İnsanlara hürriyət, millətlərə istiqlal!

Silah nəhəngləri Bakıda – Polkovnik detalları açıqladı  

Bu gün Bakıda “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi öz işinə başlayıb.

ADEX 2026 стартовала в Баку с рекордным участием оборонных компаний

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə açılış mərasimi keçirilən sərgi üç gün davam edəcək. Türkiyənin “Roketsan” şirkəti “ADEX” sərgisinin baş sponsoru, Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Northrop Grumman” şirkəti isə ölkə tərəfdaşı sponsorudur. Sərginin sponsorları qismində, həmçinin “Absheron Hotel Group”, “Accurate Az MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyəti barədə Musavat.com-a danışan polkovnik Rövşən Məhərrəmov bildirib ki, ümumiyyətlə, ADEX Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından biridir: “Budəfəki sərgini əvvəlkilərindən bir neçə diqqət çəkən nüansa fərqləndirir. “ADEX-2026”-da iştirakçı ölkələrin və şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. 2014-cü ildə keçirilmiş ilk ADEX sərgisində 34 ölkə iştirak etdiyi halda, 2026-cı ildə bu ölkələrin sayı 53-ə çatıb. Sərgidə 53 ölkədən 280 şirkət və 59 xarici rəsmi nümayəndə heyəti iştirak edir. Bu il ABŞ-nin ADEX-də iştirakı xüsusi diqqət çəkir. ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” kimi şirkətləri, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Almaniya ilk dəfə ADEX-də iştirak edirlər. Azərbaycanla yanaşı, ABŞ, Belarus, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çexiya, Çin, İsrail, İtaliya, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya və Türkiyə olmaqla 14 ölkə sərgidə milli pavilyonla təmsil olunur”.

Onun fikrincə, “ADEX-2026”nın əsas yeniliklərindən biri də sərginin miqyasının genişlənməsidir: “Belə ki, bu il ilk dəfə olaraq “Bakı Ekspo Mərkəzinin” 5-ci pavilyonu ADEX sərgisi üçün istifadə olunur. Bu addım sərgiyə beynəlxalq marağın artmasının və ADEX-in müdafiə sənayesi sahəsində beynəlxalq platforma kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Ekspertin sözlərinə görə, ölkəmizdə keçirilən 6-cı “ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı Azərbaycanın, eləcə də digər iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradır: “Sərgi qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platformadır. Sərgi mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına da töhfə verir. Azərbaycanın hərbi sənaye müəssisələrində dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul-silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi yerinə yetirilir. Sərgidə Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlərinin məhsul və imkanları təqdim olunur”.

Polkovnik əlavə edib ki, “ADEX” sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır: “Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır. Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR