Onlayn ictimai-siyasi qəzet
Yuxusuzluq səviyyəsinin yüksək olduğu ölkələrdən biri olan Yaponiyada maraqlı yarış keçirilib. Onlarla iştirakçı ən sürətli və ən dərin yuxuya getmək üçün mübarizə aparıb.
Musavat.com xəbər verir ki, Tokioda yataq istehsalçısı Koala Sleep Japan şirkətinin təşkil etdiyi “Matt Race” adlı yarışda iştirakçılar ən rahat şəkildə yatmaq üçün xüsusi hazırlanmış çarpayılara uzanıblar.
AFP-nin məlumatına görə, özlərini “usta yuxu yarışçıları” adlandıran iştirakçılar zəif işıqlandırılmış otaqda yataraq böyük mükafat uğrunda mübarizə aparıblar. Yarışçılara yuxuya getmək və mümkün qədər keyfiyyətli yatmaq üçün 90 dəqiqə vaxt verilib.
İştirakçıların başına yuxunu izləyən xüsusi cihazlar yerləşdirilib. Münsiflər onların nə qədər müddətə yuxuya getdiyini və yuxunun dərinliyini rəqəmsal cihazlarla müəyyənləşdiriblər.
Bəzi iştirakçılar yanlarında gətirdikləri oyuncaq ayılara sarılaraq yatmağa çalışıb, digərləri isə qulaqlıqlardan istifadə edərək musiqi sədaları altında yuxuya gedib.
Yarışın qalibi “Suimii” ləqəbli qadın olub. O, 2 milyon yen mükafat qazanıb.
Mükafatı qazandıqdan sonra pulla nə edəcəyini açıqlayan Suimii, əsasən köçmə xərclərinə sərf etməyi düşündüyünü bildirib. O, həmçinin şahzadə yatağına bənzər yeni çarpayı almaq istədiyini deyib.
Yarışda iştirak edən 32 yaşlı Chisato Honda isə təcrübəsini belə qiymətləndirib: “Gözümü açıb yumana qədər bitdi. Kaş bir az daha yata biləydim. Çox xoşbəxt edən yarışma idi”.
Tədbirin təşkilatçılarından Riçiro Nakama Yaponiyanın yuxusuzluqdan əziyyət çəkən ölkə kimi tanındığını bildirib. Onun sözlərinə görə, uzun iş saatları və yorucu gediş-gəliş müddətləri insanların kifayət qədər yatmasına mane olur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci il məlumatlarına əsasən, Yaponiyada insanlar sutkada orta hesabla 7 saat 24 dəqiqə yatır. Bu göstərici OECD-yə üzv ölkələr arasında ən aşağı orta yuxu müddətlərindən biri hesab olunur.
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ