İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi İranı ikiyə böldü

İranın TRIPP layihəsi ilə bağlı mövqeyi yenidən sərtləşib. Tehran layihənin hazırkı formatını öz təhlükəsizliyi baxımından riskli hesab edir və xüsusilə ABŞ-nin regionda hər hansı təhlükəsizlik rolunu üzərinə götürməsinə qarşı çıxır.

SEPAH-ın general-mayoru Rəhim Səfəvi Ermənistanla TRIPP layihəsi üzrə hər hansı ilkin razılaşmanın əldə olunmadığını bildirib. Onun sözlərinə görə, Tehran Ermənistan tərəfinə özünün “qırmızı xətlərini” çatdırıb və layihənin mövcud formatını İran üçün təhlükə kimi qiymətləndirir.

Xüsusilə ABŞ faktorunun önə çəkilməsi diqqət çəkir. Səfəvi layihə çərçivəsində təhlükəsizliyin ABŞ hərbçilərinə həvalə olunacağı təqdirdə İranın buna cavab vermək hüququnu özündə saxladığını bəyan edib. Eyni zamanda o, İran-Ermənistan sərhədində və marşrutlar üzərində nəzarətin Ermənistan sərhədçiləri tərəfindən həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Tehranın bu mövqeyi TRIPP layihəsinin yalnız nəqliyyat və iqtisadi layihə olmadığını, onun ətrafında ciddi geosiyasi və təhlükəsizlik rəqabətinin də formalaşdığını göstərir.

Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələrinin açılması region üçün yeni imkanlar yaratsa da, ABŞ-nin prosesdə iştirakı İranın təhlükəsizlik hesablamalarını dəyişdirir.

İranın bu sərt mövqeyi TRIPP layihəsinin reallaşmasına mane ola bilərmi? Tehran ABŞ-nin regiondakı mümkün təhlükəsizlik rolunu niyə bu qədər ciddi təhdid kimi qəbul edir? İranın “qırmızı xətləri” Ermənistan tərəfindən nə dərəcədə nəzərə alına bilər?

MEHEMMED.jpg (68 KB)

Musavat.com xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rəhim Səfəvinin TRIPP layihəsi və Zəngəzur dəhlizi ilə bağlı açıqlaması bir daha göstərir ki, İranın siyasi-hərbi elitasında bu məsələylə bağlı ciddi fikir ayrılığı mövcuddur:

“Maraqlıdır ki, İran prezidenti Məsud Pezeşkian dəfələrlə Zəngəzur dəhlizinin İranın maraqlarına təhdid yaratmadığını və regionda inteqrasiyaya xidmət edə biləcəyini bildirib. Lakin SEPAH-ın mövqeyi bundan fərqlənir. Bu da İran hakimiyyət sistemində Zəngəzur dəhlizinə münasibətdə ciddi fikir haçalanmasının olduğunu göstərir. Bir tərəfdə hökumət və prezident səviyyəsində daha praqmatik yanaşma, digər tərəfdə isə SEPAH və ona yaxın hərbi dairələrin sərt etirazı müşahidə olunur. Ermənistanla İran arasında TRIPP layihəsi ilə bağlı razılaşmanın olub-olmaması məsələsində də ziddiyyətli açıqlamalar diqqət çəkir. Ermənistan tərəfi belə bir razılaşmanın əldə edildiyini rəsmi şəkildə bildirirsə, İran tərəfinin bunu inkar etməsi suallar yaradır. Hesab edirəm ki, burada Ermənistanın açıqlaması daha əsaslı görünür və SEPAH-ın mövqeyi İran hökumətinin Ermənistanla əldə etdiyi razılaşmaya qarşı siyasi təzyiqdir. Lakin SEPAH-ın Zəngəzur dəhlizinə və TRIPP layihəsinə qarşı çıxması bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilməz. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistanın deyil, Şərqlə Qərbi birləşdirən daha geniş beynəlxalq nəqliyyat layihəsinin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin də son proseslərdə verdiyi strateji mesajlar göstərir ki, regionda yeni nəqliyyat-kommunikasiya arxitekturasının formalaşması istiqamətində ciddi iradə mövcuddur. Eyni zamanda İranın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində, o cümlədən Astara-Rəşt istiqamətində proseslərə qoşulması regional inteqrasiyanın daha geniş formatda inkişaf etdirilməsi üçün imkan yarada bilər”.

Politoloq hesab edir ki, burada əsas problem İranın regiondakı siyasətində getdikcə daha çox özünü göstərən ziddiyyətlərdir:

“Tehran bir tərəfdən qonşu ölkələrlə əməkdaşlıq və regional təhlükəsizlikdən danışır, digər tərəfdən isə regionun mühüm nəqliyyat və iqtisadi layihələrinə qarşı sərt mövqe nümayiş etdirir. İranın qonşularının əksəriyyəti ilə münasibətlərinin gərginləşməsi ölkənin regional təcridini daha da dərinləşdirə bilər. Xüsusilə SEPAH-ın İranın xarici və daxili siyasətində həddindən artıq böyük rolunun artması uzunmüddətli perspektivdə İran dövlət sistemi üçün ciddi suallar yarada bilər. Əgər hərbi struktur siyasi qərarların müəyyənləşdirilməsində hökumət institutlarından daha dominant mövqeyə keçərsə, bu, İranın həm daxili siyasi sabitliyinə, həm də qonşu dövlətlərlə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu baxımdan, İran üçün ən optimal yol qonşularla qarşıdurmanı artırmaq deyil, regional iqtisadi və nəqliyyat layihələrində iştirak etməkdir. Zəngəzur dəhlizi və TRIPP kimi layihələrə qarşı çıxmaq əvəzinə İran bu proseslərdən öz iqtisadi və geosiyasi maraqları üçün istifadə edə bilər. Əks halda, Tehran regionda gedən inteqrasiya proseslərindən kənarda qalaraq özünü daha böyük təcrid riski ilə üz-üzə qoya bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR