Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini ölkə xaricinə çıxarması ilə bağlı müzakirələrə münasibət bildirib.
Musavat.com-un xəbərinə əsasən, Lavrov keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara S-400 komplekslərinin Türkiyə ərazisindən çıxarılması üçün Rusiyanın razılığının tələb olunduğunu bilir və Moskva qarşısında belə bir müraciət qaldırmayıb.
Rusiya XİN rəhbəri Türkiyənin indiyədək belə bir razılıq üçün Moskvaya müraciət etmədiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən məsələ son günlər yenidən aktuallaşıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 20-də bildirib ki, Ankara S-400 probleminin həlli və ABŞ-nin tətbiq etdiyi CAATSA sanksiyalarının aradan qaldırılması üçün “kreativ ideyalar” üzərində işləyir.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak da sentyabrın 23-də S-400 məsələsinin həlli üçün həm CAATSA, həm də ABŞ qanunvericiliyindən irəli gələn hüquqi tələblərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Ankara və Vaşinqton problemin həlli istiqamətində işləyirlər.
Türkiyə S-400 sistemlərinin alınması barədə Rusiya ilə 2017-ci ildə müqavilə bağlayıb. Müqavilənin dəyəri təxminən 2,5 milyard dollar olub. Sistemlərin ilk hissələri 2019-cu ildə Türkiyəyə çatdırılıb.
S-400 alışından sonra Türkiyə ABŞ-nin F-35 qırıcı proqramından çıxarılıb. 2020-ci ilin dekabrında isə Vaşinqton Türkiyənin Müdafiə Sənayesi İdarəsinə CAATSA çərçivəsində sanksiyalar tətbiq edib.
2026-cı ildə Türkiyənin əlindəki S-400 sistemlərinin üçüncü ölkəyə ötürülməsi variantı yenidən müzakirəyə çıxarılıb. Potensial istiqamətlər sırasında Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adı çəkilsə də, sistemlərin hər hansı ölkəyə verilməsi barədə rəsmi qərar açıqlanmayıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ