Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşə biləcəyini bəyan edərək Böyük Britaniyada siyasi qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, Tramp İrlandiyanın baş naziri Mixol Martinlə birgə çıxışı zamanı adanın birləşməsinin “son nəticədə baş verəcəyini” söyləyib.
ABŞ prezidenti daha da irəli gedərək bunun uzaq gələcəyin məsələsi olmaya biləcəyini bildirib:
“Bu, elə indi də baş verə bilər”.
Tramp daha sonra ABŞ-nin İrlandiyadakı səfirinin iqamətgahında mövzuya yenidən qayıdıb və vahid İrlandiyanın yaranmasını “çox gözəl bir şey” adlandırıb.
Bu sözlər Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını müdafiə edən yunionist partiyaların sərt reaksiyasına səbəb olub.
Demokratik Unionist Partiyasının (DUP) lideri Qevin Robinson bildirib ki, Şimali İrlandiyanın konstitusion gələcəyini Vaşinqton, London və ya Dublindəki siyasətçilər deyil, regionun sakinləri müəyyən edəcəklər.
Robinson Şimali İrlandiyanın əhalinin demokratik iradəsi nəticəsində Birləşmiş Krallığın tərkibində qaldığını və insanların bundan sonra da eyni seçimi edəcəyinə əmin olduğunu söyləyib.
Ən sərt reaksiyalardan biri Ənənəvi Unionist Səs Partiyasının (TUV) lideri Cim Allisterdən gəlib.
“Tramp ona aid olmayan işlərə qarışan ilk ABŞ prezidenti deyil”, - deyə Allister bildirib.
O, Şimali İrlandiyanın Trampın Böyük Britaniya ilə münasibətlərində “sövdələşmə predmetinə” çevrilməməli olduğunu vurğulayıb.
Olster Unionist Partiyasının (UUP) lideri Con Berrouz da ABŞ prezidentinin öz fikrini ifadə etmək hüququnun olduğunu qəbul edib, lakin Şimali İrlandiyanın gələcəyini yalnız onun əhalisinin müəyyən edə biləcəyini bildirib.
Donald Trampın açıqlamasına fərqli düşərgədən istehzalı reaksiya da gəlib. İrlandiyanın birləşməsini müdafiə edən və Trampın tanınmış tənqidçilərindən olan Sosial-Demokrat və Leyborist Partiyasının nümayəndəsi Kolum İstvud ABŞ prezidentinin sözlərini belə qarşılayıb:
“Onu həmişə bəyənmişəm”.
1998-ci il Belfast sazişinə əsasən, Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılaraq İrlandiya ilə birləşməsi referendum yoluyla mümkündür. Bunun üçün Şimali İrlandiyada çoxluğun birləşməni dəstəkləməsi, eyni zamanda İrlandiya Respublikasında da müvafiq konstitusion dəyişikliyin referendumda təsdiqlənməsi tələb olunur.
Trampın “birləşmə elə indi də baş verə bilər” açıqlaması isə Britaniya siyasətinin onilliklərdir ən həssas məsələlərindən birini yenidən gündəmə gətirib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ