İnsanlara hürriyət, millətlərə istiqlal!

“1 milyard dolları da aşacağıq” – Azərbaycan-Özbəkistan ticarətində BÖYÜK HƏDƏF

Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaranır. İki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəfi müəyyənləşdirilib. Bu məqsədlə ticarətlə yanaşı, qarşılıqlı investisiyaların və sənaye kooperasiyasının artırılması da nəzərdə tutulur.

Picture backgroundİqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanla Özbəkistan arasında ticarətin artırılması üçün çox böyük potensial mövcuddur. İqtisadçı bu potensialı bir neçə istiqamətdə dəyərləndirib:"Birinci istiqamət Özbəkistanın özünün sürətlə dəyişməsi ilə bağlıdır. Bu ölkə iqtisadiyyatında ciddi transformasiya həyata keçirir. Yeni istehsal sahələri yaradılır, xarici investisiyalar artır, Çin, ABŞ və digər ölkələrin kapitalı hesabına yeni müəssisələr qurulur. Eyni zamanda elektronika, məişət texnikası və müxtəlif sənaye məhsullarının istehsalı kimi sahələrdə real nəticələr əldə olunur.
Təbii ki, bu proseslər davam etdikcə Özbəkistanın ixracı da artacaq. Özbəkistanın ixracının genişlənməsi Azərbaycanın da bu ölkəyə ixrac imkanlarının artmasına şərait yarada bilər. Eyni zamanda Özbəkistan həm Azərbaycan məhsulları üçün böyük bazara, həm də Azərbaycanın digər bazarlara çıxışı baxımından mühüm tərəfdaşa çevrilə bilər. Yəni Özbəkistanın iqtisadiyyatının və ixracının böyüməsi nəticə etibarilə Azərbaycanla ticarətin də artmasına gətirib çıxaracaq".

WhatsApp Image 2026-08-22 at 15.14.04.jpeg (73 KB)

İqtisadçı Özbəkistanın Azərbaycanın özü üçün də perspektivli alternativ ixrac bazarı olduğunu vurğulayıb: "Söhbət böyük əhalisi olan, sürətlə inkişaf edən, dünyaya açılan və transformasiya prosesindən keçən bir ölkədən gedir. Azərbaycanın ixrac coğrafiyasını genişləndirməsi, xüsusilə Rusiya istiqamətindən asılılığın azaldılması baxımından Özbəkistan ən maraqlı alternativ bazarlardan biridir".

Eldəniz Əmirov Azərbaycan-Özbəkistan ticarət əlaqələrinin inkişafında Orta Dəhlizin rolunu da xüsusi qeyd edib: "Bu marşrut iki ölkə arasında ticarət əlaqələrinin artmasına təsir edən əsas amillərdən biridir. Çünki Orta Dəhliz artıq gələcəyin nəzəri layihəsi deyil, real iqtisadi nəticələr yaradan nəqliyyat marşrutudur.
Məsələn, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımalar 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Bu dinamika 2026-cı ilin ilk yarısında daha da sürətlənib və daşımaların həcmində 12,2 faizlik artım qeydə alınıb.
Düşünürəm ki, Orta Dəhliz Özbəkistan üçün son dərəcə əhəmiyyətlidir. Çünki dənizə birbaşa çıxışı olmayan Özbəkistan Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına alternativ marşrut əldə edə bilir. Gələcəkdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə əlaqələndirilməsi bu imkanları daha da genişləndirəcək. Bu, sadəcə ehtimal deyil, reallaşması gözlənilən və hər iki ölkənin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq layihədir".

Ekspert hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıqda artıq yeni model formalaşır: "Azərbaycan Özbəkistan üçün Qərbə çıxış qapılarından birinə, Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiyada böyük və böyüyən bazara çevrilir. Bu, həm idxal, həm də ixrac baxımından əhəmiyyətlidir.
Ona görə də iki ölkə arasında 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nə qədər müddətdə çatılacağını dəqiq söyləmək çətindir. Burada iqtisadi amillərlə yanaşı, digər faktorlar da rol oynayır. Amma istənilən halda bu, əlçatmaz hədəf deyil. Düşünürəm ki, hətta 1 milyard dollarlıq göstərici də aşılacaq. Bunun nə zaman baş verəcəyi isə artıq zaman məsələsidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR