Onlayn ictimai-siyasi qəzet
“Rusiya Federasiyasının Miqrasiya Şöbəsinin adını bilmədiyim rəisi 200 min miqranta qadağa, yəni “stop” qoyub. Həmin 200 min nəfərin içində mənim də adım düşüb. Təbii ki, sənədlərimin qaydasında olması mənə ən azından bir balaca ümid verir ki, bəlkə də bu, mənə uğur gətirəcək. Bununla bağlı artıq vəkilimlə birlikdə məhkəməyə müraciət etmişəm”.
Musavat.com bildirir ki, bunu sənətçi Sərxan Kərəmoğlu deyib.
Sənətçi Rusiyaya girişinə qoyulan qadağanın ona ciddi maddi zərər vurduğunu bildirib. O, qadağaya görə bir sıra toy məclislərində iştirak edə bilmədiyini və əvvəlcədən aldığı təyyarə biletlərinə xərclədiyi vəsaitin də batdığını söyləyib: “Artıq 10 gündür bu vəziyyətdəyəm. “Sərxanın Rusiyaya girişinə qadağa qoyuldu” deyəndə əl qaldırıb “Allaha şükür!” deyənlər oldu. Nəyə şükür etdiniz? Sərxanın çörəksiz, işsiz qalmağına şükür etdiniz? Bir ailənin Rusiyadan dolanıb öz evinə, ailəsinə beş manat çörək pulu, qazanc gətirə bilməməsinəmi şükür etdiniz? Bu şükürün adı nədir? Qısa zamanda bu qadağanın aradan qalxıb-qalxmayacağı da bilinmir. Sadəcə olaraq onu demək istəyirəm ki, mənim bir çox toyum əlimdən getdi. Bu da bizim işimizdir, bu da bizim çörəyimizdir.
Mənim nə qədər pulum, yəni nağd pulum batdı. Bütün təyyarə biletləri, hamısı batdı. Heç bir şəkildə geri qaytarılmır. Heç kimə də sübut edə bilmirsən. Mənə anlayış göstərən toy sahiblərinin hər birinə “Allah sizdən razı olsun” deyirəm. Və mütləq, mütləq bu işlər düzənə girdikdən sonra sizin ailənizin məclislərində iştirak edəcəyəm”.
Xalidə,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ