Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İraqdakı hərbi missiyası bu gün başa çatır. Vaşinqtonla Bağdad arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, ölkədə qalan sonuncu amerikalı hərbçilər də bu ölkəni tamamilə tərk edir. Bununla da 2003-cü ildə başlayan və 2011-ci ildə başa çatan ilk çəkilmədən sonra 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə yenidən bərpa olunan ABŞ hərbi mövcudluğu sona çatır.
ABŞ qüvvələrinin ölkədən çıxması İrana yaxın silahlı qruplar tərəfindən müsbət qarşılanır və bu addım İraqın tam suverenliyinin bərpası kimi təqdim edilir. Lakin ölkənin şimalındakı Kürdüstan regionunda vəziyyətə yanaşma fərqlidir. Peşmərgə rəhbərliyi ABŞ qüvvələrinin getməsinin xüsusilə hava hücumundan müdafiə sistemlərinin də ölkədən çıxarılması fonunda ciddi narahatlıq yaratdığını açıqlayıb. Kürdüstan rəsmilərinin məlumatına görə, son ABŞ-İran qarşıdurması dövründə regiona mindən çox pilotsuz uçuş aparatı və ballistik raket hücumu olub. Bununla da Vaşinqtonun İraqdan hərbi çəkilməsi yalnız iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçməsi deyil, həm də Yaxın Şərqdə təhlükəsizlik balansının yenidən formalaşması baxımından diqqət çəkir. Üstəlik, İrana bağlı güclü silahlı qrupların tərksilah məsələsində geri addım atmaması fonunda ABŞ hərbçilərinin ölkədən çıxması Bağdad üçün yeni təhlükəsizlik çağırışları yaradır. İraq hökuməti əvvəlcə silahlı qrupların tərksilahını ABŞ-nin çıxışı ilə eyni tarixə bağlasa da, bu məsələ üzrə son tarix 2027-ci ilin iyununa keçirilib. İndi əsas diqqət ABŞ-nin getməsindən sonra İraqda təhlükəsizlik boşluğunun yaranıb-yaranmayacağına və İranın dəstəklədiyi qrupların ölkənin siyasi və hərbi proseslərində təsirinin necə dəyişəcəyinə yönəlib.
Vaşinqtonun hərbi mövcudluğunun başa çatması regionda yeni güc balansının başlanğıcı ola bilərmi? ABŞ-nin hava hücumundan müdafiə sistemlərini də çıxarması xüsusilə Kürdüstan üçün hansı nəticələr doğuracaq?

Siyasi şərhçi Aqşin Kərimov Musavat.com-a bildirib ki, ABŞ-nin İraqdakı koalisiya hərbi missiyasının başa çatması hələ Vaşinqtonun Yaxın Şərq strategiyasını tamamilə dəyişdirdiyi və bu siyasətin köklü transformasiyaya məruz qaldığı mənasına gəlmir:
“Ağ Evin İraq hökuməti qarşısında müəyyən tələbləri var. Bu, ABŞ-nin Milli Müdafiə Səlahiyyəti Aktındakı İraqla bağlı müddəalarla müəyyən edilir. Tələblərdən biri budur ki, Bağdad Vaşinqtondan yardım almaq istəyirsə, İranla əlaqəli silahlı qüvvələrə qarşı nəticə əsaslı və konkret addımlar atmalıdır. Bu baxımdan ABŞ üçün İraqda hərbi kontingentin saxlanmasının əvvəlki strateji əhəmiyyəti tədricən azalır və müəyyən öhdəliklərin icrası artıq İraq hökumətinin və onun təhlükəsizlik strukturlarının üzərinə keçir. Ona görə də indidən Vaşinqtonun Yaxın Şərq strategiyasında hansı strateji dəyişiklikləri həyata keçirdiyini dəqiq proqnozlaşdırmaq çətindir. Kürd məsələsinə gəlincə, İraq Kürdüstanı ilə Türkiyə arasında münasibətlər kifayət qədər yaxşı inkişaf edir. Lakin burada əsasən Kürdüstan Demokrat Partiyası ilə münasibətlər prioritetləşdirilir. Kürdüstan Vətənpərvərlər Birliyinin İranla daha yaxın münasibətləri və Tehranın regional siyasəti ilə bağlı fərqli mövqeyi isə Vaşinqton üçün fərqli çağırışdır”.
Siyasi şərhçinin fikrincə, ABŞ-nin İraqla bağlı həyata keçirdiyi digər mühüm missiyalardan biri də Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin İraqa köçürülməsi prosesi idi:
“Bu isə onu göstərir ki, Vaşinqtonun gələcəkdə daha geniş strateji düşüncəyə əsaslanan müəyyən addımlar atması mümkündür. Hərçənd İranla müharibədə Vaşinqtonun maksimalist məqsədlərinin təmin edilməməsi fonunda Yaxın Şərq siyasəti ABŞ üçün kifayət qədər mürəkkəb istiqamət olaraq qalır. Üstəlik, Vaşinqtonun İraqda İranın strateji maraqları ilə toqquşması davam edə bilər. Ona görə ki, İran İraqın siyasi və təhlükəsizlik mühitində ən mühüm xarici təsir mərkəzlərindən biri olaraq qalır. Bunu İranın İraqın təhlükəsizlik strukturlarına və siyasi proseslərinə təsirində müşahidə etmək mümkündür. Belə bir şəraitdə ABŞ-İran rəqabətinin İraq coğrafiyasında hansı formada təzahür edəcəyi ciddi çağırış olaraq qalır və İraq hökuməti bu rəqabətin arasında öz mövqeyini təyin edir. Digər tərəfdən, ABŞ-nin kürd kartından bundan sonra necə istifadə edəcəyi də mühüm məsələdir. Əgər Vaşinqton bu istiqamətdə daha fəal yanaşma ortaya qoyarsa, bu, regionda yeni proseslərin başlanmasına səbəb olacaq. İranla müharibə başlayanda ABŞ-nin kürd kartından lazımi səviyyədə istifadə edə bilməməsi də ayrıca müzakirə mövzusudur. Belə bir vəziyyətdə Türkiyənin həm İraq Kürdüstanı ilə münasibətlər, həm də İranla əlaqələr baxımından praqmatik xətti qoruması onun regiondakı təsir imkanlarını daha da artıracaq”.
Cavanşir Abbaslı
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ