Onlayn ictimai-siyasi qəzet
İranın nüvə proqramı ətrafında gərginlik yeni və daha həssas mərhələyə keçir. Tehranla Vaşinqton arasında diplomatik təmasların bərpası üçün vasitəçilik səylərinin davam etdiyi bir vaxtda İran parlamentindən Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən-NPT-dən çıxmaqla bağlı üçmaddəlik planın nəzərdən keçirildiyi açıqlanıb.
Bu, sadəcə parlament müzakirəsi kimi görünsə də, qərarın qəbul ediləcəyi təqdirdə onun İranın Qərblə münasibətlərinə, nüvə danışıqlarına və bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına təsiri məsələsini gündəmə gətirir. Üstəlik, Tehran rəsmiləri bir tərəfdən danışıqlara açıq olduqlarını bildirir, digər tərəfdən isə nüvə proqramı ilə bağlı güzəştləri rədd edən mövqelər səsləndirirlər.
İran parlamentinin NPT-dən çıxış planını gündəmə gətirməsinin əsas məqsədi nədir? Tehran bununla Vaşinqtona yeni mesaj göndərir, yoxsa nüvə siyasətində daha ciddi dönüşə hazırlaşır?

Politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, İran parlamentində Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq planının gündəmə gətirilməsinin əsas məqsədlərindən biri, ilk növbədə, ABŞ-a mesaj verilməsinə hesablanıb: “Yəni Tehran demək istəyir ki, təzyiqin davam etməsi yeni və daha ciddi nəticələr doğura bilər. Müşahidə olunan odur ki, Tehran hazırda diplomatik kanalları tam bağlamasa da, Vaşinqtonun təzyiq siyasəti qarşısında güzəştə getməyəcəyini də nümayiş etdirməyə çalışır. Bu baxımdan NPT-dən çıxış təşəbbüsü danışıqlar masasını tərk etmək yox, masadakı mövqeyi sərtləşdirmək vasitəsidir. Yəni Tehran bu təşəbbüsü danışıqlarda əlavə rıçaq yaradan vasitə kimi dəyərləndirmək istəyir deyə bilərik. Lakin bu dəfə məsələ əvvəlki dövrlərdən daha həssasdır. Çünki İranın nüvə obyektlərinə zərbələr endirilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinq imkanlarının məhdudlaşması və nüvə materialının vəziyyəti ilə bağlı qeyri-müəyyənlik artıq ciddi etimad probleminə çevrilib. Böyük Britaniya, Fransa, Almaniya və ABŞ sentyabrın BAEA-ya bildiriblər ki, İranın iyundan etibarən elan edilmiş nüvə obyektlərinə agentlik müfəttişlərinin girişinə imkan verməməsi nəticəsində agentlik İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının vəziyyətini yoxlaya bilmir. Məhz buna görə NPT-dən çıxış real qərara çevrilərsə, bunun siyasi nəticəsi sadəcə müqavilədən çıxmaq olmayacaq. Belə addım İranın nüvə proqramı üzərində beynəlxalq nəzarət mexanizmlərini daha da zəiflədə və Qərbdə Tehranla bağlı təhlükəsizlik narahatlıqlarını artıra bilər. Nəticədə yeni sanksiyalar və daha sərt hərbi və diplomatik təzyiq ehtimalı yüksələ bilər. Burada əsas paradoks ondan ibarətdir ki, Tehran danışıqlardan real iqtisadi və təhlükəsizlik dividendləri əldə etmək istəyirsə, NPT-dən çıxış təhdidindən istifadə edə bilər.
Lakin təhdidi real addıma çevirərsə, bunun özü həmin danışıqları daha da çətinləşdirə və İran üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə hazırkı mərhələdə bunu İranın nüvə siyasətində qəti dönüşdən çox, təzyiqə təzyiqlə cavab strategiyası kimi qiymətlərndirmək daha düzgün olar. Tehran Vaşinqtona demək istəyir ki, sanksiyalar, hərbi təzyiq və diplomatik məhdudiyyətlər davam edərsə, İranın mövqeyi də sərtləşəcək. Eyni zamanda danışıqlar qapısının açıq saxlanılması göstərir ki, Tehran hələlik bu təhdidi diplomatik sövdələşmədə rıçaq kimi istifadə etmək imkanını qoruyur”.
Cavanşir Abbaslı
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ