İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmən qazına Bakıdan yol açılır – MÜHÜM gəlişmə  

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. Dövlət başçısı səfər çərçivəsində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir. Azərbaycan-Türkmənistan münasibətlərində son illər siyasi əlaqələrlə yanaşı, enerji, nəqliyyat və tranzit sahələrində də əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Türkmənbaşı şəhərində İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Xüsusilə Azərbaycanın Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit imkanları, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizləri baxımından mövqeyi diqqət çəkir. Prezident İlham Əliyev də Türkmənbaşıda keçirilən görüşdə Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin artdığını, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirildiyini bildirib.
Bəs Azərbaycan-Türkmənistan əməkdaşlığının genişlənməsi ölkəmizin iqtisadi və geosiyasi mövqeyinə nə vəd edir?


Deputat Azər Allahverənov Musavat.com-a bildirib ki, ilk növbədə, Azərbaycan-Türkmənistan münasibətlərinin siyasi müstəvisində mühüm dinamika müşahidə olunur: "Azərbaycan-Türkmənistan əlaqələrinin ildən-ilə yeni məzmunla zənginləşərək daha da inkişaf etdirildiyini görürük və şübhəsiz ki, bu əlaqələr bir neçə müstəvidə inkişaf etdirilir. İlk növbədə, siyasi müstəviyə xüsusilə diqqət yetirmək lazımdır. İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə həyata keçirilməkdədir. İki ölkə başçıları arasında olan etimad və çox sıx, tarixi köklərə söykənən bağlılığın olması münasibətlərin siyasi müstəvidə də dərinləşməsinə təsir göstərir. Bununla yanaşı, iqtisadi bağların da daha da möhkəmləndiyini görürük. Burada çox vacib iki element diqqət çəkir. Birincisi, şübhəsiz ki, enerji sahəsində əməkdaşlıq əlaqələridir. Bu, bilavasitə Türkmənistan neftinin dünya bazarlarına, o cümlədən Azərbaycan üzərindən çıxarılmasını nəzərdə tutan çox vacib əməkdaşlıq müstəvisidir”.

Digər tərəfdən, deputat deyib ki, Türkmənistanın təbii qazının da dünya bazarlarına, mümkün olduğu halda Azərbaycan üzərindən çatdırılması olduqca strateji əhəmiyyət daşıyan bir enerji siyasəti kimi dəyərləndirilir: “Bu da nəticə etibarilə Azərbaycanla Türkmənistan arasındakı münasibətlərdə sırf Türkmənistana məxsus karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması baxımından olduqca vacibdir".

Deputat Azər Allahverənov: Layihəni tamamilə süni intellektin ixtiyarına  vermək olmaz

O, nəqliyyat-logistika sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını bildirib: “Məlum məsələdir ki, Şərqdən Qərbə doğru, Orta Dəhliz üzrə daşınan yüklərin böyük bir qismi məhz Qazaxıstan üzərindən daşınır. Amma nəzərə alsaq ki, yüklərin həcminin artırılması baş verir və bu da əlavə infrastrukturun qurulmasını zəruri edir, ona görə də yeni marşrutların Orta Dəhliz üzərindən, xüsusilə də Mərkəzi Asiya bölgəsində təşkil olunması həmin yük aşırma, xüsusilə də Xəzər dənizi üzərində yük aşırma qabiliyyətinin yüksəlməsinə gətirib çıxara bilər. Bu prosesdə Türkmənistanın rolu kifayət qədər böyükdür. Nəzərə alsaq ki, Xəzər dənizinin şərq hissəsində Qazaxıstan və Türkmənistanda fəaliyyət göstərən dəniz limanları üzərindən beynəlxalq Ələt dəniz limanına yüklərin çatdırılması təmin olunursa, bu, təbii ki, çox vacib nəqliyyat-logistika zənciridir”.

Deputatın sözlərinə görə, Mərkəzi Asiya dövlətlərini bir araya gətirən Məşvərət Şurasında Azərbaycanın tamhüquqlu üzv kimi iştirakı da regionla əlaqələrin genişləndirilməsi baxımından yeni imkanlar yaradır: “Nəticə etibarilə Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövləti olaraq, həm də Mərkəzi Asiya ilə olan bağlarını daha da gücləndirmiş olur. Bu da bütövlükdə Azərbaycanla Mərkəzi Asiya arasında olan inteqrasiya layihələrinin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır”.

A.Allahverənov hesab edir ki, Azərbaycan xalqı ilə türkmən xalqı arasında çox dərin tarixi köklər var: “Bu köklər üzərində də gələcəyi müəyyənləşdirəcək çox vacib platformaların fəaliyyət göstərdiyini xüsusilə qeyd edə bilərik. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də Mərkəzi Asiya ölkələri başçılarının Məşvərət Şurası kimi platformaları xüsusilə göstərmək olar. Onu da qeyd edim ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri və işğaldan azad olunmuş ərazilərdə olması, burada həyata keçirilən bərpa-quruculuq işlərinə türkmən xalqının töhfəsi vurğulanmalıdır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR