İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmışlar Kadir İnanırla belə vidalaşır

 

Ötən gün Türkiyənin məşhur aktyoru, “Yeşilçam”ın əfsanəvi sənətkarı 77 yaşında vəfat edib. Məlumata görə, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Əfsanəvi sənətkarın vəfatı onu sevənləri dərin kədərə qərq edib. Türkiyə sənət dünyasının ən tanınmış simaları Kadir İnanırın ölümü ilə bağlı duyğusal mesajlar paylaşaraq onunla bağlı xatirələrini bölüşüblər.
Kadir İnanırla birlikdə “Al yazmalım”, “Dönüş” və digər məşhur filmlərdə tərəf müqabili olmuş Türkan Şoray bunları deyib:

“Əziz Kadir... Günlərdir ümidlə səndən sağalma xəbəri gözləyirdik. Təəssüf ki, acı xəbər gəldi. Buna inanmaq istəmədim... Sən bir baxışına min məna sığdıran, ən gözəl təbəssümə sahib insan idin...Film çəkilişlərində nə qədər gözəl anlar paylaşdıq, nə qədər xatirələr topladıq...
Sənin kino dünyasındakı işığın heç vaxt sönməyəcək. Türk kinosu yaşadıqca sən də yaşayacaqsan. Həm də Al yazmalının ürəyində əbədi olaraq qalacaqsan”.


Picture backgroundAktrisa Hülya Koçyğit isə bunları qeyd edib:
“Bəzi insanlar sadəcə filmlərdə rol almırlar. Onlar bir dövrün, bir ölkənin yaddaşında və milyonlarla insanın qəlbində silinməz iz qoyurlar.
Əziz Kadir, illərlə eyni ekranı, eyni həyəcanı və sənətə olan eyni sevgini paylaşdıq. Sənin möhkəm mövqeyin, sənətinə sədaqətin və yaratdığın unudulmaz obrazlar Türk kinosunun ən qiymətli irslərindən biri kimi yaşamaqda davam edəcək. Sən həyatın boyu yalnız böyük sənətkar olmadın, həm də vicdanının səsinə qulaq asan cəsur insan oldun. Terrorsuz, sakit və barış içində bir Türkiyə arzunu dilə gətirdiyin, insanların əzablarının sona çatmasını istədiyin üçün bəzən ağır ittihamlarla qarşılaşdın, haqsız tənqidlərin hədəfinə çevrildin. O sözlərin səni nə qədər incitdiyini səni yaxından tanıyanlar yaxşı bilirlər.
Halbuki sən fikirlərini heç bir şəxsi maraq güdmədən, ölkənin gələcəyinə dair səmimi ümidlə ifadə edirdin.
Bu gün səni son mənzilə yola salarkən düşünürəm ki, kaş insanlar bir-birini mühakimə etmədən dinləməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı daha çox bacarsaydılar. Bəlkə də sənin geridə qoyduğun ən böyük miraslardan biri sənətinlə yanaşı vicdanınla yaşamağı seçməyin oldu.
Arxanda təkcə filmlər deyil, dostluqlar, xatirələr və heç vaxt silinməyəcək izlər qoydun. Səni tanımış və eyni yolu paylaşmış olmaq mənim üçün hər zaman böyük qürur olub.
Qəlbimdə daim sevgi və ehtiramla yaşayacaqsan. Məkanın cənnət, ruhun nur içində olsun”.

Picture backgroundAktrisa Nebahet Çehre isə bunları yazıb:
“Bəzi vidalar yalnız bir insanı deyil, bütöv bir dövrü də özü ilə aparır... Birlikdə keçirdiyimiz illər, eyni kadrlara sığan xatirələr və sənin qoyduğun izlər heç vaxt silinməyəcək.
Səni hər zaman sevgi və həsrətlə xatırlayacağıq. Nur içində uyu”.

Aktyor Ali Sunal paylaşımında yazıb:
“Əlvida, gözəl insan... Sənə olan heyranlığım heç vaxt bitməyəcək. Atama da mənim üçün sarıl...”

Aktyor Cem Yılmaz:
“Dəyərli böyüyümüz, kinomuzun nəhəngi Kadir İnanır ağabəyimizin məkanı cənnət olsun. Başda ailəsi olmaqla bütün sevənlərinə başsağlığı verirəm. O, insanların qəlbində yaşayacaq və heç vaxt unudulmayacaq”.

Müğənni Rafet El Roman kədərinin belə bölüşüb:
“Bu gün kinomuzun ən səmimi, ən prinsipial qəhrəmanlarından biri ilə vidalaşdıq. Onun rolları ilə böyüdük, həyat mövqeyindən çox şey öyrəndik. Geridə qoyduğu böyük boşluğu doldurmaq mümkün olmayacaq. Ruhun şad olsun, Kadir İnanır”.

Picture backgroundMüğənni Mahsun Kırmızıgül isə duyğularını belə ifadə edib: “Bu gün sanki qəlbimin ən dəyərli guşələrindən birini itirmişəm...
Kadir İnanır mənim üçün sadəcə Türk kinosunun əfsanəvi aktyoru deyildi. O, ürəyi sevgi ilə döyünən, qardaşlığı həyat prinsipi seçmiş, bu torpaqların vicdanına çevrilmiş böyük insan idi.
İllər əvvəl məni film çəkiliş meydançasına çağırmışdı. Əlində bir türkü vardı... "Yan yaralı yüreğim yan..."
Mənə dedi: "Mahsun, bu mahnını sənin üçün tapmışam. Fatsalı dostlarım bəstələyiblər. Bunu sən oxu".
Mən də böyük qürur hissi ilə həmin mahnını ifa etdim. O əsər illərlə insanların yaddaşında yaşadı. O, mənə sadəcə bir mahnı deyil, sevgisini, etimadını və dostluğunu da əmanət etmişdi.
İllər sonra film çəkməyə başlayanda, "Günəşi gördüm" filmindən sonra Yılmaz Ulusoyun ofisində yenidən qarşılaşdıq...”

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2026

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR