Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında inteqrasiyanın daha da dərinləşdirilməsi istiqamətində mühüm addım atıla bilər.
Belə ki, TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev APA-ya açıqlamasında təşkilata üzv beş ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın vətəndaşlarının gələcəkdə pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi üçün hazırlıqların aparıldığını bildirib.

Hazırda Azərbaycan və Türkiyə vətəndaşları arasında bu imkan artıq mövcuddur.
Bəs beş türk ölkəsi arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı gediş-gəliş mexanizminin yaradılması nə dərəcədə realdır? Bu addım Azərbaycan vətəndaşlarına hansı üstünlükləri verə bilər? Layihənin qarşısında hansı hüquqi və təhlükəsizlik məsələləri dayanır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı, TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Platformasının baş katibi Azər Allahverənov Musavat.com-a açıqlamasında bunun kifayət qədər real perspektiv olduğunu bildirib.

Deputat qeyd edib ki, Türk dövlətləri arasında inteqrasiya prosesləri sürətlənir və Azərbaycanla Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan arasında imzalanan mühüm sənədlər bu əlaqələri daha da möhkəmləndirir:
“Türk dövlətləri arasında inteqrasiya meyilləri kifayət qədər sürətlənməkdədir. Bu gün iki və üçtərəfli formatda imzalanmış çox vacib sazişlər var. Bu sazişlər faktiki olaraq Türk dövlətlərini bir-birinə çox sıx bağlayır. Azərbaycanın Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla imzaladığı sənədlərin mahiyyətindən irəli gələrək çox yaxın inteqrasiya münasibətlərinin qurulması təmin edilib. Bu proses getdikcə sürətlənir. Nəzərə alsaq ki, çox mühüm iqtisadi və regional layihələr də məhz həmin bağlantılar üzərindən reallaşır, inteqrasiyanın daha da dərinləşməsi üçün əsaslar kifayət qədər güclüdür”.
Azər Allahverənovun sözlərinə görə, artıq mövcud olan vizasız gediş-gəliş və Azərbaycan-Türkiyə modelində şəxsiyyət vəsiqəsi ilə səfər imkanının tətbiqi yeni mexanizmin yaradılması üçün mühüm təcrübədir:
“Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları üçün Azərbaycana vizasız giriş mövcuddur. Bu ölkələr arasında vizasız gediş-gəliş, şübhəsiz ki, miqrasiya mübadiləsinə çox müsbət təsir edir. Türkiyə vətəndaşları isə Azərbaycana, Azərbaycan vətəndaşları da Türkiyəyə vizasız gedib-gəlməklə yanaşı, yeni nəsil şəxsiyyət vəsiqələri ilə daxil ola bilirlər. Bu da çox vacib presedentdir. Məhz bu presedentə əsaslanaraq əminliklə deyə bilərəm ki, sözügedən layihə kifayət qədər realdır və mərhələli şəkildə reallaşdırılması mümkündür. İlkin mərhələdə vizasız gediş-gəlişin təmin olunmasıdır ki, bu artıq mövcuddur. Növbəti mərhələ milli şəxsiyyət vəsiqələri ilə səyahətin həyata keçirilməsidir. Bu da kifayət qədər realdır və perspektivi daha yaxındır”.
Deputat hesab edir ki, prosesin daha uzaq mərhələsində Şengen modelinə bənzər vahid Türk məkanının yaradılması da mümkün ola bilər. Lakin onun sözlərinə görə, bu, daha mürəkkəb və uzunmüddətli hədəfdir:
“Hətta bunun üçüncü mərhələsi də var. Məsələn, Şengenə bənzər vahid Türk məkanının yaradılması. Bu, artıq daxili sərhəd nəzarətinin əhəmiyyətli dərəcədə aradan qaldırılması deməkdir. Bu məsələ bir qədər mürəkkəbdir və gələcəkdə uzunmüddətli hədəf kimi dəyərləndirilə bilər. TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Platformasının baş katibi olaraq zaman-zaman Türk dövlətlərindən olan ekspertlərlə görüşlərim keçirilir. Həmin görüşlərdə Şengenə bənzər vahid Türk məkanının yaradılması məsələsi xüsusilə vurğulanır. Bununla bağlı sosial sifarişin olduğu açıq-aşkardır və ekspert dairələri də zaman-zaman bu istiqamətdə çağırışlar səsləndirirlər. Amma bunun üçün milli şəxsiyyət vəsiqəsi ilə səyahətin genişləndirilməsi prosesi reallaşmalıdır. Yəni əvvəlcə ikinci mərhələ həyata keçirilməlidir. Bundan sonra vahid Türk məkanı üçün zəruri işlər görülə bilər”.

Azər Allahverənov vurğulayıb ki, pasportsuz səyahətlə sərhədsiz hərəkət azadlığını eyniləşdirmək olmaz:
“Birinci halda pasport əvəzində biometrik şəxsiyyət vəsiqəsi təqdim olunur, amma sərhəd nəzarəti qalır. Azərbaycanla Türkiyə arasında olduğu kimi. İkinci halda isə dövlətlər arasında daxili sərhəd yoxlamaları aradan qaldırılır və insanlar daha rahat şəkildə səyahət edə bilirlər. Şengen sazişi ölkələrində olduğu kimi. Bu səviyyəyə gəlmək üçün çox vacib işlərin həyata keçirilməsinə ehtiyac var. Burada milli qanunvericiliklərin uyğunlaşdırılması, İT sistemlərinin təhlükəsizliyi və digər məsələlər önə çıxır. Yəni bu istiqamətdə görülməli kifayət qədər çox iş var”.
Deputat hesab edir ki, biometrik şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərin təmin olunması Azərbaycan üçün də mühüm iqtisadi və sosial üstünlüklər yarada bilər:
“Biometrik şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin təmin olunması yaxın vaxtlarda mümkün görünür. Ən azından bunun üçün çox ciddi siyasi iradə var. Bu, ilk növbədə insanların daha rahat səyahət etməsinə imkan yaradacaq. Beş ölkənin vətəndaşlarının bir-birinə daha rahat gedib-gəlməsi miqrasiya mübadiləsinə müsbət təsir göstərəcək. Eyni zamanda, beş ölkə arasında vahid hərəkət məkanının formalaşdırılması turizm, xidmət sahələri, ticarət və digər istiqamətlərin inkişafı üçün əlverişli şərait yarada bilər. Bu, həmçinin təhsil və əmək resurslarının mobilliyini təmin edən mühüm amildir. İnsanlar daha rahat şəkildə gedib-gələ, işləyə, yaşaya və biznes qura bilərlər”.
Azər Allahverənovun sözlərinə görə, Azərbaycanın tranzit və logistika rolunun güclənməsi fonunda belə bir mexanizmin yaradılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında mobilliyin artmasına da ciddi təsir göstərə bilər.
Deputat bununla yanaşı, prosesin yalnız hüquqi müstəvidə deyil, təhlükəsizlik baxımından da sistemli şəkildə həll edilməli olduğunu vurğulayıb:
“Burada milli sərhəd, miqrasiya, biometrik məlumatlar və cinayətkarlıqla mübarizə məsələləri var. Bunların hamısı ayrı-ayrılıqda çox vacib istiqamətlərdir. Lakin onların vahid sistem şəklinə salınması və beş dövlət arasında müvafiq prosedurların, hüquqi mexanizmlərin uyğunlaşdırılması zəruridir. Təhlükəsizlik məsələləri, şübhəsiz ki, çox önəmlidir. Burada biometrik İKAO standartları, məlumat mübadiləsi, transmilli cinayətkarlıqla mübarizə və qanunsuz miqrasiyanın qarşısının alınması kimi məsələlər var. Bunlar mütləq təhlükəsizlik müstəvisində öz həllini tapmalıdır”.
Deputat hesab edir ki, vətəndaşların sərbəst və rahat hərəkət imkanlarının genişləndirilməsi Türk Dövlətləri Təşkilatının praktiki inteqrasiyasını da sürətləndirə bilər:
“Siyasi nöqteyi-nəzərdən də bu, çox vacib addım kimi dəyərləndirilə bilər. Çünki Türk Dövlətləri Təşkilatının siyasi inteqrasiyası digər istiqamətlərdə inteqrasiyanın da reallaşmasına imkan yarada bilər. Bunların arasında vətəndaşların mobilliyi praktiki inteqrasiyanı mümkün edən mühüm amillərdən biridir. Gələcəkdə bu, bütövlükdə beş dövlət arasında insan mobilliyini təmin etməklə yanaşı, Türk dünyasının ümumi inteqrasiyasını da şərtləndirə biləcək məsələlərdən birinə çevrilə bilər. Təbii ki, bu, əsas təyinedici amil deyil, amma çox vacib amillərdən biri kimi qiymətləndirilə bilər. Əgər artıq bununla bağlı danışıqların aparılması gündəmə gətirilirsə, bu, aidiyyəti strukturların məsələ üzərində işlədiyini göstərir. Mən hesab edirəm ki, biometrik şəxsiyyət vəsiqələri ilə keçidin təmin olunması real və yaxın perspektivə hesablanmış məsələdir. Amma üçüncü mərhələ – vahid Türk məkanının yaradılması – bir qədər uzaq perspektivə hesablanmış məsələdir. Bunun üçün əvvəlcə birinci mərhələ tam sistemli şəkildə bərqərar edilməli, ikinci mərhələ reallaşdırılmalı, daha sonra üçüncü mərhələ barədə düşünmək mümkün olacaq”.
Xalidə Gəray
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ