Onlayn ictimai-siyasi qəzet
ABŞ-NATO münasibətlərində yaranan çatlar durmadan dərinləşir. Son olaraq, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio jurnalistlər qarşısında verdiyi açıqlamada Alyans üzvlərinin ABŞ-nin hərbi maraqlarını dəstəkləməməsindən məyusluğunu gizlətməyərək, konkret sual qoyub: “Biz niyə ümumiyyətlə NATO-dayıq?”
O, ABŞ-nin İrana qarşı hərbi əməliyyat planlarını gerçəkləşdirmək üçün NATO ölkələrinin bazalarından istifadə edə bilməməsi məsələsini önə çəkərək, qurumun əsas məqsədinin yalnız Avropanın müdafiəsi deyil, Amerikanın milli təhlükəsizliyinin təmin olunmalı olduğunu vurğulayıb.
ABŞ həqiqətən NATO-dan çıxa bilərmi? Çıxsa, Alyansın gələcəyi necə olacaq? ABŞ-NATO münasibətlərindəki bu gərginlik nə qədər davam edəcək?
Qeyd qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da ölkəsini NATO-dan çıxara biləcəyini deyib. O, NATO-nu “kağız pələng” adlandırıb.
“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”, - Tramp qeyd edib.
Donald Tramp NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib.
“Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu, avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”, - Tramp bildirib.

Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, ABŞ-NATO arasında ilk narazılıq Trampın birinci prezidentlik dönəmində başlayıb:
“Onun Alyans üzvü olan dövlətlərin ÜDM-in 4 faizinin müdafiə xərclərinə sərf edilməsi tələbi birmənalı qarşılanmadı. Qərb dövlətlərinin əksəriyyəti bu tələbə qarşı çıxdı. Trampın Ağ Evə ikinci qayıdışı da radikal və birtərəfli siyasi kursla səciyyələndi və öz müttəfiqlərinə qarşı ərazi iddiaları ilə çıxış etdi. Kanadanı 51-ci ştata çevirəcəyini bildirməsi, Danimarkanın Qrenlandiya adasına açıq ilhaq tələbi irəli sürməsi NATO daxilində ABŞ-yə qarşı etirazları artırdı. Eyni zamanda Qərbin təhlükəsizliyinə önəm vermədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sövdələşməyə can atması alyans daxilində etimadı xeyli zədələdi. Trampın səhvi həm də ondadır ki, xarici siyasətini müttəfiqlərinin maraqlarının uzlaşdırılması, birgə hərəkət deyil, şantaj və təktərəfli müstəvidə qurmasıdlr. Onadək ABŞ hər hansı bir ölkəyə basqın edirdisə, ilk növbədə məsləhətləşmələr aparırdı, tərəfdaşlar cəlb edilirdi, sonra müdaxilə baş verirdi. Son illərin tarixinə diqqət yetirsək görərik ki, Yuqoslaviya, İraq, Əfqanıstan əməliyyatlarından öncə ABŞ ətrafında koalisiya formalaşdırılmış, bundan sonra müdaxilələr gerçəkləşdirilmişdi. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ABŞ burada da ancaq öz maraqları kontekstindən çıxış edib. İran müharibəsinə gəlincə, tam fərqli mənzərədir. Əvvəla, ABŞ, Fransa, İspaniya, Böyük Britaniya rəsmilərinin də bəyan etdiyi kimi bu müharibə onlar deyilmədən, Trampın “sürprizidir”. Bu müharibə onların müharibəsi deyil. Burda məqsəd ABŞ-nin hegomonluğu və İsrailin regionda dominantlığı məsələləridir. Ağ Ev İranı ram etməklə dünya enerji resurslarına və tranzit xətlərinə nəzarəti tam ələ keçirməklə qlobal iqtisadiyyatı idarə etməyi hədəfləyir. Görünür, Tramp hesab edir ki, tarif müharibələrindənsə, enerji ehtiyatlarına və tədarük zəncirinə yiyələnməklə ABŞ-nin qüdrətini möhkəmləndirə bilər. Aydındır ki, ABŞ-nin əsas rəqibi Çin neft-qaz ehtiyaclarının 60-70 faizini Körfəzdən təmin edir. Həmçinin Pakistan, Hindistan, Yaponiya, Cənubi Koreya kimi nəhənglər də məhz bu regiondan çox asılıdır.
Vacib detallardan biri də İran müharibəsinin Avropanın təhlükəsizlik arxitekturasını etibarlı təmin edilməsi təşəbbüslərini sarsıtmasıdır. Rusiya bundan maksimum dərəcədə öz maraqları üçün istifadə edəcək. Belə olan halda NATO-nun Birləşmiş Ştatların başlatdığı müharibəyə qoşulmaması Tramp və komandasını hiddətləndirməməlidir. Alyansın nizamnaməsində də hücum deyil, mühafizə məqsədli olduğu açıq aydın göstərilir. Əgər üzv dövlətlərdən birinə hücum edilərsə, digər dövlətlər də ona dərhal yardım göstərməlidir. Bu prinsiplə yanaşıldıqda NATO ABŞ-yə yox, Tramp-Netanyahu cütlüyünün başlatdığı müharibədən ziyan çəkən və raket hücumlarına məruz qalan Türkiyəyə yardım etməlidir. Trampın ziddiyyətli açıqlamaları da aydın mövqe ortaya qoyulmasını əngəlləyir. Məncə, Trampın ABŞ-ni NATO-dan çıxarmaqla bağlı bəyanatları blef və şantajdır. ABŞ-nin dünya hegemoniyasını təmin edən faktorlardan ən vacibi də məhz Şimali Atlantika Alyansıdır. Bir aydır İranla bacarmayan ABŞ NATO-dan kənar hərbi siyasi qüdrətini xeyli dərəcədə itirər. Ona görə də NATO müttəfiqləri onun bu hədəflərini və bənzəntmələrini düşünürəm ki, o qədər də ciddiyə almır”.
Cavanşir ABBASLI
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ