İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefon bayramlaşması, qırılan mənəvi bağlar, çəki artımı

Böyük Britaniya Kralı III Çarlz Milad Günü münasibətilə etdiyi ənənəvi müraciətində cəmiyyət üçün son dərəcə vacib bir məqama toxunaraq ictimaiyyəti sosial mediadan bir qədər uzaqlaşmağa, ailə üzvləri, dostlar və qonşularla daha çox canlı ünsiyyət qurmağa çağırdı. Kral III Çarlz vurğuladı ki, müasir dünyada həyat getdikcə daha sürətli tempdə dövr edir və bu sürət xüsusilə gənclər üçün ciddi rəqəmsal yüklənmə yaradır. Onun sözlərinə görə, sosial mediadan fasilələrlə uzaqlaşmaq, ətrafımızdakı insanlarla real münasibətlər qurmaq, ünsiyyəti ekran arxasından deyil, birbaşa təmas üzərindən yaşamaq insanın daxili rahatlığı və psixoloji sağlamlığı üçün olduqca vacibdir.

Əslində III Çarlz sürətlə rəqəmsallaşan zəmanəmizin ən ciddi problemlərindən birinin üzərinə gedib. Bu problem təkcə texnologiya asılılığı deyil, onun yaratdığı çoxşaxəli sosial, psixoloji və fiziki fəsadlardır. Sirr deyil ki, ənənəvi bayramlaşma - qapı döymək, əl sıxmaq, qucaqlaşmaq, yol getmək, bir süfrə arxasında əyləşmək insanı istər-istəməz fiziki cəhətdən aktiv edir. Bu isə artıq kalorilərin bir qisminin “yandırılması”, bədənin hərəkətdə qalması, metabolizmanın daha aktiv işləməsi deməkdir.

Təsadüfi deyil ki, telefon bayramlaşması və onlayn ünsiyyətin geniş yayılmasından sonra dünyada artıq çəkidən əziyyət çəkən insanların, o cümlədən kök azyaşlıların sayında ciddi artım müşahidə olunur. İnsanlar bayram günlərində belə evdən çıxmır, bir mesaj, bir emoji, bir qısa zənglə sosial borcunu yerinə yetirdiyini düşünür. Halbuki bu “rahatlıq” uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi risklər yaradır.

Lakin məsələ təkcə çəki artımı ilə məhdudlaşmır. Daha dərin və təhlükəli problem qohumlar, dostlar, qonşular arasında yaranan və getdikcə güclənən yadlaşma, qırılan mənəvi bağlardır. Canlı ünsiyyətin yerini telefon və sosial şəbəkələr tutduqca insanlar bir-birinin sevincini, kədərini, halını daha az hiss edir, münasibətlər formal xarakter alır. Bayramlar artıq mənəvi yaxınlaşma yox, “mesaj göndərmək öhdəliyi”nə çevrilir.

Sosioloqların fikrincə, telefon bayramlaşması və ümumilikdə rəqəmsal ünsiyyətin üstünlük təşkil etməsi cəmiyyətdə tədricən sosial atomlaşmaya gətirib çıxarır. İnsanlar fiziki olaraq bir-birinə yaxın yaşasalar da, mənəvi baxımdan getdikcə uzaqlaşırlar. Oturaq həyat tərzi isə bu prosesin ayrılmaz hissəsinə çevrilib. İnsan evdən çıxmadıqca, hərəkət etmədikcə təkcə bədəni yox, düşüncə tərzi də passivləşir.

Bu trend davam edərsə, gələcəkdə cəmiyyətlərdə təkcə piylənmə və ürək-damar xəstəlikləri deyil, eyni zamanda depressiya, sosial tənhalıq, ünsiyyət qorxusu kimi problemlər daha da geniş yayılacaq. Xüsusilə uşaqlar və yeniyetmələr real sosial bacarıqları ekrandan öyrənməyə çalışacaq ki, bu da onların emosional inkişafına mənfi təsir göstərəcək.

ROVSEN.jpeg (22 KB)

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a danışıb:

"İnsan sosial varlıq olduğunu unutmamalıdır. İnsanların sosial izolyasiyaya məruz qalması emosional problemlərə və digər sağlamlıq məsələlərinə səbəb ola bilər.

İnsanlara sosial medianın riskləri və düzgün istifadəsi ilə bağlı təhsil verilməlidir. Bunu məktəblərdə başlamaq lazımdır. Xüsusilə gənclər üçün vacibdir, çünki onlar rəqəmsal texnologiyalarla daha çox vaxt keçirirlər. Rəqəmsal dünyanın real dünya ilə qarışmasının qarşısı alınmalıdır. Artıq sərhədlər itibdir. Düşüncənin fərqli formada özünü ifadə etməsi həyat tərzini tamamilə dəyişir. Real ünsiyyətə önəm verilməlidir.

İnsan özünə məhdudiyyət qoymağı bacarmalıdır. Özümüzə münasibətimizi dəyişmək vaxtıdır, yoxsa yeni dünya quruluşuna hazırlaşmaq lazımdır. Müəyyən dövrlərdə sosial mediadan uzaqlaşmaqla, insanlar daha çox düşünməyə və ətraflarındakı insanlarla daha yaxşı əlaqə qura bilər. Ailə içində daha çox zaman keçirmək, ortaq fəaliyyətlərə qatılmaq, habelə valideynlərin uşaqlara model olması, sağlam münasibətlərin formalaşmasına kömək edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR