İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Gürcüstan “davası” Bakıda davam edir - tanınmışların reaksiyası...

“Qarabağın avrokuboklardakı uğurlarına neçə gürcü sevinirdi?”

Avro-2024-ün qrup mərhələsinin ilk turunda Türkiyə və Gürcüstan yığmalarının qarşılaşması Azərbaycanda tərəfdarları ikiyə böldü. Əksəriyyət qardaş Türkiyə millisinin qələbəsini arzulasa da, qonşu Gürcüstan yığmasını dəstəkləyənlər də az olmadı. Onlar bunu Cənubi Qafqaz ölkələrindən Gürcüstanın bu yarışda bir ilkə imza atması ilə əlaqələndirdilər. Amma gürcü millisini dəstəkləyənlər tənqid atəşinə tutulublar. Qardaş ölkəyə qarşı mübarizədə Gürcüstanın yanında olmaq anlaşılmaz mövqe kimi qiymətləndirilib. Onlardan biri - Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli feysbuk hesabında paylaşım edib. Sitat: “Düzü, heyrət edirəm! Bu nə yanlış düşüncədir? Bu nə deməkdir? Gürcülər heç zaman Azərbaycanı dəstəkləməz, əksinə, bizə nifrətləri ölçüyəgəlməzdir. Biz birmənalı olaraq Türkiyəni dəstəkləməliyik. Kimsə orjinal, fərqli görünmək istəyirsə, rədd olsun bu ölkədən! Bağışlayın bir az sərt oldu, amma düz oldu!”

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Fazil Mustafa

Kifayət qədər sərt ritorika ilə yazılmış bu statusa bir çox tanınmış ictimai şəxs reaksiya verib. Deputat Fazil Mustafa fikirlərini belə ifadə edib: “Əlbəttə, hamımız Türkiyəni dəstəkləyirik. Ancaq bu bir idman və sənət! Belə bir tələb qoymaq nə dərəcədə doğrudur? Sabah Messi türklər əleyhinə bir söz deyə bilər, onun oyununa bunun nə aidiyyəti? Gürcülər gözəl oynadılar, çox bəyəndim, ancaq Türkiyənin qalibiyyətinə çılğıncasına sevindim. Oyun olaraqsa bəyənmədim. Yəni təəssübkeşliklə sənətsevərliyi fərqləndirmək lazımdır”.

Yeniyaz.az - Bu, Hollivud səviyyəsidir - Xalid Kazımlı

Xalid Kazımlı 

Yazar Xalid Kazımlı isə mövzu ilə bağlı fikirlərini köşə yazısında qeyd edib: “Himə bəndik, fürsət axtarırıq ki, nəsə bir şey olsun, başlayaq: Türkiyə elədir, belədir, o vaxt filan şeyi belə edib.  Bu dəfə mızıldanmağa babat bir səbəb vardı: Türkiyə və Gürcüstanın milli futbol komandaları qarşılaşırdı. Türklər və gürcülər Dortmunddakı stadionada qırışırdılar, ölkəmizin patriotları və qərbpərəstləri də sosial şəbəkələrdə. Bu dəfə ruspəsətlər və farspərəstlər də qərbpərəstlərə qoşulmuşdular. Onları birləşdirən dəyər var: anti-türkiyəçilik. Qafaya qoyublar. Hər cür "izm" olar - panslavizm, paniranizm, panarabizm. Bircə pantürkizm olmaz. Pantürkizm mürtəce cərəyandır. O birilər mütərəqqidir - Papanın cəddi haqqı.

Baxıram, adamlar qırışır, axırda biri müdriklik göstərir, yazır: “Gəlin, futbolu siyasətə qatmayaq”. Ya da bu cür: “Siyasət ayrı, futbol ayrı”.

Yaxşı, bəs sənin qarnının azarı nədir ki, feysbukda “Gürcüstana azarkeşlik edirəm” yazırsan və bu komanda uduzanda “təəssüf edirəm” qeydi edirsən? Yaxşı futbol, gözəl qollar izləmək istəyirdinsə, çempionatın üç ən gözəl qolunun ikisini Mərt və Arda vurub, ağzının əyrisi nədən düzəlmir? Tülkülüyə ehtiyac yoxdur, kəsədən deyin ki, Türkiyədən ona görə xoşumuz gəlmir ki, Qərbə dirsək göstərir, Rusiyaya qapazaltı olmur, İranın qarşısında maneədir, biz də Qərbin, Rusiyanın, İranın adamlarıyıq, qarnımız götürmür.

Yoxsa “yaxşı oynamırlar, müdafiələri zəifdir” - bunlar bəhanədir".

Əhəd Məmmədli evləndi - FOTO Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya sədrinin I müavini Əhəd Məmmədli isə müzakirələrə tarixi prizmadan yanaşma ortaya qoyub: “Türkiyə-Gürcüstan oyunu mənə nələri göstərdi:

Ölkəmizdə nə qədər manqurt, yaltaq və gizli xain var. Bu istər ictimai-media sektoru, istərsə də adi izləyicilər arasında olsun təəssüf ki, belədir. Qarabağın avrokuboklardakı uğurlarına neçə gürcü sevinirdi? Gürcüstan başqa yığma ilə görüşsə, yenə bəlkə də haradasa başa düşmək olardı, amma canımız, qanımız Türkiyə ilə oyunda necə bu ikisini bir yana qoya bilərsiniz...

Gəncə qapıları, Çələbi xan, Əfşar, Qacarlara qədər gedib çıxmayacam (o vaxtlardan gürcüləri öz günahları ucbatından həmişə cəzalandırmışıq) çox yaxın tarixi xatırladacam bu.....-lər və lara. Ötən əsrin 90-larında millətçi-şovinist Qamsaxurdiya Borçalıda türkləri qovurdu. Şevardnadzenin vaxtında Abxaziyadan qovulmuş svanlar bilərəkdən Borçalıda yerləşdirilirdilər ki, bu diyarın etnik balansı gürcülərin xeyrinə çevrilsin. Dağlardan düşmüş vəhşi svanlarla, borçalı türklərinin dəfələrlə qarşıdurması olmuşdur (sonuncusu da bu yaxınlarda baş vermişdir). Sevimli Saakaşviliniz gələn kimi Borçalıda türk kəndlərinin girəcəyinə böyük xaç qoydururdu diyarın tarixi etnogenezini saxtalaşdırmaq üçün. İvanaşvilinin hakimiyyətində sərhəddə olan monastırımıza basqılar olurdu, əsgərlərimizin əlindən silahı alınırdı. Rus-sovet imperiyası dövründə öz ata-baba yurdundan sürgün edilən qardaşlarımız məhsəti-türkləri müstəqil Gürcüstan hələ də vətənlərinə qəbul etməkdən imtina edir. Amma bu gürcülər, abxazlar və osetinlərə yalvarır ki, onlar bunlarla birlikdə yaşamağa böyük muxtariyyət alaraq razılıq versinlər. Abxaz və osetinlər, gürcülərin bu yalvarışlarını rədd edir (düz də edirlər). Cevakxda yaşayan ermənilər rahat dillərində yaşayırlar, təhsil alırlar. 

Qardaş Türkiyə ilə matçdan öncə bəzi gürcü azarkeşlər nə vaxtsa tarixdə Böyük Səlcuqlunun guya yenilməsi ilinin rəqəmləri və adlarla formalar geyiniblər..."

Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə-Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb. Yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub. Gürcüstan millisinin heyətində isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR