Onlayn ictimai-siyasi qəzet
Qara dənizdə Türkiyənin Kastamonu vilayəti sahillərində Palau bayrağı altında üzən “Svetoslava” yük gəmisinə su dolmağa başlayıb və batma təhlükəsi ilə üzləşib.
Musavat.com xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Məlumatda bildirilir ki, gəmidən 13 heyət üzvü, o cümlədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib.
Hadisə saat 03:00 radələrində baş verib. Gəminin korpusu və mühərrik bölməsi yerləşən əraziyə su dolmağa başlayıb.
Yardım siqnalı daxil olduqdan sonra hadisə yerinə Türkiyə Sahil Mühafizə Xidmətinin iki gəmisi və bir kateri cəlb olunub.
“TCSG-96” katerindəki xilasedicilər 13 heyət üzvünü - 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşını aşkar ediblər. Heyət gəmini qapalı xilasetmə qayığında tərk edib və sahilə çıxarılıb.
Təxliyə olunanlar İneboludakı Sahil Mühafizə körpüsünə gətirilib, daha sonra tibbi müayinədən keçmək üçün İnebolu Dövlət Xəstəxanasına göndəriliblər.
Türkiyə DİN-in məlumatına görə, xilas edilənlərin hamısının səhhəti yaxşı qiymətləndirilir.
Həmçinin bildirilir ki, su dolduqdan sonra gəmi sürüşməyə başlayıb.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ