İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan sensasion etiraf: Hörmüzdən gizli neft axını davam edir

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında davam edən gərginlik fonunda diqqətçəkən açıqlama verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp prezident təyyarəsi “Air Force One”da jurnalistlərlə söhbəti zamanı bildirib ki, müharibə səbəbindən riskli hesab olunan Hörmüz boğazından hələ də böyük həcmdə neft daşınır.

ABŞ liderinin sözlərinə görə, dünya ictimaiyyətinin xəbəri olmadan davam edən bu logistika marşrutları neft qiymətlərinin kəskin sıçrayışının qarşısını alır.

“Dəqiq rəqəmlər söyləmək istəmirəm, amma neft çoxdur. Çoxlu neft həm ölkəmizə, həm də dünya bazarına daxil olur və insanlar bunun fərqində belə deyillər”, – deyə Tramp bildirib.

Prezident qeyd edib ki, məhz bu səbəbdən neftin qiyməti bir barel üçün təxminən 97 dollar səviyyəsində qalır və bəzi ekspertlərin proqnozlaşdırdığı 300 dollarlıq ssenari baş vermir.

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerlərin müşayiət olunmasında iştirak edib-etmədiyi barədə suala isə birbaşa cavab verməyib.

O, həmçinin Yaxın Şərqdəki böhranın yaxın zamanda həll olunacağına inandığını bildirib.

“Bu vəziyyət sona çatanda – və bu, çox uzun çəkməyəcək – neftin qiyməti hətta müharibədən əvvəlki səviyyədən də aşağı düşə bilər”, – deyə ABŞ prezidenti vurğulayıb.

Daha sonra Viskonsin ştatına çatdıqdan sonra jurnalistlərin suallarını qısa cavablandıran Tramp İranla bağlı proseslərin “olduqca yaxşı irəlilədiyini” söyləsə də, əlavə təfərrüat verməyib.

Trampın açıqlamaları son günlər ABŞ mediasında və enerji bazarlarında müzakirə olunan gizli neft marşrutları barədə iddiaları yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR