Onlayn ictimai-siyasi qəzet
ABŞ-də qeyri-insani şəraitdə saxlanılan 16 uşaq hüquq-mühafizə orqanları tərəfindən xilas edilib.
Musavat.com xəbər verir ki, ABŞ-nin Ohayo ştatının Vinton dairəsində yerləşən fərdi evdən yaşı 1,5-dan 18-ə qədər olan 16 uşaq dəhşətli şəraitdə xilas edilib. Uşaqlar dar məkanda saxlanılırdı, evin hər tərəfi insan nəcisilə örtülmüş vəziyyətdə idi. Dairənin şerifi bildirib ki, belə şəraitdə heç mal-qara da saxlanılmır.
Bəzi uşaqlar o qədər vəhşiləşmiş vəziyyətdə olublar ki, hətta danışmağı belə bacarmayıblar. Onlardan yeddisi təcili xəstəxanaya yerləşdirilib, iki uşaq isə helikopterlə xəstəxanaya çatdırılıb. Uşaqlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.
İlkin ehtimallara görə, polis evdə uşaq alveri ilə məşğul olan dəstənin yaşadığını düşünüb. Lakin sonradan məlum olub ki, evdə yaşayanlar uşaqların öz ailəsi olub. Uşaqların anası, atası, nənəsi və babası saxlanılıb. Onların uzun müddətdir antisosial həyat tərzi sürdüyü müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, ailə son dörd il ərzində qəyyumluq orqanlarının diqqətindən yayınmaq üçün davamlı olaraq yaşayış yerini dəyişib. Uşaqlar məktəbə göndərilməyib.
Dörd böyük şəxsə uşaqların həyatını təhlükəyə atmaq da daxil olmaqla, hər biri üzrə 16 maddə ilə ittiham irəli sürülüb. Onlar ittihamları qəbul etməyiblər. Hazırda uşaqlar dövlət orqanlarının himayəsinə götürülüb.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ