İnsanlara hürriyət, millətlərə istiqlal!

3 oktyabr 1993 – Azərbaycanın tarixində dönüş nöqtəsi: 33 il əvvəl nə baş verdi?

Bu gün - 3 oktyabr Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən birinin ildönümüdür. 33 il əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Həmin seçkidə Heydər Əliyev 98,84 faiz səs toplayıb.

Bu tarix Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ağır siyasi, sosial və iqtisadi böhranla üz-üzə qaldığı bir dövrə təsadüf edirdi. Xatırladaq ki, 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, daxili siyasi çəkişmələr və iqtisadiyyatın çökməsi fonunda ölkədə ciddi böhran yaşanırdı. Həmin ilin iyununda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi, iyunun 24-dən prezident səlahiyyətlərini həyata keçirməyə başlaması və oktyabrın 3-də prezident seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

1993-cü ilin oktyabrından sonra qarşıda duran əsas məsələlər dövlət idarəçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın bərpası və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi idi. Sonrakı mərhələdə 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi dövlətin hüquqi əsaslarının formalaşdırılmasında mühüm addımlardan biri oldu.

Həmin dövrün iqtisadi siyasətində enerji sektoru xüsusi yer tutdu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın sonrakı iqtisadi inkişafında mühüm mərhələ oldu. Müqavilənin imzalanması xarici sərmayələrin cəlb olunmasına və ölkənin dünya iqtisadi sisteminə daha sıx inteqrasiyasına şərait yaradıb. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələri də Azərbaycanın regional iqtisadi və enerji xəritəsindəki mövqeyinin formalaşmasında rol oynayıb.

3 oktyabr tarixinin siyasi əhəmiyyəti ilə yanaşı, son 33 ildə Azərbaycanın iqtisadi göstəricilərində baş verən dəyişikliklər də diqqət çəkir.

Musavat.com xəbər verir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Azərbaycanın 1993-cü ildən bu yana keçdiyi iqtisadi yolu rəqəmlərlə ifadə edib. Millət vəkilinin açıqladığı göstəricilərə görə, 1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollara qədər yüksəlib. Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, bu müddətdə dövlət büdcəsinin həcmi təxminən 50 dəfə artıb.

Orta aylıq nominal əməkhaqqında da ciddi dəyişiklik qeydə alınıb. Belə ki, 1993-cü ildə 17,9 manat olan orta aylıq nominal əməkhaqqı 2025-ci ildə 1174 manata çatıb.

Beləliklə, 3 oktyabr 1993-cü ildən ötən 33 il Azərbaycanın siyasi və iqtisadi tarixində bir-biri ilə bağlı proseslərin baş verdiyi uzun bir mərhələni əhatə edir. Dövlət institutlarının formalaşdırılması, iqtisadiyyatın bərpası, enerji layihələri, xarici sərmayələrin cəlbi və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi bu dövrün əsas istiqamətləri sırasında göstərilir.

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət  tərəfdaşıdır - AZƏRTAC

Vüqar Bayramov 33 illik dövrün iqtisadi nəticələrini belə qiymətləndirib:

“Son 33 il Azərbaycan tarixinə iqtisadi tənəzzülə qarşı mübarizə, stabillik və sürətli iqtisadi artım dövrləri kimi daxil oldu. 1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollaradək artmışdır.

Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, son 33 il ərzində dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb. Son 33 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata yüksəlib.

Göründüyü kimi, son 33 ildə Azərbaycanın bütün iqtisadi göstəricilərində ciddi artımlar qeydə alınıb. Bu inkişafın banisi Ümummilli Liderdir. İnkişafın dayanıqlığını gücləndirən isə cənab Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən strateji siyasət olmuşdur".

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR