İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirin süd acı zəhərə necə çevrilir – Alicıları belə aldadırlar - ARAŞDIRMA

Azərbaycan bazarında qida məhsullarının etiketlənməsi və tərkibinin istehlakçılara düzgün çatdırılması məsələsi hələ də aktuallığını qoruyur. Qida məhsullarının etiketlənməsi sahəsində beynəlxalq praktika və yerli qanunvericiliyin tətbiqi bir neçə əsas prinsipə dayanır. Avropa İttifaqının EU 1169/2011 reqlamentinə əsasən, məhsul etiketində şriftin minimal hündürlüyü (x-height) 1.2 mm-dən kiçik ola bilməz.

Tərkibdəki bütün allergenlər və bitki yağlarının konkret növləri, məsələn, sadəcə "bitki yağı" deyil, "palma yağı" və ya "günəbaxan yağı" açıq şəkildə göstərilməlidir. Süd məhsullarında süd yağı əvəzedicisi istifadə edildikdə, məhsulun adında "süd", "kərə yağı", "xama" kimi sözlərin istifadəsi qadağandır. Bu məhsullar "süd tərkibli məhsul" adı altında satılmalı və piştaxtada xalis süd məhsullarından ayrı bölmədə yerləşdirilməlidir. Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun və AQTA-nın normativ tələbləri məhsul haqqında tam və doğru məlumatın Azərbaycan dilində verilməsini məcburi edir. Lakin praktiki olaraq, idxal olunan və ya yerli istehsal olan bəzi məhsulların üzərindəki Azərbaycan dilində olan stikerlər orijinal etiketin üzərini örtür və ya kiçik, oxunmaz şriftlərlə çap olunur. Bazar nəzarətinin gücləndirilməsi üçün vizual ayrılma, məsələn, fərqli rəngli etiketlər və piştaxta bölgüsü qaydalarının tətbiqi istehlakçıların aldanmasının qarşısını almaq üçün ən effektiv yol hesab olunur. Azərbaycanda xüsusilə gündəlik tələbat mallarından olan qatılaşdırılmış süd ("squşonka"), şor, xama, kərə yağı və digər süd məhsullarının tərkibində süd yağlarının ucuz bitki yağları (məsələn, palma yağı-E.M) və zərdab tozu ilə əvəzlənməsi alıcı hüquqlarının açıq-aşkar pozulması kimi dəyərləndirilir.

EYYYYYU.jpg (85 KB)

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Musavat.com-a müsahibəsində mövcud problemləri, yeni standartların vacibliyini və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu sahədəki rolundan danışıb.

- Qatılaşdırılmış süd adı altında tərkibində palma yağı, digər bitki yağları və ya quru süd zərdabı olan məhsulların satılması istehlakçı hüquqlarının pozulması sayılır?

- Bəli, bu, birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçının ən təməl hüquqlarından biri mal haqqında düzgün, səhih və geniş bilgi almaqdır. Qanunvericiliyə görə, satıcı və istehsalçı bu məlumatı gizlətmədən təqdim etməyə borcludur. Əgər məhsulun adı "Qatılaşdırılmış süd" yazılırsa, onun tərkibi xalis süd yağından ibarət olmalıdır. Bitki yağı qatılmış məhsul artıq süd deyil, "süd yağı əvəzedicili məhsul" adlandırılmalıdır.

- Bazarda xalis qatılaşdırılmış süd ilə bitki tərkibli analoqlarının eyni dizayn və qablaşdırmada təqdim edilməsi alıcıları nə dərəcədə çaşdırır?

- Tamamilə çaşdırır və bu, düşünülmüş bir marketinq hiyləsidir. İstehlakçı illərlə öyrəşdiyi banka dizaynını görəndə tərkibini oxumadan alır. Qanunvericilikdə isə tələb olunur ki, məhsulun vizual tərtibatı alıcını aldatmamalı, məhsulun növü aydın seçilməlidir. Ötən gün Standartlaşdırma İnstitutunda ərzaq mallarının etiketləndirilməsi üzrə yeni standartın qəbulu müzakirə olundu və AİB olaraq biz də müvafiq təkliflərimizi verdik. Qablaşdırma elə olmalıdır ki, alıcı uzaqdan xalis süd ilə əvəzedici məhsulu fərqləndirə bilsin.

- Məhsulların üzərindəki tərkib yazılarının çox kiçik şriftlərlə və oxunması çətin olan rənglərlə yazılmasına qarşı hansı monitorinqlər aparılır?

- İstehsalçı və satıcılar tez-tez məhsul tərkibini gizlətməyə çalışırlar. Məsələn, "bitki yağı" adı altında palma və ya günəbaxan yağlarının qatışdırılması, eləcə də qatılaşdırılmış südün tərkibinin kiçik şriftlərlə yazılması istehlakçıların aldadılmasıdır. AİB olaraq biz davamlı monitorinqlər aparır və bu faktları ictimailəşdiririk. Etiket tələblərinə görə şriftin ölçüsü, yazıldığı dil (mütləq azərbaycan dili) və məhsulun tam tərkibi tam aydın oxunmalı, heç bir komponent gizlədilməməlidir.

- Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- AQTA bəzi yağ və su brendlərini ifşa etsə də, yoxlamalar və nəzarət kifayət qədər intensiv deyil. Süd yağının bitki yağları və müxtəlif qatqı maddələri ilə əvəzləndiyi məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu laborator analizlərlə daha tez-tez yoxlanmalıdır. Yeni standartlar qüvvəyə mindikdən sonra nəzarət mexanizmi daha da sərtləşdirilməlidir.

- İstehlakçılar marketdə aldanmamaq üçün ilk növbədə nəyə diqqət etməlidirlər?

- İlk növbədə məhsulun adına fikir versinlər. "Qatılaşdırılmış süd" (Сгущенное молоко) yazısı ilə "Tərkibində süd yağı əvəzedicisi olan xüsusi məhsul" (Сгущенка) yazısı fərqlidir. İkincisi, tərkib hissəsini oxusunlar — əgər orada "palma yağı", "bitki yağı", "zərdab tozu" yazılıbsa, bu artıq klassik qatılaşdırılmış süd deyil. Şübhəli və etiketində saxtakarlıq hiss edilən məhsulla qarşılaşdıqda isə dərhal AQTA-nın 1003 qaynar xəttinə müraciət etmək tövsiyə olunur.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR