Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 30 sentyabrda keçirilən plenar iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, spiker deyib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib:
“Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub”.
Sahibə Qafarova əlavə edib ki, ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə ikitərəfli görüşlər keçirib:
“Slovakiya Respublikasının prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin prezidenti, TürkPA-nın baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.
Qeyd edim ki, Pan-Afrika Parlamentinin prezidenti cənab Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu da imzalandı. Bu, şəbəkənin yarandığı 5 il ərzində artıq onun imzaladığı 10-cu əməkdaşlıq sənədidir.
Onu da deyim ki, bu dövrdə 2 ölkənin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə Milli Məclisdə mənim görüşlərim olub”.
E.Paşasoy,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ