Onlayn ictimai-siyasi qəzet
Rusiyanın balıqçılıq sənayesində böyük təsir və milyardlarla rublluq kvotalar uğrunda Kremlə yaxın nüfuzlu ailələrin nümayəndələri arasında ciddi qarşıdurmanın başladığı iddia olunur.
Musavat.com xəbər verir ki, mənbəyə görə, qarşıdurmanın bir tərəfində “Rosrıbolovstvo” rəhbəri İlya Şestakov dayanır.
O, Putinin dostu, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakovun oğludur. İlya Şestakovun əsas müttəfiqi isə Rusiya baş nazirinin müavini Dmitri Patruşevdir. Patruşev FSB-nin keçmiş direktoru, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və Putinin köhnə silahdaşlarından Nikolay Patruşevin oğludur.
Qarşı tərəfdə isə “Rusiya Balıqçılıq Şirkəti”nin (RRPK) sahibi Qleb Frank dayanır. Frank Putinin digər köhnə dostu, milyarder Gennadi Timçenkonun kürəkənidir.
Mənbənin iddiasına görə, Timçenkonun biznes imperiyasının idarə olunmasında son illərdə Qleb Frank mühüm rol oynayır. Timçenko onu özünə oğul qədər yaxın və gələcəkdə biznesini davam etdirə biləcək əsas şəxs hesab edir.
Bildirilir ki, Timçenkonun biznesinin bir sıra istiqamətlərində son vaxtlar dövlət vəsaitlərinin axını zəifləyib. Bu isə layihələrin icrasına, kreditlərin və faizlərin ödənilməsinə problemlər yaradıb. Mənbə balıqçılıq sektorunu hazırda ən gəlirli istiqamətlərdən biri kimi təqdim edir və bu sahəyə məhz Qleb Frankın nəzarət etdiyini bildirir.
Frank uzun müddət Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun qardaşı Maksim Vorobyovla biznes tərəfdaşı olub. Onlar birlikdə “Rusiya Balıqçılıq Şirkəti”ni yaradıblar.
Qleb Frank sonradan Rusiyada “krab bölgüsü” adlandırılan balıqçılıq islahatının əsas fiqurlarından birinə çevrilib. Əvvəllər krab və digər su bioresurslarının ovlanması üçün kvotalar “tarixi prinsip” əsasında bölüşdürülürdüsə, RRPK hərrac sisteminə keçidin əsas tərəfdarlarından olub.
Mənbənin iddiasına görə, islahat nəticəsində Frank və Vorobyovun strukturları Uzaq Şərqdə fəaliyyət göstərən köhnə oyunçuların bir hissəsini sıxışdıraraq hərraclarda ən iri kvotaları əldə edə biliblər.
VÇK-OGPU və “Rucriminal.info” daha ciddi iddia da irəli sürür: rəqib şirkətlərin aktivlərinin ələ keçirilməsində Federal Antiinhisar Xidmətinin (FAS) xarici nəzarət müəyyən etməsi, bundan sonra Baş Prokurorluğun həmin aktivlərin dövlət xeyrinə alınmasına nail olması mexanizmindən istifadə edilib. Daha sonra isə kvotalar yenidən hərraca çıxarılıb və ya müvafiq şirkətlərin Franka yaxın strukturların nəzarətinə keçdiyi iddia olunur.
Mənbə bildirir ki, İlya Şestakov-Dmitri Patruşev tandemi balıqçılıq sənayesinin faktiki olaraq bir mərkəzin nəzarətində cəmləşməsindən narazıdır. Tərəflər arasındakı qarşıdurmanın uzun müddət davam etdiyi, lakin əvvəlcə onların nüfuzlu atalarının münasibətləri sayəsində açıq münaqişəyə çevrilməsinin qarşısının alındığı iddia edilir.
İndi isə vəziyyət dəyişib. Mənbənin ifadəsinə görə, “ölkədə pul azalıb və artıq köhnə dostluqların vaxtı deyil”. Balıqçılıq sənayesində gəlirli aktivlər uğrunda mübarizəyə hüquq-mühafizə orqanlarının da cəlb edildiyi bildirilir.
Bunun nümunələrindən biri kimi “krab kralı” kimi tanınan İqor Mixnovun işi göstərilir. Mənbə onun Frank-Timçenko tərəfinin təşəbbüsü ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edir. Lakin Moskva məhkəməsi istintaqın Mixnovun həbs edilməsi barədə vəsatətini təmin etməyib və onun istintaq təcridxanasına göndərilməsindən imtina edib.
Beləliklə, mənbənin versiyasına görə, Rusiyanın gəlirli balıqçılıq sektorunda gedən mübarizənin bir tərəfində Şestakov-Patruşev, digər tərəfində isə Frank-Timçenko qrupu dayanır və qarşıdurma artıq biznes maraqlarının hüdudlarını aşaraq dövlət strukturları və güc qurumlarının da iştirak etdiyi ciddi nüfuz savaşına çevrilib.
Musavat.com
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ