Onlayn ictimai-siyasi qəzet
Tramp daha 1 milyon səhifəlik gizli sənədin aşkarlandığını AÇIQLADI
ABŞ-da qalmaqallı maliyyəçi Ceffri Epşteyn işi yenidən gündəmin mərkəzinə qayıdıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, Epşteyn işi ilə bağlı daha 1 milyon səhifəlik sənəd aşkar edilib və hazırda Ədliyyə Nazirliyi bütün vaxtını bu dosyelara sərf etmək məcburiyyətində qalıb.
Musavat.com xəbər verir ki, Tramp bu barədə özünə məxsus Truth Social sosial şəbəkəsində sərt açıqlama ilə çıxış edib. ABŞ prezidenti bildirib ki, Epşteyn mövzusu Demokratlar tərəfindən şişirdilən siyasi “müstifikasiya”dır və bununla real problemlərdən diqqət yayındırılır.
Tramp qeyd edib ki, Ədliyyə Nazirliyi seçki saxtakarlıqları kimi ciddi məsələlər əvəzinə Epşteyn işi ilə məşğul olmağa məcbur edilir. Onun sözlərinə görə, Epşteynlə əməkdaşlıq edənlər məhz demokratlar olub, respublikaçılar yox.
“Bütün adları açıqlayın, onları biabır edin və sonra ölkəmizə kömək etməyə qayıdın”, – deyə Tramp paylaşımında vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, radikal sol qüvvələr Trampın və respublikaçıların uğurları haqqında danışılmasını istəmir və ictimaiyyəti yalnız çoxdan vəfat etmiş Ceffri Epşteyn mövzusu ilə məşğul olmağa məcbur edir. Tramp bu prosesi növbəti “cadugər ovu” adlandırıb.
Müşahidəçilər hesab edirlər ki, Epşteyn işi ətrafında sənədlərin sayının birdən-birə bu qədər artması ABŞ-da siyasi qarşıdurmanı daha da dərinləşdirəcək və qarşıdan gələn seçkilər fonunda Demokratlarla Respublikaçılar arasında ittihamların yeni mərhələsinə yol açacaq.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ