Onlayn ictimai-siyasi qəzet
İsveçrədə sanksiyalar çərçivəsində dondurulan Rusiya aktivlərinin həcmi 2026-cı ilin iyununa 8,5 milyard İsveçrə frankına – təxminən 10,4 milyard dollara çatıb. Bir il əvvəl bu göstərici 7,4 milyard frank təşkil edirdi.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəsmi nümayəndəsi Fabian Mayenfiş məlumat verib.
Onun sözlərinə görə, maliyyə vəsaitləri ilə yanaşı, sanksiyalara məruz qalan Rusiya vətəndaşları və təşkilatlarına məxsus 14 daşınmaz əmlak obyekti, idman və lüks avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətləri də məhdudiyyət altında qalır.
Bundan əlavə, İsveçrədə Rusiya Mərkəzi Bankının 6,8 milyard franklıq – təxminən 8,3 milyard dollarlıq ehtiyat və aktivləri ayrıca immobilizasiya edilib. Ötən il bu məbləğ 7,2 milyard frank idi.
Mayenfiş İsveçrənin dondurulmuş Rusiya aktivlərinin “Euroclear”dan Aİ daxilində yaradılacaq yeni depozitariyə köçürülməsi və sonradan Ukraynanın maraqları üçün istifadə edilməsi təşəbbüsünün müzakirələrində iştirak edib-etməyəcəyi barədə suala cavab verməyib.
SECO rəsmisi rəsmi Bernin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin gələcəyi ilə bağlı beynəlxalq müzakirələri diqqətlə izlədiyini də qeyd edib.
Onun sözlərinə görə, İsveçrə üçün qəbul ediləcək istənilən beynəlxalq yanaşmanın hüququn aliliyi və beynəlxalq hüquq prinsiplərinə uyğun olması, eyni zamanda maliyyə sabitliyini təhlükəyə atmaması mühüm əhəmiyyət daşıyır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ