İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Putin ittifaqı Qərbi qorxudur: Dünya dəyişəcək, ABŞ-Rusiya tərəfdaşlığı başlayacaq

ABŞ-da yaxınlaşan növbəti prezident seçkilərində Bayden administrasiyası hakimiyyəti itirərsə, Tramp-Putin müttəfiqliyi beynəlxalq məkanda indikidən tamamilə fərqli yeni situasiya yarada bilər... Bu halda, ABŞ-Rusiya münasibətlərinin normallaşacağı, dünyada bir çox prosesin əks istiqamətdə cərəyan edəcəyi və kataklizmli dəyişikliklərin baş verəcəyi qətiyyən şübhə doğurmur....

Rusiya hazırda öz tarixinin ən taleyüklü dövrünü yaşayır. Bu nəhəng şimal ölkəsi bir neçə dəfə analoji situasiya ilə üzləşib. Hər dəfə də Rusiya fəlakətlərə məruz qalıb, böyük itkilərlə qarşılaşıb. Xüsusilə də, ötən əsrin əvvəllərində çar Rusiyasının çöküşü rus imperializminə ağır zərbələr vurub. Və Rusiya daxili kataklizmlər məkanına çevrildi.

Düzdür, həmin dövrdə rus imperialist siyasi-ideoloji sistemi keçmiş SSRİ-nin qurulması sayəsində Rusiyanın tamamilə dağılmasının qarşısını almağa nail oldu. Halbuki, keçmiş SSRİ-nin süqutu Rusiyanı yenidən ötən əsrin əvvəllərində üzləşdiyi dövrə geri qaytardı. Bu dəfəsə, daxili separatizm poliqonuna çevrilmiş Rusiyanı ən taleyüklü mərhələdə məhz indiki prezident Vladimir Putin xilas edə bildi. Və bu baxımdan, prezident Vladimir Putin Rusiyanın gələcək taleyi üçün önəmli dövlət xadimi hesab olunur.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb də prezident Vladimir Putinin Rusiyanın dünya siyasi məkanından sıxışdırılması planları qarşısında əsas əngəllərdən biri hesab edirlər. Ona görə də, Qərb strateqləri uzun illərdən bəridir ki, “Putinsiz Rusiya” modelinin reallaşmasına çalışırlar. Buna nail olmaq üçün bir çox variantları artıq sınaqdan çıxarıblar. Və daxili inqilabi proseslərə hesablanmış həmin variantların hamısı bir-birinin ardınca iflasa uğrayıb.

Maraqlıdır ki, Ukrayna savaşı “Putinsiz Rusiya” modeli üçün həlledici variant kimi qəbul olunur. Əsas hədəf ondan ibarətdir ki, Rusiya uzun müddət “savaş bataqlığı”nda zəifləsin və öz sərhədləri içərisinə qapadılmış əhəmiyyətsiz dövlətə çevrilsin. Ukrayna savaşının törədəcəyi daxili problemlər isə Rusiyanın daxilində inqilabi situasiyaya yol aça biləcək iğtişaşlara münbit şərait yaransın. Və Qərb strateqləri yalnız bu halda, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ilə dünya nəhənglərinin iradəsi ilə idarə olunan Rusiyanın ortaya çıxacağına ümid bəsləyirlər.

Ancaq prezident Vladimir Putin öz çevik manevrləri ilə hələlik Qərb strateqlərinin ümidlərini və planlarını boşa çıxartmağı bacarır. Ukrayna savaşının ağır zərbələrinə baxmayaraq, prezident Vladimir Putin hələlik Rusiyada sabitliyi qorumağa və daxili vəziyyətə tam nəzarəti öz əlində saxlamağa nail olub. Və bu, Rusiya prezidentinə ölkəsinin gələcək taleyi ilə bağlı yeni manevrlər etmək üçün zaman qazandırır.

bayden-ressam2564561.jpg (118 KB)

Son məlumatlara görə, Kreml sahibi ABŞ və Qərbi növbəti dəfə məyus etməyə hazırlaşır. Belə ki, Qərbdə prezident Vladimir Putinin Rusiyada keçiriləcək növbəti prezident seçkilərində öz namizədliyini irəli sürməyəcəyini də düşünürdülər. Ancaq indi məlum olur ki, Kreml sahibi 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə qatılmaq barədə artıq qərar verib. Və bu, Qərb strateqləri üçün ən istənilməyəcək variantlardan biridir.

Məsələ ondadır ki, Kreml sahibinin sülh danışıqları təkliflərindən yayınaraq, Ukrayna savaşının uzanmasına üstünlük verməsinin əsas səbəblərindən biri də məhz vaxt qazanmaq niyyəti ilə birbaşa bağlıdır. Yəni, Kreml sahibi ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə qədər Rusiyanın müqavimətini təmin etməyə çalışır. Kremldə də ümid edirlər ki, ABŞ-da keçiriləcək prezident seçkilərində məhz indi hakimiyyətdə olan Demokratlar Partiyası məğlub ola bilər.

Əgər, bu, baş verərsə, ABŞ-da Respublikaçılar Partiyasının hakimiyyətə gələcəyi qətiyyən şübhə doğurmur. Bu ehtimal hazırda kifayət qədər yüksəkdir. Çünki ABŞ cəmiyyətində və siyasi dairələrində Ukrayna savaşına münasibət ciddi şəkildə dəyişib. Hətta son vaxtlar ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyinə qarşı etirazlar da artmağa başlayıb. Xüsusilə də, hakimiyyətə iddialı respublikaçılar hesab edirlər ki, ABŞ Ukraynaya daha dəstək verməməlidir.

putin-tramp-bayden-136663733_2307795899353039_7940926059578140775_o.jpg (305 KB)

Maraqlıdır ki, respublikaçıların son vaxtlar artan fəallığı Ağ Evin Ukraynaya dəstəyini ciddi şübhə altında buraxmağa başlayıb. Belə ki, ABŞ-ın dövlət büdcəsində Ukraynaya son üç ay üçün maliyyə dəstəyi nəzərdə tutulmayıb. Ağ Ev bu məsələni İsrail və Ukraynaya vahid paket variantında maliyyə ayrılmasına çalışsa da, hələlik ABŞ parlamentində müqaviməti qıra bilməyib. Və bu, o deməkdir ki, Ukraynanın da gələcək taleyi böyük ölçüdə ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələrindən asılıdır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evin keçmiş sahibi Donald Trampın prezident Co Baydenin əsas rəqibi olması Ukrayna üçün təhlükəni daha da artırır. Onun prezident Vladimir Putin ilə olduqca yaxın münasibətlərinin mövcidluğu hələ keçmiş prezidentliyi dövründən məlumdur. İndi də Donald Tramp açıq mətnlə bəyan edir ki, əgər, seçkilərdə qalib gələrsə, Ukraynaya yardımlar dayandırılacaq və Rusiya ilə anlaşma imkanları axtarılacaq. Yəni, Donald Tramp Rusiya ilə sülh masası arxasında anlaşaraq, Ukrayna savaşını dayandıracağını vəd edir. Bu anlaşmanın isə Rusiyanın maraqları və şərtləri çərçivəsində baş tuta biləcəyi artıq indidən qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, Bayden administrasiyası hakimiyyəti itirərsə, dünya Tramp-Putin tərəfdaşlığına şahidlik edə bilər. Bu isə o deməkdir ki, indiki beynəlxalq siyasi konyekturanın dəyişmə ehtimalı tamamilə realdır. Yəni, ABŞ-Rusiya münasibətlərinin normallaşma ehtimalı qətiyyən istisna deyil. Bu haldasa, dünyanın indikindən fərqli olacağı, bir çox prosesin əks istiqamətdə cərəyan edəcəyi və kataklizmli dəyişikliklərin baş verəcəyi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR