Onlayn ictimai-siyasi qəzet
Çinin Azərbaycana birbaşa investisiyalarının həcmi 2026-cı ilin ilk yarısında 14 faiz artaraq 15,5 milyon ABŞ dollarına çatıb. Ötən ilin eyni dövründə bu göstərici 13,6 milyon dollar olub. Bununla belə, Çin kapitalının Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı hələ də 0,4 faiz səviyyəsindədir.
Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti son dövrdə xüsusilə avtomobil sənayesi, nəqliyyat və digər sahələrdə diqqət çəkir. Bəs Çinin Azərbaycana investisiya marağının artmasının əsas səbəbi nədir və Çin kapitalı qarşıdakı dövrdə daha çox hansı sahələrə yönələ bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Çinin Azərbaycana birbaşa investisiyalarının artması ilk növbədə iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın genişlənməsi ilə bağlıdır. 2026-cı ilin ilk yarısında artım olsa da, 15,5 milyon dollarlıq investisiya və ümumi xarici investisiyalarda 0,4 faizlik pay göstərir ki, Çin kapitalının Azərbaycandakı mövqeyi hələ kifayət qədər böyük deyil.
Çin üçün Azərbaycanın əsas üstünlüklərindən biri coğrafi mövqeyidir. Azərbaycan Çinlə Avropa arasında Orta Dəhlizin üzərində yerləşir və bu marşrutun inkişafı Çin şirkətləri üçün təkcə tranzit deyil, həm də logistika, anbar, terminal, rəqəmsal gömrük və yükdaşıma infrastrukturu sahələrində biznes imkanları yaradır. Son günlər Azərbaycan Dəmir Yolları ilə Çin şirkətləri arasında da məhz Orta Dəhliz üzrə yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi müzakirə olunub".
İqtisadçıya görə, digər mühüm istiqamət avtomobil sənayesidir:"BYD-nin Sumqayıt Sənaye Parkında elektrik avtobuslarının istehsalı layihəsində iştirakı Çin kapitalının artıq sadəcə məhsul ixracından yerli istehsala keçməyə başladığını göstərir. Bu tendensiya gələcəkdə elektrik avtomobilləri, batareyalar, enerji doldurma infrastrukturu və avtomobil komponentlərinin istehsalına da yayıla bilər.
Enerji də perspektivli sahələrdən biridir. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq sənədlərində yaşıl enerji, elektrik energetikası, yüksək texnologiyalar, süni intellekt, neft-qaz və neft-kimya sahələri ayrıca əməkdaşlıq istiqamətləri kimi göstərilir".
Akif Nəsirli hesab edir ki, qarşıdakı mərhələdə Çin kapitalının Azərbaycanda daha çox fiziki istehsal və logistika infrastrukturu yaradan layihələrə yönəlməsi mümkündür: "Xüsusilə, elektrik nəqliyyatı, avtomobil komponentləri, günəş və digər yaşıl enerji texnologiyaları, logistika mərkəzləri, liman və dəmir yolu infrastrukturu, elektron ticarət və rəqəmsal texnologiyalar diqqət çəkə bilər. Bunun əsas səbəbi Azərbaycanın Çin üçün həm regional bazar, həm də Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa xəttində istehsal və logistika platformasına çevrilmək potensialıdır.
Lakin bunun üçün yalnız siyasi münasibətlərin yaxşı olması kifayət etmir. Çin şirkətləri üçün layihələrin kommersiya gəlirliliyi, logistika xərcləri, yerli bazarın həcmi, ixrac imkanları və investisiyaların qorunması şərtləri də həlledici olacaq. Azərbaycanın 2026-cı ildə Çinin Quandon əyalətindən investisiya cəlb etmək məqsədilə ayrıca investisiya-ticarət forumu keçirməsi də bu istiqamətdə daha fəal siyasətin aparıldığını göstərir"
Afaq Mirayiq,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ