Onlayn ictimai-siyasi qəzet
Atatürk kimi kökü Salonikidən olan və onun qurduğu CHP-ni “sökən” yeni lider kimdir...
“Cümhuriyyət Xalq Partiyası Türkiyəni mədəni aləmə daşıyan və orada yüksəlişini təmin edən əzmkar bir təşkilatdır”. Bu fikir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsisçisi olduğu partiya haqqında söylədiyi onlarla fikirdən biridir. Millətçi şair Nəcib Fazil Kısakürək isə bir vaxtlar çox kobud şəkildə yazmışdı ki, “CHP partiya deyil, türkləri dinlərini, dillərini və mahiyyətlərini itirməyə məcbur etmək vəzifəsi daşıyan bir qırğın təşkilatıdır”. Türkiyədə bu gün də bəzi yazarlar qeyd edirlər ki, “CHP-ni hakimiyyətə gətirmək Bizansı hakimiyyətə gətirmək deməkdir”.
Bununla belə, bu gün uzun müddətdir müxalifətdə olan Atatürkün partiyası ən təlatümlü dövrünü yaşamaqdadır. Çünki son bələdiyyə seçkilərində ən böyük şəhərlərdə qalib gələn CHP bu fürsəti getdikcə əldən verməkdədir. Sanki mundialın Misir millisidir və Argentina üzərində qazandığı inanılmaz üstünlüyü itirməkdədir: Əkrəm İmamoğlu həbsdədir, Kamal Kılıçdaroğlu “firqə çevrilişi” edərək partiyanı biabırcasına ələ keçirib (həm də Türkiyə demokratiyasına badalaq vurur), Özgür Özəl isə CHP-dən istefa verib, azı 400 min üzvü və 90 millət vəkilini özü ilə birlikdə aparıb. Partiyanı hələ belə sökən olmamışdı...
Aptekçi Özgür
Türkiyə siyasətinin mərkəzində olan Özgür Özəl indi ən çox müzakirə edilən fiqurdur. Atatürkün qurduğu partiyada yaranmış böhran fonunda təşkilatı tərk edərək “Yeni Partiya” yaratdığını elan edən Özgür Özəlin performansı maraqla gözlənilir. Görəsən, o, AKP iqtidarına nə dərəcədə başağrısı olacaq? Onun CHP-nin “Meral Akşener”i olmaq ehtimalı varmı?

Özgür Özəl 21 sentyabr 1974-cü ildə Türkiyənin Manisa bölgəsində anadan olub. O, orta və tam orta təhsilini İzmirin Bornova Anadolu Liseyində (alman dili bölməsi) və Manisa Liseyində, ali təhsilini isə Ege Universitetinin Əczaçılıq fakültəsində başa vurub. Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb və 2001-2007-ci illər ərzində Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki müddət isə palata sədri vəzifələrində çalışıb. Həmin dövrdə o, həmçinin Manisa Akademik Palatalar Birliyinin növbəli sözçüsü və sədri kimi fəaliyyət göstərib. O, bu müddət ərzində “Manisa Respublika Mitinqi”ni təşkil edib və onun sözçüsü kimi çıxış edib. Əczaçı Özgür Özəl palata sədri olduğu dövrdə həyata keçirdiyi sosial və ekoloji layihələrə görə müxtəlif mükafatlara layiq görülüb. O, apteklərdə işlənmiş batareyaların toplanması kampaniyasına rəhbərlik etdiyinə görə Manisa Bələdiyyəsi tərəfindən “Manisa Tarzanı” Ətraf Mühit Mükafatı ilə təltif edilib.
Bundan əlavə, o, İstanbulda istehsal olunan qlütensiz çörəyin Manisa və onun rayonlarında çölyak xəstəliyindən əziyyət çəkən pasiyentlərə çatdırılmasını təmin edən bir layihəyə də start verib.
Özgür Özəl bildirib ki, 1979-cu ildə qətlə yetirilən manisalı əczaçı Neşe Gülersoy onun əczaçılıq karyerasının formalaşmasında və sosial məsuliyyətli səhiyyə uğrunda mübarizəyə yönəlməsində mühüm rol oynayıb. O, Gülersoyun mübariz ruhunu əsas ilham mənbəyi hesab edib. Manisada ictimai-siyasi aktivliyi ilə seçilən Özgür Özəl 12 iyun 2011-ci ildə keçirilən ümumi seçkilərdə CHP-dən bölgənin millət vəkili seçilib.
Gizli eşq və...
Ailə vəziyyətinə gəlincə, həyatın qəribə oxşarlığına bax ki, Özəl Atatürk kimi Saloniki bölgəsinə bağlıdır. Özəlin ana tərəfdən nənəsi Salonikidə (Yunanıstan), ata tərəfdən nənəsi Preşevoda (Şimali Makedoniya ilə Kosovanın sərhədində yerləşən qəsəbə), ata tərəfdən böyük babası isə Skopyedə (Şimali Makedoniyanın paytaxtı) anadan olub. Özəl 1998-ci ildə universitet illərindən sinif yoldaşı olan əczaçı Didem Özəllə ailə həyatı qurub. Cütlüyün 2001-ci ildə Manisada dünyaya gələn İpək adlı bir qızı var. Özəlin həyat yoldaşı əczaçılıq fəaliyyətini davam etdirir. Qızı İpək Özəl 2001-ci ildə Manisada anadan olub. Özgür Özəl və Döndü Özəlin tək övladı olan İpək Özəl həyatının əhəmiyyətli bir hissəsini təhsilə və akademik inkişafa həsr edib. Uşaqlığının və gəncliyinin bir hissəsini Manisada keçirən İpək Özəl ailəsinin siyasi vəzifələri səbəbindən müxtəlif şəhərlərdə də yaşayıb. Lakin Manisa ilə əlaqəsi onun doğulduğu yer və ailə tarixi baxımından davam edir.
Onu da deyək ki, alman və ingilis dillərini mükəmməl bilən Özgür Özəl həmçinin idman aləminə böyük maraq göstərir. “Fənərbağça”nın qatı azarkeşi olan Özəl eyni zamanda 15 000 nömrəli üzvlüklə klubun konqres üzvüdür. Ancaq fanatı olduğu klub da dünənə qədər lideri olduğu partiya kimi ciddi böhran içindədir.

...Nə hikmətdirsə, bəlkə də müxalifətdə olmaqdandır - CHP liderləri şəxsi həyatı ilə həmişə gündəmə gəlirlər. Özəl də bundan yayına bilməyib və xələflərindən sayılan Dəniz Baykal kimi qalmaqalla yadda qalıb. Onun Manisanın Şəhzadələr rayonu üzrə bələdiyyə sədri Gülşah Durbayla gizli sevgi yaşadığı haqqında iddialar yayılmışdı. Özü isə deyilənləri “əxlaqsız böhtan” adlandırıb. Özəl həmin iddianın gündəmə gətirilmə vaxtının Durbayın müalicə üçün xəstəxanaya yerləşdirildiyi və özünün də Antalyada olduğu dövrdə qəsdən seçildiyini demişdi. Bundan başqa, jurnalist Tamar Tanrıyar Özəlin bir sevgilisi olduğunu iddia etmiş və medianın diqqətini cəlb etmişdi.
Özəlin siyasi baxışlarına gəlincə, o, özünü sosial-demokratiya çərçivəsində müəyyən edir. O, çıxışlarında sosial-demokratiyanın bərabərlik, azadlıq, həmrəylik və sosial ədalət prinsiplərinə əsaslandığını qeyd edib. O, işçilərin hüquqları, qeyri-sabit məşğulluğun azaldılması və tətil hüququnun təmin edilməsi kimi məsələləri dəstəkləyən bəyanatlar verir. Həmçinin Özgür Özəl LGBT fərdlərinə qarşı ayrı-seçkiliklə mübarizə aparılmalı olduğunu bildirib. Özgür Özəl Qəzzadakı hadisələrlə bağlı açıqlamalarında İsrailin həyata keçirdiyi hərbi əməliyyatları tez-tez “soyqırımı” kimi səciyyələndirir və Türkiyənin vəziyyətə cavab olaraq daha konkret addımlar atmasının zəruriliyini vurğulayır. O, həmçinin hökumətin Fələstinlə bağlı ritorikası və real addımları arasındakı uyğunsuzluğa diqqət çəkir. Onun şəxsi zövqlərinə gəlincə, Özəl ən çox Əhməd Kaya, Zülfü Livaneli və Cem Karaca kimi sənətçilərin mahnılarına qulaq asmaqdan həzz alır. O, sevdiyi müəllifləri açıqlamayıb, lakin müsahibələrində önə çıxan və hədiyyə etdiyi əsərlər arasında Tanıl Bora, Hıfzı Veldet Velidedeoğlu, Dino Buzzati və Orhan Pamukun adları yer alır.

Özəlin Azərbaycan sevdası
Onu da deyək ki, Özəl Azərbaycana isti münasibət bəsləyən keçmiş CHP-çidir. Kılıçdaroğlunun məlum anti-Azərbaycan mövqeyindən fərqli olaraq, ölkəmizi dəstəkləyən siyasətçidir. Hələ iki il əvvəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə edib. 2024-cü ildə isə Prezident İlham Əliyevə zəng edib. Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb. Hətta həmin dövrdə ölkəmizə səfər edəcəyini açıqlamışdı.
Xatırladaq ki, CHP-dən ayrılan 91 millət vəkilinin yaratdığı Yeni Partiya iyulun 25-də ilk Partiya Şurası iclasını keçirib. Partiyanın qərargah binası hələ hazır olmadığı üçün görüş Anadolu Klubunda baş tutub. Onun ən yaxın adamlarından olan və İstanbul Böyükşəhər Bələdiyyəsi və partiya qurultayları ilə bağlı ittiham aktlarında adları hallanan Burhanəddin Bulut, Özgür Karabat, Turan Taşkın Özer, Umut Akdoğan və Vəli Ağbaba Partiya Şurasına daxil edilməyiblər. Partiya Şurasının iclasında Özgür Özəlin yaxından işləyəcəyi şəxslərin adları demək olar ki, tamamilə dəyişdirilib. Əkrəm İmamoğluna yaxın adların Özgür Özəlin “A” komandasına daxil edilməməsi diqqət çəkən məqam olub. Yunus Əmrə baş katib, Zeynel Əmrə isə partiya sözçüsü təyin edilib. Ensar Aytekin, Utku Çakıröze, Aylin Yaman, Gizem Özcan, Yaşar Tüzün kimi adlar Özgür Özəlin idarəçiliyində yer alıb. Özəl əvvəlki administrasiyanın tamamilə ləğvindən sonra Kamal Kılıçdaroğluna tez-tez “Gəlin 2 milyon partiya üzvündən kimin sədr olacağını soruşaq” təklifini vermişdi. Lakin yeni nizamnamədə “Sədr qurultay tərəfindən seçilir” deyilir.
Beləliklə, Türkiyə siyasətində yeni günəş doğa bilər. Və bu günəşin biri qaranlıq zindanda İmamoğlunun doğuşu, digəri isə Özəlin parlaqlığı ilə “rəngləri saralda” bilər...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ