İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqin “NATO-su” hərəkətləndi – Yeni GƏLİŞMƏ

Müsəlman dünyasında təhlükəsizlik strukturunu dəyişə biləcək yeni proses başlayır. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin icrası ilə bağlı üç ölkənin baş qərargah rəislərinin Ər-Riyadda keçirdiyi görüş bu əməkdaşlığın artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq konkret hərbi mexanizmlərə doğru irəlilədiyini göstərir.

Burada diqqətçəkən məqam üç ölkənin malik olduğu fərqli imkanların bir təhlükəsizlik çətiri altında birləşməsidir. Türkiyənin NATO üzvü kimi böyük və təcrübəli ordusu, Pakistanın nüvə silahına malik olması, Səudiyyə Ərəbistanının isə böyük maliyyə və müdafiə imkanları bu formatın regional çəkisini əhəmiyyətli dərəcədə artıra bilər.

Türkiyə real təhlükə yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına qoşun, hava hücumundan müdafiə sistemləri və digər hərbi imkanlar göndərə bilərmi? Pakistanın nüvə statusu isə bu sazişə hansı əlavə çəkindirmə gücünü qazandırır?

Məcburiyyətlə öyrədilən tarixin ömrü qısa olur” – Əli Orucov

Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, Məkkə sazişi “müsəlman NATO-su”, yaxud bu alyansa alternativ kimi təqdim edilsə də, yanlış təqdimatlardır: “Doğrudur, Məkkə Birgə Müdafiə Sazişində üzv dövlətlərin birgə təhlükəsizlik və müdafiə məsələləri, hərbi, texnoloji sahələrdə, kəşfiyyat, lojistik mübadilələr nəzərdə tutulsa da, hazırda dünyada, xüsusən də Yaxın Şərq regionunda yaranmış mürəkkəb vəziyyət sənədin tətbiqini həssas və riskli edir. Söhbət əsasən də Yəməndəki husilərlə Səudiyyə Ərəbistanı arasında silahlı qarşıdurma fonunda Türkiyənin və Pakistanın atacaqları addımlardan gedir. Husilərin arxasında İranın durması aydındır. Lakin pərdə arxasında digər güclər də var. İsrail çox istərdi ki, Türkiyə husilərə qarşı hərbi əməliyyatlara cəlb olunsun. Ancaq husilərin davamlı hücumları Səudiyyə Ərəbistanının müttəfiqləri tərəfindən müdafiəsini zərurələşdirir. Bu həm də Məkkə Sazişinin gələcək perspektivləri üçün də sanki bir sınaqdır. Əgər Yəmən Husiləri ilə Səudiyyə Ərəbistanı arasında silahlı toqquşmalar durdurulsa və Ər-Riyada göstəriləcək dəstək effekt verərsə, o zaman sazişə etibar daha da artar və sırası genişlənər”.

Onun fikrincə, təhlükəsizlik çətiri axtarışında olan və ya güvənliyinin qayğısına qalan digər dövlət üçün də cəlbedici ola bilər: “Türkiyənin, Səudiyyə Ərəbistanın və Pakistanın baş qərargah rəislərinin toplantısı ilkin etapda birgə koordinasiyanın, təlimlərin və ehtimal olunan əməliyyat planlarının müzakirəsi, strukturların formalaşdırılması ilə bağlı da ola bilər. Pakistan və Türkiyə çalışır ki, qarşıdurmanın miqyası genişlənməsin və Yəmən müharibə poliqonuna çevrilməsin. Maksimum dərəcədə geniş hərbi əməliyyatlardan çəkinilsin. Bunun üçün də diplomatik müstəvidə fəal iş gedir. Məkkə Birgə Müdafiə sazişi həm İsrail, həm də İran üçün arzuolunan deyil. Çünki həmin saziş İsrailin bölgədə hegomon güc iddialarına, Tehranın isə geopolitik maraqlarına əngəl hesab olunur. Azərbaycanın bu hərbi əməkdaşlıq formatına qoşulmasını məqsədə müvafiq hesab etmirəm. Bakı öz neytrallığlnı qorumalı, bloklara Qoşulmama Hərəkatında iştirakını davam etdirməlidir. Azərbaycan Türkiyə və Pakistanla müttəfiq və dost ölkələr olsa da, Bakı bu məsələyə öz maraqları və təhlükəsizliyi kontekstindən yanaşmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR