İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə doğuldu, nəsli Qarabağda, özü isə Ukraynada... – Putin onu "qəhrəman" elan etdi

Rusiyada Ukrayna müharibəsində həlak olmuş “ArBat” batalyonunun komandiri Hayk Qasparyanın ailəsinə Rusiyanın ən yüksək dövlət mükafatlarından biri təqdim edilib.

Musavat.com xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov Hayk Qasparyana ölümündən sonra verilmiş Rusiya Qəhrəmanının “Qızıl Ulduz” medalını onun atası Arsen Qasparyana və nişanlısı Viktoriyaya təqdim edib.

Yevkurov Qasparyanın ailəsinə başsağlığı verib, onun zabit və komandir kimi fəaliyyətindən danışıb.

Hayk Qasparyanın bioqrafiyasında Azərbaycan və Qarabağla bağlı diqqətçəkən məqamlar var. O, 20 iyul 1991-ci ildə Xocavənd rayonunun Xanoba kəndində doğulub. Kənd həmin dövrdə Xnuşinak adlandırılırdı. Qasparyan iki yaşında olarkən valideynləri ilə birlikdə Rusiyaya köçüb. Ailə əvvəl Ryazan vilayətində, daha sonra Moskvada yaşayıb.

Qasparyan özü 2024-cü ildə verdiyi müsahibədə ailəsinin köklərinin Qarabağdan olduğunu, atasının isə indiki Xocalı rayonunun Dağyurd kəndindən olduğunu bildirmişdi. Dağyurd kəndi həmin dövrdə Saruşen adlandırılırdı.

Qasparyan həmin müsahibədə ailəsinin Qarabağdakı silahlı fəaliyyətindən də danışmışdı. Onun sözlərinə görə, çoxsaylı qohumları Azərbaycan ərazisində Azərbaycana qarşı fəaliyyət göstərən separatçı qanunsuz silahlı dəstələrin tərkibində iştirak edib, yaxın qohumlarından həlak olanlar olub. Qasparyan nəslinin qəbir yerlərinin də Qarabağda olduğunu bildirirdi.

Qasparyanın Qarabağla bağlılığı onun idman karyerasında da özünü göstərib. O, qarışıq döyüş növləri — MMA ilə məşğul olub, ACB liqasının turnirlərində iştirak edib və oktaqonda qondarma rejimin istifadə etdiyi “Artsax” ləqəbi ilə çıxış edib. Sonralar Rusiya-Ukrayna müharibəsində isə “Abrek” çağırış adından istifadə edib.

Qasparyan 2024-cü ildə verdiyi müsahibədə Qarabağ məsələsinin özü üçün bitmədiyini göstərən açıqlamalar da verib. O, özünü açıq şəkildə “Qarabağ ermənisi” adlandıraraq bununla fəxr etdiyini deyib. Qasparyan gələcəkdə Qarabağa qayıdışa inandığını bildirərək, özü qayıtmasa uşaqlarının, uşaqları qayıtmasa nəvələrinin Qarabağa qayıdacağına əmin olduğunu söyləyib.

Qasparyanın Rusiya-Ukrayna müharibəsinə gedən yolu da diqqətçəkəndir. Açıq mənbələrdə yayılan məlumatlara görə, o, həbs cəzası çəkərkən 2022-ci ildə məhbusların “Vaqner” özəl hərbi şirkətinə cəlb edilməsi prosesində bu quruma qoşulub. Daha sonra Ukraynaya göndərilib.

“Vaqner”in tərkibində Qasparyan sıravi döyüşçü kimi deyil, hücum qrupunun komandiri kimi fəaliyyət göstərib. O, Soledar və Baxmut istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 31 dekabr 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin ona şəxsən “İgidliyə görə” medalını təqdim edib. Bəzi mənbələr Qasparyanı Rusiyada dövlət mükafatı alan ilk keçmiş məhbuslardan biri kimi təqdim edib.

“Vaqner”lə müqaviləsi başa çatdıqdan sonra Qasparyan evə qayıdıb. Lakin təxminən ay yarım sonra yenidən Ukraynadakı müharibə zonasına gedib və ermənilərdən təşkil olunmuş “ArBat” batalyonuna rəhbərlik etməyə başlayıb.

2023-cü il iyulun 1-dən “ArBat” Rusiya Müdafiə Nazirliyinin strukturlarına daxil olub. Qasparyanın rəhbərlik etdiyi bölmə daha sonra Avdeyevka və Novobaxmutovka istiqamətlərində, 2024-cü ildən isə Kursk vilayətində gedən döyüşlərdə iştirak edib.

Qasparyan 9 fevral 2026-cı ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Onun “Rusiya Qəhrəmanı” adına təqdim edilməsi məsələsi də ölümündən əvvəl gündəmə gətirilmişdi. Rusiya Erməniləri İttifaqının məlumatına görə, təşkilat Qasparyanın Rusiyanın ən yüksək dövlət mükafatına layiq görülməsi üçün müraciət etmişdi. Ölümündən sonra isə ona “Rusiya Qəhrəmanı” adı verilib.

Qasparyanın nişanlısı Viktoriya hamilədir. Onların toyu 21 fevral 2026-cı ilə planlaşdırılmışdı, lakin Qasparyan toyuna 12 gün qalmış Ukrayna cəbhəsində həlak olub. Ailənin məlumatına görə, onların oğlunun 2026-cı ilin oktyabrında dünyaya gəlməsi gözlənilir və uşağa atasının “şərəfinə” Hayk Qasparyan adı veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR