Onlayn ictimai-siyasi qəzet
İstanbulda tanınmış şəxslərə qarşı keçirilən narkotik araşdırması çərçivəsində 18 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 15-i artıq saxlanılıb.
Musavat.com xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində yeni əməliyyat keçirilib.
Araşdırmaya aktyorlar, müğənnilər, keçmiş futbolçu, iş adamları, sahibkarlar və sosial media fenomenlərinin də daxil olduğu bildirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və ya bu məqsədlə yer təmin etməsi ilə bağlı şübhələri dəstəkləyən sübutlar əldə edilib.
Əldə edilən yeni dəlillər əsasında İstanbulda 18 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb. Səhər saatlarında keçirilən əməliyyat zamanı 15 nəfər saxlanılıb.
Şübhəlilərin ünvanlarında axtarış aparılacağı, ifadələrinin alınacağı, həmçinin araşdırma çərçivəsində qan və saç nümunələrinin götürüləcəyi bildirilib.
Əməliyyat zamanı Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Eda Güzelcik, Sezer Çakır, Yeliz Yeşilçimen, Volkan Akçıray, Zeynep Akçıray və Sayat Zurnacı saxlanılıb.
Qeyd edək ki, şəxslərin saxlanılması onların təqsirinin məhkəmə tərəfindən müəyyən edildiyi anlamına gəlmir. Araşdırma davam edir.
Könül
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ