsindən sonra Vaşinqtonun Tehrana qarşı əməliyyatları dayandırdığı bildirilir. Bunun səbəbləri arasında hərbi əməliyyatların ABŞ iqtisadiyyatına yaratdığı maliyyə yükü də göstərilir.

Bildirilir ki, ABŞ-nin dövlət borcu 40 trilyon dollara yaxınlaşıb. Bununla yanaşı, Yaponiyada yaranan vəziyyət də Amerikanı ciddi şəkildə düşündürür. Söhbət ABŞ dövlət istiqrazlarından gedir. İstiqraz dövlət və ya şirkətlər tərəfindən borc vəsaitlərinin cəlb edilməsi üçün buraxılan və müəyyən müddətdən sonra faizlə birlikdə geri qaytarılması nəzərdə tutulan qiymətli kağızdır.

ABŞ niyə yen alır?

0e4020ec-9b66-4989-9e44-98e8a99816c2.jpeg (60 KB)

2026-cı ilin iyul ayının sonunda ABŞ və Yaponiya valyuta bazarında son illərin ən qeyri-adi addımlarından birini atıb. Yaponiya hökuməti sürətlə zəifləyən yenin məzənnəsini dəstəkləmək üçün böyük həcmdə yen almağa başlayıb və ABŞ Maliyyə Nazirliyi də bu əməliyyata qoşulub. ABŞ-nin müdaxiləsi xüsusilə diqqət çəkib. Çünki Vaşinqton uzun illər ərzində valyuta bazarına birbaşa müdaxilədən böyük ölçüdə uzaq durub. ABŞ-nin yenin zəifləməsinin qarşısını almaq məqsədilə bundan əvvəlki müdaxiləsi 1998-ci ildə, Asiya maliyyə böhranı dövründə baş verib.

2011-ci ildə isə ABŞ yenə müdaxilə edib. Lakin həmin vaxt məqsəd yenin həddindən artıq bahalaşmasının qarşısını almaq olub. Bu hadisənin əhəmiyyəti yalnız yenin məzənnəsi ilə məhdudlaşmır. Məsələnin arxasında ABŞ dövlət istiqrazları bazarı, dolların beynəlxalq rolu, Asiya valyutaları, “carry trade” əməliyyatları, Yaponiya iqtisadi siyasəti və ABŞ-Yaponiya strateji münasibətləri kimi bir neçə amil dayanır.

İlk baxışdan ABŞ-nin başqa bir ölkənin valyutasını qoruması qəribə görünür. Lakin Vaşinqtonun bununla bağlı öz maraqları var. Birinci səbəb Asiya valyutalarında domino effekti riskidir. Yen sürətlə zəiflədikdə digər Asiya ölkələri də öz valyutalarının həddindən artıq bahalaşmasına imkan verməmək üçün müdaxiləyə və ya daha zəif valyuta siyasətinə əl ata, bu isə regionda valyuta rəqabətini gücləndirə bilər.
Digər tərəfdən, çox zəif yen digər Asiya valyutalarına təzyiq yarada və hətta Çin yuanının tədricən möhkəmlənməsinə imkan verə bilər. ABŞ üçün isə belə bir vəziyyət problem yarada bilər. Çünki Vaşinqton istehsalı və kapital qoyuluşunu ölkəyə cəlb etməyə çalışır.

88082800-adda-48a6-8c80-bcf3ef12b1ab.jpeg (543 KB)

İkinci və daha mühüm səbəb isə ABŞ Treasury bazarıdır. Yaponiya ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahiblərindən biridir. Əgər Yaponiya yen almaq üçün böyük həcmdə dollar ehtiyatlarını, xüsusilə də Treasury qiymətli kağızlarını satmağa başlasa, ABŞ istiqraz bazarında əlavə satış təzyiqi yarana bilər. Bu isə Treasury istiqrazlarının gəlirliliyinin yüksəlməsinə və nəticədə ABŞ hökumətinin borclanma xərclərinin artmasına səbəb ola bilər. Odur ki, ABŞ-nin yen alışına qoşulması Yaponiyanın yen almaq üçün öz dollar ehtiyatlarının bir hissəsini satmasına olan ehtiyacı azalda və bununla da ABŞ Treasury istiqrazlarına potensial satış təzyiqini zəiflədə bilər.

Müdaxilənin ən maraqlı tərəflərindən biri də ABŞ Maliyyə Nazirliyinin yen almaq üçün dollar satmaq əvəzinə avro ehtiyatlarından istifadə etməsidir. “Financial Times” bu əməliyyatı ABŞ-nin valyuta siyasəti baxımından qeyri-adi hadisə kimi qiymətləndirib. Bunun mümkün izahlarından biri odur ki, ABŞ dollar sataraq yen alsaydı, bu əməliyyat birbaşa dolların zəiflədilməsi kimi görünə bilərdi. Avro sataraq yen almaq isə əməliyyatın daha çox yenin həddindən artıq zəifləməsinin qarşısının alınmasına yönəldiyi görüntüsünü yaradır.

“Carry trade” və qlobal maliyyə bazarları

b730dc76-4ee4-4f41-9c44-5bdd41e56ec2.jpeg (62 KB)

Yenin zəifliyi uzun müddətdir investorlar üçün “carry trade” imkanları yaradıb. Sadə desək, investorlar aşağı faizli yenlə borclanıb həmin vəsaiti daha yüksək gəlir gətirən ABŞ səhmlərinə, istiqrazlarına və digər aktivlərə yönəldirlər. Problem ondadır ki, yen qəfil bahalaşarsa, bu investorlar mövqelərini bağlamağa məcbur qala bilərlər. Bu zaman onlar dollar və digər aktivləri sataraq yen almağa başlayırlar. Proses sürətləndikdə isə maliyyə bazarlarında ciddi dalğalanma yarana bilər.

2024-cü ildə yenə müdaxilə ətrafında müşahidə olunan kəskin bazar hərəkətləri göstərib ki, valyuta bazarındakı dəyişikliklər ABŞ səhmlərinə və digər riskli aktivlərə də keçə bilər. 2026-cı ilin avqustunda yenin yenidən zəifləməsi bu riskləri gündəmə gətirib. “Barron's” yenin yenidən kritik səviyyələrə yaxınlaşmasının yeni müdaxilə ehtimalını artırdığını və bunun ABŞ bazarlarında əlavə dəyişkənlik yarada biləcəyini bildirib. Bəs ABŞ və Yaponiya nə qədər yen ala bilər və bu müdaxilə yenin məzənnəsini nə qədər müddətə dəyişə bilər? Burada ciddi məhdudiyyət var. Valyuta məzənnəsinin uzunmüddətli istiqamətini yalnız hökumətin müdaxiləsi müəyyən etmir. Faiz dərəcələri, inflyasiya, dövlət büdcəsi, ticarət balansı və kapital axınları daha fundamental amillərdir.

Beş il əvvəl ABŞ dövlət borcunun orta faiz dərəcəsi 1,48 faiz olub, hazırda isə bu göstərici 3,44 faizə yüksəlib. ABŞ-ın illik faiz ödənişləri 1,1 trilyon dollara çatıb. Beləliklə, Amerika yalnız dövlət borcuna görə faiz ödənişlərinə müdafiə xərclərindən daha çox vəsait ayırır. Yenin məzənnəsini qorumaq üçün Yaponiyanın dollara ehtiyacı yaranır. Bu dolları ölkə əlindəki 1,19 trilyon dollarlıq ABŞ dövlət istiqrazlarını satmaqla əldə edə bilər. Lakin Yaponiya istiqrazlarını satmağa başlasa, ABŞ-da faiz xərcləri daha da arta bilər.

d162dcc7-2efe-4857-a526-5bba82680f89.jpeg (92 KB)

Digər tərəfdən, iyulun sonundakı müdaxilə yenin zəifləməsinin əsas səbəblərini aradan qaldırmır. ABŞ-ın Yaponiyaya tətbiq etdiyi ticarət siyasəti, Yaponiyanın fiskal siyasəti və ABŞ-Yaponiya arasındakı faiz fərqi kimi amillər qalmaqda davam edir. Bu səbəbdən müdaxilə qısa müddətdə yenin məzənnəsinə təsir göstərə bilər, lakin uzunmüddətli trendi təkbaşına dəyişmək çətin olacaq. Yenin davamlı şəkildə möhkəmlənməsi üçün Yaponiya Bankının faiz siyasətində dəyişiklik etməsi və faizləri daha yüksək səviyyəyə qaldırması lazım gələ bilər. Valyuta bazarına müdaxilə isə bu siyasətin yerini tuta bilməz.
Beləliklə, yenin gələcək istiqaməti yalnız Yaponiya üçün deyil, ABŞ Treasury bazarı, dollar, Asiya valyutaları və qlobal maliyyə bazarları üçün də mühüm göstəriciyə çevrilib. Digər tərəfdən, Amerika hələ də təyyarədaşıyan gəmisini dünyanın istənilən nöqtəsinə göndərə bilər. Lakin həmin gəmi yola çıxanda yüksələn neft qiymətlərinin yaratdığı əlavə xərcləri maliyyələşdirmək çətinləşirsə, o gəmi artıq yalnız çəkindirmə vasitəsi deyil, həm də artan xərc maddəsinə çevrilir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR