Onlayn ictimai-siyasi qəzet
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təlimi regionda təhlükəsizlik baxımından diqqətçəkən hadisəyə çevrilib. Təlimin məhz Azərbaycanın ev sahibliyi ilə keçirilməsi və üç ölkənin hərbi qulluqçularını vahid təlim ssenarisi ətrafında bir araya gətirməsi Türk dünyasında müdafiə və təhlükəsizlik əməkdaşlığının getdikcə daha praktik xarakter aldığını göstərən mühüm mesajdır.
Üç mərhələdən ibarət olan təlimin coğrafiyası da təsadüfi görünmür. Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzi, Naxçıvandakı “Qarabağlar” Təlim Mərkəzi və Xəzər dənizinin Azərbaycana aid akvatoriyasındakı “Böyük Zirə” təlim rayonu həm quru, həm dağlıq relyef, həm də dəniz istiqamətində birgə fəaliyyət imkanlarının sınaqdan keçirilməsinə şərait yaradır. Beləliklə, söhbət yalnız simvolik xarakter daşıyan hərbi nümayişdən deyil, müxtəlif coğrafiyalarda qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən gedir. Bu təlimin digər mühüm tərəfi isə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistanın da prosesdə yer almasıdır. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri ilə paralel olaraq müdafiə sahəsində əməkdaşlığın da genişləndiyi müşahidə olunur. Müsəlman ölkələrinin, xüsusilə Türk dünyasının aparıcı dövlətlərinin hərbi təcrübə mübadiləsi və birgə hazırlıq imkanlarını artırması regionda yeni təhlükəsizlik reallıqları baxımından diqqətdən kənarda qala bilməz.
Qarabağ, Naxçıvan və Xəzər kimi strateji istiqamətlərin eyni təlim çərçivəsinə daxil edilməsi isə Azərbaycanın regional təhlükəsizlik sistemindəki rolunu da önə çıxarır.
Türkiyə və Özbəkistanla hərbi əməkdaşlığın praktiki müstəviyə keçirilməsi gələcəkdə daha geniş müdafiə mexanizmlərinin formalaşmasına zəmin yarada bilərmi? “Birliyin Gücü-2026” Türk dünyasının təhlükəsizlik sahəsində birlik imkanlarının hansı səviyyəyə çatdığını göstərən yeni mərhələnin başlanğıcıdırmı?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a deyib ki, Azərbaycan-Türkiyə və Özbəkistanın birgə hərbi təlimləri növbəti mərhələdə hərbi pakt kimi rəsmiləşdirilə bilər:
“Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşündə məhz bu təşkilatın nəzdində təhlükəsizlik və hərbi təşkilatın yaradılmasını təklif etmişdi. Göründüyü kimi, bu təklif artıq reallığa çevrilməkdədir. Qazaxıstan və Qırğızıstan KTMT üzvü olduqları üçün bu təklifə tam dəstək vermədilər. Buna baxmayaraq, Azərbaycan tərəfi prosesi davam etdirməyə başladı. Artıq regional və beynəlxalq siyasi-təhlükəsizlik böhranı dərinləşir. Məhz Prezident İlham Əliyevin TDT tərkibində yeni hərbi təşkilatın yaradılmasını təklif etməsi türk dövlətlərinin təhlükəsizliyinin və müstəqilliyinin qorunmasına hesablanıb. Türkiyə istisna olmaqla, digər türk dövlətlərinin müstəqilliyinə Rusiya, Çin və İran tərəfindən müxtəlif təhdidlərin yaranması hər zaman mümkündür. Keçirilən üçtərəfli hərbi təlimlər Cənubi Qafqazda siyasi nizamın və təhlükəsizlik mühitinin möhkəmlənməsinə gətirib çıxara bilər. Artıq Rusiyanın bu təlimlərdən narahat olduğu müşahidə edilir. Gürcüstan və Ermənistanda fəaliyyət göstərən emissarlar tərəfindən də bu təlimlərə qarşı çıxışlar səslənməyə başlayıb. Azərbaycan-Türkiyə və Özbəkistanın birgə hərbi təlimləri növbəti mərhələdə hərbi paktın yaradılması ilə nəticələnə bilər. Gələcəkdə Qazaxıstan və Qırğızıstanın da bu hərbi pakta qoşulması mümkündür”.
Cavanşir Abbaslı
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ