Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Nevada ştatında aparılan geoloji kəşfiyyat işləri zamanı ölkə tarixinin ən böyük volfram yatağı müəyyən edilib. Mədən layihəsini həyata keçirən 3 Proton Lithium (3PL) şirkətinin məlumatına görə, yataqda təxminən 1,78 milyon ton volfram ehtiyatı var və onun hazırkı bazar dəyəri təxminən 152 milyard dollar qiymətləndirilir. Lakin yatağın bir hissəsi qorunan əraziyə düşdüyü üçün hasilata başlamaq mümkün deyil.
Musavat.com xəbər verir ki, şirkətin bildirdiyinə görə, Nevada ştatındakı Railroad Valley bölgəsində yerləşən mədən sahəsinin təxminən üçdə biri NASA-nın peyk kalibrləmə işləri apardığı xüsusi qorunan ərazi ilə üst-üstə düşür.
ABŞ Torpaq İdarəetmə Bürosu 2023-cü ildə həmin ərazidə mədən fəaliyyətini qadağan edib. Bu səbəbdən yatağın əhəmiyyətli hissəsində qazıntı və hasilat işləri aparmaq mümkün deyil.
3PL şirkəti hesab edir ki, qadağa tətbiq olunarkən bölgənin real mədən potensialı tam qiymətləndirilməmişdi.
Şirkət ABŞ hökuməti ilə danışıqlar apararaq məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsini istəyir. Rəhbərlik bildirir ki, layihə ölkənin kritik minerallarla təminatı və milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Volfram zirehdələn sursatların, raket sistemlərinin, aviasiya avadanlıqlarının və yüksək möhkəmliyə malik sənaye alətlərinin istehsalında istifadə olunur.
Hazırda ABŞ bu metal üzrə əsasən idxaldan asılıdır, dünya istehsalının təxminən 80 faizi isə Çinin payına düşür. Mütəxəssislər bildirirlər ki, Nevada yatağının istismara verilməsi bu asılılığı azaltmağa kömək edə bilər. Bununla belə, NASA ilə bağlı hüquqi məhdudiyyətlər aradan qaldırılsa belə, mədənin istismara verilməsi üçün ən azı bir neçə il tələb olunacağı gözlənilir. Son illərdə volframın qiyməti də müdafiə sənayesində artan tələbat və Çinin ixrac məhdudiyyətləri səbəbindən kəskin yüksəlib.
Musavat.com
06 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ