Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, savaşın qışa qədər başa çatması üçün bütün imkanlarını səfərbər edəcək. Ukrayna lideri Kremlin yeni hərbi planlar hazırladığını və Putinin müharibəni daha da uzatmağa çalışdığını vurğulayıb.
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a savaşı başa çatdırmağın tək Ukraynanın iradəsindən asılı olmadığını bildirib:
“Ukrayna prezidentinin son açıqlamaları onu deməyə əsas verir ki, yaxın perspektivdə Rusiyaya qarşı hərbi əməliyyatlar davam edəcək. Hərçənd 2026-cı ildə müharibənin başa çatacağı ilə bağlı müxtəlif proqnozlar və siyasi bəyanatlar səsləndirilir, praktik vəziyyət isə göstərir ki, döyüşlər hələ də davam edir. Müharibənin dayandırılması yalnız Ukraynanın iradəsindən asılı deyil. Bunun üçün həm Rusiyanın mövqeyində dəyişiklik, həm də beynəlxalq səviyyədə ciddi siyasi razılaşmaların əldə olunması lazımdır. Xüsusilə qlobal güclərin ortaq siyasi qərarı və diplomatik təzyiqləri olmadan münaqişənin qısa müddətdə başa çatması olduqca çətin görünür. Rusiyanın hərbi və siyasi planlarına gəldikdə isə Moskva taktiki vəziyyətə uyğun olaraq öz strategiyasını dəyişə bilir”.
Onun fikrincə, eyni yanaşmanı digər böyük dövlətlər də tətbiq edirlər: “Məsələn, ABŞ da regiondakı şəraitə və geosiyasi proseslərə uyğun olaraq taktiki addımlarını yeniləyir. Buna görə də hazırkı mərhələdə daha çox strateji məqsədlərdən deyil, tərəflərin dəyişən şəraitə uyğun həyata keçirdiyi taktiki qərarlardan danışmaq daha doğru olar”.
Cavanşir Abbaslı
Musavat.com
04 Avqust 2026
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ