İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onları seçim qarşısında qoydu - ŞOK DETALLAR

"Donald Tramp ABŞ prezidenti seçiləndən sonra ölkəsinin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır. O, tərəfdaşlarını seçim qarşısında qoyub".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, əgər idxal və ixracda balans ABŞ ilə əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir:

"Bu halda ABŞ ilə iqtisadi sahədə əməkdaşlıq edən ölkənin iki yolu qalır, ya Amerikadan daha çox məhsul almaq, ya da Amerikaya yatırımları artırmaqdır. Donald Tramp Çin və Hindistanı bu ölkələrin məhsullarına gömrük rüsumlarının tətbiqi ilə hədələyir. Çin lideri Si Cinpin bugünlərdə ABŞ-yə səfər edərək ticarət əlaqələrini yoluna qoymağa çalışdı. Vaşinqton Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti dondurub. Yeni Dehli də bu vəziyyətdən çıxış yolu axtarır və ilk addım atıldı. Hindistanın "Essar Group" şirkəti ABŞ-yə 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Bu, şirkətin xaricdəki ən böyük investisiya layihələrindən biri olacaq, Ayova ştatında 15 milyard dollarlıq polad zavodu tikiləcək. Donald Tramp Ayova layihəsi ilə bağlı məlumatı Ağ Evdə şirkətin sahibi olan Ruia ailəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə açıqlayıb. Bu layihəni "Essar"ın ABŞ-dəki törəmə şirkəti olan "Mesabi Metallics" həyata keçirəcək. Bu, dünyadakı ən böyük polad zavodlarından biri olacaq. 2030-cu ildə istehsala başlaması nəzərdə tutulan zavodun tam istifadəyə verildikdən sonra ildə 10 milyon ton polad istehsal edəcəyi gözlənilir. Ağ Ev bəyan edib ki, bütün polad istehsalı prosesi ABŞ-də həyata keçiriləcək. Zavodun ABŞ-də inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və burada şirkətin Minnesota ştatındakı obyektlərindən əldə edilən dəmir filizindən istifadə olunması nəzərdə tutulur. Tramp bu layihəni "ABŞ tarixində ən böyük polad zavodu" adlandırıb və onu respublikaçıların gərgin aralıq seçki mübarizəsi apardığı mühüm ştatda əldə edilmiş iqtisadi qələbə kimi qiymətləndirib. Tramp ABŞ polad sənayesinin "güclü şəkildə canlandığını" qeyd edərək bunu ötən il polad idxalına tətbiq etdiyi 50%-lik rüsumlarla əlaqələndirib. "Hər kəs zavodlarını burada tikir, çünki rüsum ödəmək istəmirlər", – deyə Tramp bildirib. 1969-cu ildə Hindistanda qurulan "Essar Group" sənaye konqlomeratıdır və enerji, mədənçilikdən tutmuş texnologiya və pərakəndə satışa qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad istehsal edən kompleksləri və neft emalı zavodları var. Şirkət həmçinin Böyük Britaniyada "Shell" şirkətinə məxsus "Stanlow" neft emalı zavodunu əldə edib. Şirkət Səudiyyə Ərəbistanında aşağı karbon emissiyalı polad zavodunun tikintisini planlaşdırır".

Politoloqun fikrincə, Tramp növbəti mərhələdə digər ölkələrdən də ABŞ-yə investisiya yatırmağı tələb edə bilər:

"Hindistanla yanaşı, digər ölkələrin şirkətləri də ABŞ-yə yatırım qoymanın yollarını axtarırlar. Məsələn, Tayvan Çinlə qarşıdurmada Vaşinqtonun dəstəyini qazanmaq üçün ABŞ-yə əlavə olaraq 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən sayılır. Ona görə də Tayvan bu üstünlüyündən istifadə edərək ABŞ-də müxtəlif layihələr həyata keçirir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR