İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Zəngəzur dəhlizinə qarşı GİZLİ "silahı" – Ekspert deyir ki...

Artıq məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının idarə olunması şərtlərinin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırması Moskvada xoş qarşılanmayıb. Paşinyan məsələ "dostluq atmosferində" həll olunmazsa, Ermənistanın arbitraja müraciət edəcəyi ilə hədələyib. “Rusiya Dəmir Yolları” və İqtisadi İnkişaf Nazirliyi isə xəbərdarlıq edib ki, bu halda onlar Ermənistanın dəmir yolu infrastrukturuna qoyduqları investisiyalara görə kompensasiya tələb edəcəklər.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov deyib ki, “Rusiya Dəmir Yolları” Ermənistanla güzəşt müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir: “Konsessiya müqaviləsi sayəsində Ermənistan müasir dəmir yolu infrastrukturunu bərpa və texniki xidmət, maliyyə yükü olmadan əldə edib. “Cənubi Qafqaz Dəmir Yolu” heç vaxt “Rusiya Dəmir Yolları”na dividend ödəməyib və əldə edilən bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib. 2008-ci ildən 2025-ci ilə qədər “Rusiya Dəmir Yolları” və “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən qoyulan ümumi investisiya həcmi təxminən 396,3 milyon dollar təşkil edib. Müqavilə ləğv olunarsa, onda bizim də investisiyalardan gəlir gözləmək hüququmuz var”.

Keçmiş müttəfiqlər arasında bu qovğa necə həllini tapacaq?

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək” |  KONKRET

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-a bildirib ki, indi Ermənistan rəhbərliyinin bu problemi çözməkdən başqa seçimi yoxdur: “Əgər Ermənistan Zəngəzur dəhlizində tikinti işlərinin başlamasına qədər öz dəmir yollarına nəzarəti ələ almasa, Rusiya dəhlizdən keçən TRIPP yolunun inşası prosesində ciddi problemlər yaradacaq: “Paşinyan hakimiyyəti bunun belə olacağından tam əmindir və o səbəbdən də öz dəmir yollarının idarəçiliyinə nəzarəti bərpa etmək zorundadır. Ermənistana bu məsələdə dönüş etmək o qədər də asan olmayacaq. Rusiya hər vəchlə Ermənistan dəmir yollarının idarə olunmasındakı mövqeyini əldən verməməyə çalışacaq. Lakin hesab edirəm ki, Rusiyanın bu dirənişinə baxmayaraq, sonda İrəvan öz dəmir yollarına nəzarəti bərpa edə biləcək. Bu problemin çözülməsində ona başda ABŞ olmaqla Qərb beynəlxalq hüquqi müstəvidə dəstək verəcək”.

F.Yusifov hesab edir ki, Ermənistanla Rusiya arasında dəmir yollarının idarə olunmasına dair bağlanmış müqavilə ətrafında yaranacaq hər hansı bir mübahisənin həll olunacağı yer Beynəlxalq məhkəmələr olacaq: “Bu müstəvidə isə Qərbin hüquq institutlarının Rusiyaya deyil, Ermənistana dəstək verəcəyi şübhəsizdir. Moskva ilə İrəvan arasında yaranmış bu mübahisənin həlli müəyyən zaman apara bilər. Ancaq düşünürəm ki, məsələnin yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıdığını nəzərə alan Qərbin hüquq məkanı məsələnin sürətli həllinə də yol açacaq”.

Ekspertə görə, bu problemin çözülməsi üçün Rusiyanın Ermənistandan tələb edəcəyi təzminatın heç bir əsası yoxdur: “Rusiya uzun illərdir Ermənistanı həm iqtisadi və həm də siyasi istismara məruz qoyub. Ona görə də onun dəmir yollarının idarəçiliyi prosesində “çəkilmiş xərcləri” Ermənistandan bu şəkildə tələb etməsi əsassızdır. Təbii ki, Azərbaycan və Türkiyə rəhbərliyi də yaxşı bilirlər ki, əgər Ermənistan dəmir yollarının idarəçiliyi rusların əlində qalarsa, bu dəhlizin açılması qarşısında bir əngəl demək olacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR