İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh körpüsü” prosesinin davam etdirilməsi üçün Ermənistan bunları etməlidir

“Hazırkı mərhələdə Azərbaycan tərəfinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda keçirilməsi planlaşdırılan ekspert görüşünün təxirə salınması ilə bağlı qərarı başadüşüləndir”.

Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. 

Deputat qeyd edib ki, sülh yalnız görüşlərin keçirilməsi ilə deyil, qarşılıqlı hörmət, etimad və bir-birinin suverenliyinə yanaşmanın adekvat olması ilə formalaşır. Azərbaycan tərəfinin hazırkı şəraitdə belə bir görüşü məqsədəuyğun hesab etməməsi dialoqdan imtina anlamına gəlmir. Əksinə, bu, dialoqun hansı atmosferdə və hansı şərtlər çərçivəsində aparılmasının vacibliyini göstərir:

arzuxan-elizade-qafqaz-albaniyasinin-tarixi-irsi-beynelxalq-platformalara-cixari-2.jpg (67 KB)

“Son günlər Ermənistan cəmiyyətində Azərbaycana qarşı aqressiv ritorikanın artması, xüsusilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qəbuledilməz yanaşmaların gündəmə gətirilməsi təbii olaraq narahatlıq doğurur. Sülh prosesinin davam etdirilməsi üçün Ermənistan cəmiyyətində də revanşist düşüncələrə, Azərbaycan əleyhinə kampaniyalara və keçmiş münaqişə ritorikasına yer verilməməlidir. Çünki bir tərəf əl uzadarkən digər tərəfdə həmin addım zəiflik və ya Azərbaycanın Ermənistana ehtiyacı kimi təqdim olunursa, bu, sağlam dialoq mühitinə xidmət etmir”.

Deputat vurğulayıb ki, Azərbaycan sülh və regional əməkdaşlıq məsələsində öz mövqeyini dəfələrlə nümayiş etdirib. Lakin sülhə gedən yol birtərəfli güzəştlər yolu deyil, qarşılıqlı məsuliyyət və qarşılıqlı hörmət yolu olmalıdır: “Məncə, İrəvan da anlamalıdır ki, Azərbaycanla münasibətlərin normallaşması üçün ilk növbədə cəmiyyət və siyasi dairələrdə düşmənçilik ritorikasından uzaqlaşmaq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti praktik davranışlarla göstərmək lazımdır. Belə bir mühit yarandıqda ekspertlərarası təmasların davam etdirilməsi də daha məhsuldar nəticələr verə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR