İnsanlara hürriyət, millətlərə istiqlal!

Satılan vicdanın sonu: Xəyanətin qiyməti niyə bu qədər ağırdır?

"Ən təhlükəli düşmən həmişə sərhədin o tayında olmur".

Kəşfiyyat tarixini araşdıran mütəxəssislərin tez-tez işlətdiyi bu ifadə təsadüfi deyil. Müharibələrin taleyini dəyişən, dövlətlərin məxfi planlarını alt-üst edən, minlərlə insanın ölümünə səbəb olan hadisələrin arxasında bəzən bir nəfərin satqınlığı dayanıb. Tarix göstərir ki, casusluq qədər təhlükəli olan yalnız bir anlayış var – vətənə xəyanət. Vətənə xəyanət deyildikdə çoxlarının ağlına ilk olaraq casuslar gəlir. Halbuki bu anlayış daha geniş məna daşıyır.

Müharibə zamanı düşmən tərəfə keçmək, işğalçı qüvvələrlə əməkdaşlıq etmək, dövlət sirrini xarici ölkəyə ötürmək, xarici xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərmək, strateji obyektlər barədə məlumat vermək və ya milli maraqları şəxsi mənfəətə dəyişmək müxtəlif ölkələrin qanunvericiliyində dövlətə xəyanətin formaları kimi qiymətləndirilir.

Tarixçilər hesab edirlər ki, böyük imperiyaların süqutunda xarici hücumdan daha çox daxili parçalanma və satqınlıq rol oynayıb. Xarici düşmən çox vaxt yalnız daxildə ona yardım edən qüvvə tapdıqda məqsədinə çata bilib.

Tarixdə elə hadisələr var ki, onların nəticəsi təkcə bir ölkənin deyil, bütöv regionların taleyini dəyişib. Eramızdan əvvəl 44-cü ildə Roma Respublikasının ən qüdrətli siyasi və hərbi xadimlərindən biri olan Yuli Sezar Senatda sui-qəsd nəticəsində öldürüldü. Onun yaxın silahdaşlarından Mark Yuni Brut da sui-qəsddə iştirak edənlər arasında idi. Bu hadisə hüquqi baxımdan dövlətə xəyanət nümunəsi olmasa da, tarixdə etimada və dövlət rəhbərinə xəyanətin ən məşhur simvollarından biri kimi qəbul edilir.

İkinci Dünya müharibəsi zamanı Norveçdə nasist Almaniyası ilə əməkdaşlıq edən Vidkun Kvislinq isə dövlətə xəyanətin simvoluna çevrildi. Alman qoşunlarının ölkəni işğal etməsinə siyasi dəstək verən Kvislinq işğal hökumətinə rəhbərlik etdi. Müharibədən sonra o, dövlətə xəyanətdə təqsirli bilinərək 1945-ci ildə edam edildi. Bu gün də bir çox dillərdə "kvislinq" sözü satqın mənasında işlədilir.

Yuli.jpg (123 KB)

Fransada nasistlərlə əməkdaşlıq edən Vişi hökumətinin rəhbəri Marşal Filip Peten də müharibədən sonra dövlətə xəyanət ittihamı ilə mühakimə olundu. Ona əvvəlcə ölüm hökmü çıxarılsa da, sonradan cəza ömürlük həbslə əvəz edildi.

Hüquq sistemlərinin əksəriyyətində vətənə xəyanət ən ağır cinayətlərdən biri hesab edilir. Çünki söhbət təkcə qanun pozuntusundan deyil, dövlət təhlükəsizliyinin sarsılmasından gedir. Bir casusun ötürdüyü məlumat bəzən milyonlarla dollar dəyərində hərbi texnologiyanın, onlarla agent şəbəkəsinin və illərlə qurulan əməliyyatların məhv olması deməkdir.

XX əsrdə ABŞ ilə SSRİ arasında gedən Soyuq müharibə casusluq tarixinin ən gərgin dövrü hesab olunur. Bu illərdə dövlət sirrləri uğrunda görünməyən mübarizə gedirdi. Minlərlə agent fəaliyyət göstərir, yüzlərlə məxfi əməliyyat həyata keçirilirdi.

casus.jpg (83 KB)

ABŞ ilə SSRİ arasında gedən gizli mübarizə tarixə ən məşhur xəyanət hadisələrini yazdı. XX əsrin ən məşhur casuslarından biri Harold Adrian Rassel Filbi daha çox Kim Filbi adı ilə tanınır. O, Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-da yüksək vəzifəyə qədər yüksəlmişdi. Əslində isə uzun illər SSRİ-nin DTK-sı üçün işləyirdi. Filbinin ötürdüyü məlumatlar nəticəsində Qərbin Sovet İttifaqında həyata keçirdiyi çoxsaylı gizli əməliyyatlar iflasa uğradı, bir sıra agentlər ifşa edilərək edam edildi. 1963-cü ildə onun Sovet İttifaqına qaçması dünya kəşfiyyat tarixinin ən böyük biabırçılıqlarından biri hesab olunur. Qərb xüsusi xidmət orqanları uzun illər onun vurduğu zərərin miqyasını hesablaya bilməmişdi.

Oldriç.jpg (7 KB)

ABŞ tarixinin ən ağır casusluq cinayətlərindən biri isə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Oldriç Eyms tərəfindən törədilib. 1985-ci ildə o, könüllü şəkildə SSRİ-nin KQB-si ilə əməkdaşlığa başlayıb. İlk ödəniş cəmi 50 min dollar olsa da, sonrakı illərdə milyonlarla dollar alıb. Əvəzində isə Mərkəzi kəşfiyyat İdarəsi və ABŞ Federal Təhqiqatlar Bürosu üçün çalışan gizli agentlərin adlarını, əməliyyat planlarını və məxfi sənədləri Moskvaya ötürüb.ABŞ Federal Təhqiqat Bürosunun məlumatına görə, Eymsin fəaliyyəti nəticəsində 100-dən çox kəşfiyyat əməliyyatı ifşa olunub, ən azı 10 ABŞ agenti edam edilib. O, 1994-cü ildə həbs olunaraq ömürlük azadlıqdan məhrum edildi.

Роберт-Хансен.jpg (150 KB)

Əgər Eyms Mərkəzi kəşfiyyat idarəsinin ən böyük satqını hesab edilirsə, Robert Hansen ABŞ Federal Təhqiqatlar Bürosu tarixində eyni "titulu" daşıyır. O, təxminən 20 ildən artıq müddətdə Sovet İttifaqı, daha sonra isə Rusiya kəşfiyyatı üçün işləyib. Hansen ABŞ-ın nüvə strategiyası, əks-kəşfiyyat metodları və məxfi əməliyyatları barədə minlərlə sənədi qarşı tərəfə ötürmüşdü.Maraqlıdır ki, o, uzun illər öz həmkarlarını belə aldada bilmişdi. 2001-ci ildə ifşa olunan Hansen ömürlük həbs cəzası aldı. ABŞ rəsmiləri onun fəaliyyətini ölkə tarixinin ən ağır təhlükəsizlik fəlakətlərindən biri adlandırıblar.

oleg-penkovskij-3.jpg (24 KB)

Sovet hərbi kəşfiyyatının polkovniki Oleq Penkovski ABŞ və Böyük Britaniyaya SSRİ-nin hərbi potensialı barədə məxfi məlumatlar ötürürdü. Bir sıra tarixçilərin fikrincə, onun verdiyi məlumatlar 1962-ci il Karib böhranı zamanı nüvə müharibəsinin qarşısının alınmasında mühüm rol oynayıb. Lakin SSRİ üçün o, dövlətə xəyanət etmiş şəxs idi və 1963-cü ildə edam edildi.

Culios.jpg (39 KB)

Soyuq müharibənin ən məşhur məhkəmə proseslərindən biri Culius və Etel Rozenberq ailəsinin işi idi. Onlar Sovet İttifaqına ABŞ-ın nüvə proqramı ilə bağlı məlumatlar ötürməkdə təqsirli bilinərək 1953-cü ildə elektrik stulunda edam olundular. Bu hadisə casusluq cinayətlərinə görə verilən ən sərt hökmlərdən biri kimi tarixə düşüb. ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin aparıcı analitiklərindən olan Ana Montes uzun illər Kubaya məlumat ötürməkdə ittiham edildi və 25 il həbs cəzası aldı.

Snouden.jpg (66 KB)

NSA-nın keçmiş əməkdaşı Eduard Snouden isə 2013-cü ildə ABŞ-ın məxfi izləmə proqramlarını ifşa etdi. Bir qrup onu vətəndaş hüquqlarının müdafiəçisi hesab etsə də, ABŞ hökuməti ona qarşı casusluq aktı üzrə ittiham irəli sürüb. Hazırda o, Rusiyada yaşayır.

Tarix göstərir ki, vətənə xəyanətin motivləri müxtəlif olub. Bəziləri milyonlarla dollar qazanmaq istəyib. Bəziləri ideoloji baxışlarına görə qarşı tərəfə işləyib. Digərləri isə şəxsi narazılıq, vəzifə ambisiyası, şantaj və ya intiqam hissi ilə bu yolu seçib.

Oldriç Eyms milyonlarla dollar əldə etmək üçün xəyanət etmişdi. Kim Filbi isə kommunist ideologiyasına sadiq olduğuna inanırdı. Robert Hansenin motivləri arasında həm pul, həm də şəxsi ambisiyalar göstərilir. Eduard Snouden isə öz addımını ictimai maraqların müdafiəsi kimi izah edib. Motivlər fərqli olsa da, onların taleləri oxşar olub.

Tarixə nəzər saldıqda maraqlı bir qanunauyğunluq görünür. Dövlətə xəyanətin formaları dəyişsə də, sonluq əksər hallarda eyni olur.

Kimisi edam edilir, kimisi ömürlük həbs cəzası alır, kimisi sürgündə yaşayır, kimisi isə öz xalqının yaddaşında satqın kimi qalır. Kim Filbi ömrünü Moskvada başa vurdu. Oleq Penkovski edam edildi. Culius və Etel Rozenberq elektrik stulunda həyatlarını itirdilər. Robert Hansen və Oldriç Eyms azadlıqlarını itirdilər. Vidkun Kvislinq edam edildi. Filip Peten ömrünün sonunadək həbsdə qaldı. Eduard Snouden isə uzun illərdir vətənindən uzaqda yaşayır.

Dövlətlərə vurulan ən təhlükəli zərbə bəzən xarici düşməndən deyil, daxildə milli maraqları şəxsi mənafeyə qurban verən insanlardan gəlir. Bu səbəbdən dünyanın əksər ölkələrində vətənə xəyanət ən ağır cinayətlərdən biri hesab olunur.

Tarixin verdiyi ən mühüm dərs də budur: xəyanət qısamüddətli qazanc gətirə bilər, lakin onun nəticələri çox vaxt bir insanın deyil, bütöv cəmiyyətin taleyinə təsir edir. Həm də tarix göstərir ki, vətəninə xəyanət edənlərin əksəriyyəti nə xidmət etdikləri dövlətə tam etibar qazana bilir, nə də öz ölkələrinin yaddaşından satqın damğasını silə bilir.

Nuray Əlizadə
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR