Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri təxirə salınıb. Müharibə vəziyyəti ilə əlaqədar Ağ Ev sahibinin Pekinə gedişinin mümkün olmadığı ortaya atılsa da, burada dərin suallar yaranıb.
Tramp həqiqətənmi Çinə müharibə vəziyyəti ilə əlaqədar getməmə qərarı aldı? Bu qərar təhlükəsizlik riskləri ilə bağlı ehtiyatlı addımdır, yoxsa ABŞ-nin qarşıdakı danışıqlarda zəif mövqedə qalmaq istəməməsi ilə bağlıdır? Çinin İranla yaxın münasibətləri fonunda Tramp Pekindən istədiyi siyasi və ya iqtisadi dəstəyi ala bilməyəcəyini əvvəlcədən görürdü?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirib ki, İran müharibəsi İsrail üçün mövcud hakimiyyətin ləğv edilməsi məqsədi daşıyırsa, ABŞ üçün xüsusilə Çinə qarşı geosiyasi planlarında əhəmiyyətlidir:
“Vaşinqton Pekinin qlobal güc indeksini artıracaq “Bir kəmər, bir yol” layihəsinin önünü kəsmək məqsədilə dəhlizlər üzərində nəzarət strategiyasını tətbiq edir. Orta dəhlizdə nəticələr əldə edib, şimal istiqamət hesab olunan Rusiya ilə Ukrayna məsələsində anlaşmaq və cəbhəsini gücləndirmək niyyətindədir, cənub istiqamət hesab olunan İranda hədəf bütövlükdə Yaxın Şərqdir, müharibə ilə məqsədinə nail olmaq istəyir. İran Çin üçün həm enerji qaynağı, həm də nəqliyyat layihəsində mühüm dəhlizlərdən biridir. Tramp Si Cinpinlə görüşə qədər İran ekspansiyasını bitirməyi və masada güclü şəkildə əyləşməyi düşünürdü, lakin buna hələ də nail ola bilməyib.
Fikrimcə, görüşün təxirə salınması İran müharibəsinin davam etməsi, yəni ABŞ-nin məqsədinə çata bilməməsidir”.
Ekspertin sözlərinə görə, ABŞ-nin İran planı baş tutarsa, Çinin qarşısında əli güclənəcək:
“Trampın Si Cinpinlə danışıqlarında müzakirə ediləcək məsələlər tariflərlə yanaşı, Çinin Qərb yarımkürəsində ABŞ maraqlarına qarşı fəaliyyəti, ümumilikdə qlobal müstəvidə Pekinin Vaşinqtonun istəklərini nəzərə alması olacaq. ABŞ-nin Çini öz maraqlarına uyğun əməkdaşlığa sövq etmək, yaxud reallıqları nəzərə almağa məcbur etmək üçün İranda prosesi başa çatdırması lazımdır. Buna nail ola bilmədiyi üçün görüş təxirə salınır. Görünür, Tramp qarşıdakı bir ay ərzində istəyinə nail ola biləcəyini düşünür. Baş verənlər ABŞ-Çin xəttində geosiyasi gərginliyi gücləndirir. Fikrimcə, Vaşinqton-Pekin qarşıdurması, bura tarif müharibəsi ilə yanaşı, geosiyasi ambisiyaların toqquşması da daxildir, dünyanı “soyuq müharibə” şərtlərinə bənzər vəziyyətlə bu və ya digər formada yenidən üz-üzə qoya bilər”.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ