İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ÖLÜMCÜL taktikaya keçir, Rusiyada ETİRAZ artır – “Belə getsə...”

Ukraynaya qarşı işğalçı müharibə Rusiya daxilində getdikcə daha güclü narazılıq doğurmaqdadır. Özü də bu narazılıq müharibə uzandıqca siyası elitanı və oliqarxiyanı da əhatə eləməkdədir. Kommunist Partiyasının lideri Gennadi Züqanovun tənqidi fikirləri bu xüsusda diqqət çəkir.

Züqanova görə, indiki siyasi kurs və Ukraynaya qarşı müharibə davam edəcəyi təqdirdə Rusiya məğlub olacaq. Rəsmi Moskvanı “ədalət, dostluq və sosializm” siyasətinə keçməyə çağıran partiya sədri deyib: “Əgər siyasi kurs dəyişməsə və bu yorucu müharibə davam etsə, hamı uduzacaq. Sol mərkəzçi dönüş olmadan, ədalətə, dostluğa və sosializmə qayıtmadan bu qələbəni möhkəmləndirmək mümkün deyil”.

Züqanov Kremlin iqtisadi siyasətini də tənqid edərək, ölkədə qiymətlərin artdığını və Rusiyanın texnoloji baxımdan geri qaldığını bəyan edib: “Biz 20 il ərzində heç olmasa, öz telefonumuzu belə istehsal edə bilməmişik”.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı ildə 3–4% böyüdüyü halda, Rusiya 15 ildir təxminən 1% artım nümayiş etdirir. Bundan əlavə, Züqanov Ukraynaya qarşı genişmiqyaslı müharibə illərində Rusiyadakı oliqarxların sayının 105 nəfərdən 155 nəfərə yüksəldiyini bildirib. Qeyd edib ki, rusiyalı oliqarxların ümumi sərvəti 700 milyard dollar təşkil edir...

Ancaq məsələ ondadır ki, artıq oliqarxiya da müharibənin uzanmasını istəmir. Ona görə ki, həm biznes şərtləri get-gedə ağırlaşır, həm də müharibənin maliyyələşməsində onun payı zorla artırılır və sanksiyalar riski artır.

Yeri gəlmişkən, az öncə Kremlə yaxın avrasiyaçı-filosof Aleksandr Duqin müharibə ilə bağlı başqa bir sensasion fikir söyləmilşdi. Duqin təlaşlı tonda demişdi ki, Rusiya elitası Putinə təzyiq göstərir və onu müharibəyə son qoymağa çağırır.

Sitat: “Liderimiz və bütün millət qələbəyə qədər müharibə aparmağa hazırdır. Elita isə onun üzərində qaranlıq bir kütlə kimi dayanır və “dayandırın” deyir. Amma bu mümkünsüz. Qələbədən savayı yol yox”.

Duqinə görə, Putin “düzgün əmrlər verir, lakin gözlənilən nəticə alınmır”. Odur ki, o, səbəbləri araşdırmağa və islahatlara çağırıb.

Ancaq çətin ki, hansısa araşdırmalar və ya “islahatlar” ciddi nəticə versin, çünki Rusiyanın Ukraynada düşdüyü “bataqlıq” çox dərindir və oradan qurtuluş asan gorünmür...

Rusiya-Ukrayna müharibəsi: hər iki tərəf kritik vəziyyət qarşısında

“Ukrayna Rusiyanın logistika, hava hücumundan müdafiə və aviasiyasına zərbələr endirməklə, eləcə də arxa cəbhədəki əməliyyatlarla Donetsk bölgəsini ələ keçirmək planını faktiki olaraq pozub. Rusiya prezidenti Vladimir Putin isə saxta seçkilər sayəsində hakimiyyətdə qalır və bunu müharibəyə dəstəyin "sübutu" kimi istifadə edir”.

Britaniya kəşfiyyatının keçmiş zabiti Filip İnqrem “The Sun” qəzetinə açıqlamasında belə söyləyib (Axar.az).

O, həmçinin, bildirib ki, Ukrayna cəbhə xəttində Rusiyaya qarşı mübarizə aparmaq üçün bir sıra ölümcül taktikalar hazırlayıb: “Ukrayna görünməmiş döyüş effektivliyi səviyyəsinə çatıb. Rusiya tərəfində ölüm nisbətinin 60 faiz olduğu barədə məlumatlar var. Payızın sonlarında yeni səfərbərlik və ya çağırışın artırılması ehtimalı var, lakin Rusiyanın yeni əsgərləri yetişdirmək, silahlandırmaq, qidalandırmaq, səfərbər etmək və inteqrasiya etmək qabiliyyəti şübhə altındadır”...

Görünür bu və digər səbəbdən Rusiya rəhbərliyi kütləvi səfərbərliyə getməkdən çəkinir. Bu yöndə xəbər və iddiaları israrla təkzib edir. Ancaq hara kimi? 5-ci ilinə yaxınlaşan ədalətsiz müharibə ya dayandırılmalıdır, ya da kütləvi səfərbərliyə gedilməlidir. Hərçənd, iki variantın heç biri Kremlə qələbə vəd eləmir...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR