Onlayn ictimai-siyasi qəzet
Türkiyədə böyük terror təhlükəsinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı DHKP-C-nin hazırladığı qanlı hücum planı ifşa edilib.
Əldə olunan kəşfiyyat məlumatlarına görə, təşkilat üzvləri İstanbulun insanların sıx toplaşdığı və strateji əhəmiyyət daşıyan məkanlarını hədəf almağa hazırlaşırmış. Hücumların silahlı və partlayıcı vasitələrlə həyata keçirilməsi planlaşdırılıb.
MİT-in uzun müddətli texniki izləmə və operativ nəzarət tədbirləri nəticəsində hücrə strukturu müəyyən edilib. Toplanan sübutlardan sonra polis qüvvələri ilə koordinasiyalı əməliyyat keçirilib və 4 şübhəli saxlanılıb. Onların ünvanlarında aparılan axtarış zamanı təşkilati sənədlər və müxtəlif materiallar götürülüb.
Rəsmi mənbələr bildirir ki, plan reallaşsaydı, ağır itkilər və ciddi təhlükəsizlik böhranı yarana bilərdi. Hazırda saxlanılan şəxslərin digər əlaqələri və mümkün əlavə hücrələr üzrə araşdırma davam edir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ